Son zamanlar müxalifət düşərgəsindəki yaranmış gərginlikdən və mövcud ağır durumdan istifadə edən bəzi şəxslər özlərini "qəhrəman" obrazında görmək iddiasına düşüblər. Özünü müxalifət düşərgəsinə mənsub kimi qiymətləndirməməsindən heç bir nəticə çıxara bilməyən "Ümid" partiyasının sədri İqbal Ağazadə növbəti dəfə yanlışlığa yol verib. Bu dəfə o bacarığından daha artıq iddialarla çıxış edərək, konkret bəyanatlarla gündəmə gəlməyə çalışıb. Ümumi müxalifətin birliyinin yaranması kimi cəfəng iddiadan bəhs edən İ.Ağazadə bir sıra qüvvələrə artıq təkliflər də göndərdiyini bildirib.
Onun bu istək və arzularının arxasında nəyin və kimin dayanmasından asılı olmayaraq, mövcud vəziyyətdən hali olan şəxsin belə bir cəfəng iddia ilə çıxış etməsi insanda ikrah doğurur. Çünki o özü də çox gözəl bilir ki, müxalifətin birliyinə onun deməsi ilə heç kəs heç bir vaxt razı olmayacaq. Bunun üçün müxalifətdaxili münasibətlər, hələ ki, o səviyyəyə çatmayıb. Amma nədənsə, ara-sıra bu cür xülya dolu istəkləri də, eşitmək, müşahidə etmək olur. İstənilən halda isə bu halın yaranması nə İqbalın və də ki, ona "belə bir çağırışla çıxış et" deyənin diqtəsi ilə baş tutan deyil. Bəyəm 20 ildir ki, İ.Ağazadənin müşahidələri müxalifət düşərgəsində birliyin baş tutmamasını və bunun üçün normal qayda və prinsiplərin olduğunu aşkara çıxara bilməyib? Görünür ki, yox. Əgər belə olsaydı, o, belə real mənzərədən xəbərdar ola-ola bu cür cəfəng ideyanı ortaya atmazdı. Nə fayda ki, bu, baş verdi və İ.Ağazadə müxalifətdəki 20 illik "dost"luqları üzərində qurmuş olduqları düşmənçilik prinsiplərinə rəğmən belə bir sərsəm ideya ilə çıxış etdi. Nəticədə isə növbəti dəfə özünə olan münasibəti daha qabarıq şəkildə gördü.
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Ağazadənin müxalifətdəki olan həmkarlarına "ümumi birlik ideyasını gerçəkləşdirək" barəsində təklifi bumeranq kimi öz üstünə qayıtmış oldu. Elə ötən günlərin birində "Ümid" partiyasının Şəki rayon təşkilatının qərargahında toplantı keçirmək adı altında həmin bölgədən olan müxalifətçilərin bir yerə toplanması kimi cəfəng bir ideyanın reallaşması məsələsi ortaya atıldı. Doğrudur, qurumun Şəki rayon təşkilatının qərargahına bir neçə müxalifət partiyasının "Vətəndaş İnkişaf Patiyasının", Azərbaycan Demokrat Partiyasının və Azərbaycan Liberal Partiyasının yerli nümayəndələri təşrif buyursalar da, proses sona qədər öz axarı ilə davam etmədi. Çünki "Ümid" partiyasının Şəki rayon şöbəsinin sədri və onun tərəfdarları artıq neçə vaxtmış ki, quruma faktiki olaraq sədrlik edən İ.Ağazadə ilə heç cür əlaqə saxlayıb dərdlərini deyə bilmirmişlər. Onlar məhz qurumun mərkəzi ofisindən belə bir toplantının keçirilməsi ilə bağlı gələn göstərişi də bu baxımdan yaxşı fürsət kimi qiymətləndirblər. Ona görə də, şəkililər məhz bu toplantıda qurumun sədri İ.Ağazadənin ünvanına açıq şəkildə ittihamlar səsləndiriblər. Onların iddiasına görə, İ.Ağazadə ancaq seçkidən-seçkiyə rayon təşkilatının işi ilə maraqlanır və hər kəsin qurumun mərkəzi ofisinə tez-tez gələrək, tapşırıqlar almasının vacibliyini söyləyir. "Ancaq o bilmir ki, rayon təşkilatı necə və hansı şəraitdə fəaliyyət göstərir. Burada kimlər qurumu tərk edərək başqa partiyalara üzv olub? Təşkilatın işçiləri hansı məvaciblərlə dolanır?" deyən "Ümid" partiyasının Şəki rayon təşkilatının təmsilçiləri bu cür siyasətlə məşğul olmağın kimə lazım olduğunu da dilə gətiriblər. Həmin toplantıya qatılmış sadalanan müxalifət partiyalarının yetkililəri də, onlarda da, analoji vəziyyətin hökm sürdüyünü, partiya sədrlərinin ancaq özlərinə lazım olanda maraq göstərdiklərini açıqlayıblar. Beləliklə də, müəyyən bir dövr radikal müxalifət düşərgəsində özünə yeni imic qazanmaq eşqinə düşən İ.Ağazadə əslində daxili kimiliyini də açıq şəkildə isbatlamış olub. Çünki onun kiçik bir partiyaya və onun şöbələrinə adi nəzarət mexanizmlərini həyata keçirə bilməmək qabiliyyəti ortaya müəyyən suallar çıxarır. Maraqlısı isə odur ki, bu adam dəfələrlə ölkədə keçirilən seçkilərdə, o cümlədən, prezident seçkilərində iştirak edib və ölkəyə rəhbərlik etmək iddiasına düşüb. Elə problemdə bundadır ki, kiçik bir quruma rəhbərlik edib onun zəruri işlərini lazımı səviyyədə belə yerinə yetirməyən şəxs necə prezident ola bilərdi ki?
Qeyd edək ki, müxalifət düşərgəsində sanki yoxmuş və belə bir şəxsin mövcudluğu əhəmiyyət kəsb etmirmiş kimi, hətta daha açıq desək, saya salınmayan İ.Ağazədənin birlik adı altında meydana atılmaq istəyi son dərəcədə əhəmiyyətsizdir. Bunu bəlkə də, İqbalın özü də çox gözəl bilir. Sadəcə olaraq, o da arada bir bu cür iddialarla çıxış etməklə və müxalifət düşərgəsində kiminsə ünvanına tənqid səsləndirməklə "mən də varam" prinsipinə riayət etməyə çalışır. Radikal müxalifət düşərgəsində nəyin olub, nəyin olmamasına rəğmən, onu demək olar ki, buradakı birlik və qarşılıqla əməkdaşlıq istiqamətində atılan bütün addımlar nəticədə iflasa məruz qalacaq. Çünki çürümüş psixologiya, yanlış təfəkkür və düşmənçilik prinsipləri müxalifət düşərgəsində daima gərginliyin, münaqişənin olmasını diqtə edir.
Tapdıq