PDF Oxu

Müxalifət

  • 27

Rəsul Quliyev “Yeni Müsavat”ı maliyyələşdirməyə başlayıb

Rəsul Quliyev “Yeni Müsavat”ı maliyyələşdirməyə başlayıb
Uzun müddət müəyyən donor təşkilatların ağuşunda fəaliyyət göstərən "Yeni Müsavat" qəzeti indi özünə başqa himayəçi tapıb. Müsavat başqanı İsa Qəmbərovun təsisçiliyindən çıxdıqdan sonra qəzet bir sıra ünvanlara üz tutsa da, öz tarazlığını itirmişdi. Çünki İ.Qəmbərovun nə qədər də olmasa xarici donorlarla əlaqələri çox yaxşı ikən, onun rəhbərlik etdiyi quruma maliyyə ayırmaqda xəsislik edilmirdi. Elə ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru öz maraq və prinsiplərini daha geniş aspektdə təmin etməyə cəhd göstərdi, İ.Qəmbərov buynuz çıxarmağa başladı. Daha dəqiq desək, baş verən proseslərin gedişində "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlunun niyyət və məqsədini açıq şəkildə dərk edən İ.Qəmbərov ondan qisas almaq qərarına gəldi. Müsavat başqanının bu qisasçılığı isə üzə gülə-gülə maliyyə kanallarını kəsməklə özünü təsdiqlədi. Çünki maliyyə məsələsi müxalifətçilərin ən ağrılı yerləridir. Çünki bu 20 il ərzində bir-birilərinin ünvanına o ki var, "yağlı tostlar" deyiblər ki... Ona görə də, maliyyə kanallarının kəsilməsi müxalifət üçün ölüm anı deməkdir. Məhz bunu yaxşı bilən İ.Qəmbərov Müsavat partiyasının qurultayı ərəfəsi R.Arifoğlunun başqanlıq postuna göz dikməsinə cavab olaraq onun maliyyə mənbəyini kəsməklə cəzalandırmaq istədi. Ancaq deyir "sən saydığını say, gör Rauf Arifoğlu nə sayır". Beləliklə, tərəflər arasında "soyuq müharibə" başladı. Doğrudur, onlar bir sıra məclis və toplantılarda dırnaqarası səmimiyyət nümayiş etdirsələr də, münasibətlərdəki gərginliyi büruzə verməməyə çalışsalar da, istənilən məqamda bir-birlərinə zərbə vurub sıradan çıxarmaq üçün əlverişli məqam axtarırdılar. Ancaq bu dəfə Müsavat partiyasının qurultayına hazırlaq prosesi ərəfəsində bu fürsət R.Arifoğlunun əlinə düşdü. O, İ.Qəmbərovu siyasi mühitə köhnəlmiş, sıradan çıxmış siyasətçi kimi təqdim etməklə, onun faktiki yararsızlığı ilə bağlı "ağızdolusu" danışmaqla yanaşı, "Yeni Müsavat"ın hər sayında İ.Qəmbərov haqqında açıqlamalar verməyə başlayıb. Sözsüz ki, bütün bunları isə R.Arifoğlu özünün istək və arzuları kontekstindən etmirdi. Bu günə qədər öz ağlı və iradəsi ilə heç bir addım atmayan R.Arifoğlunun belə məsələdə kiminlə məsləhətləşdiyi bir neçə gün öncəyə qədər gizli saxlanılırdı. "Yeni Müsavat"ın 4 avqust tarixli sayında okeanın o tayında - hazırda ABŞ-da öz biznes fəaliyyəti ilə məşğul olan və daha çox boğazdan yuxarı romanlar yazmaqla baş girləyən, həm də Azərbaycanda oyuncaq bir quruma, yəni "ACP"-yə "liderlik" edən Rəsul Quliyevin kitabı haqda məqalə verilməsi təsdiq etdi ki, qəzetin kim tərəfindən maliyyələşdiyini göstərdi. R.Quliyevin bir neçə ay öncə R.Arifoğluya göndərdiyi məktubunun bütün gizlin məqamları da elə kitabın "Yeni Müsavat"da nəşr olunması ilə ortaya çıxdı. Müsavat partiyasından verilən məlumata görə, son günlər R.Arifoğlu qəzetin tərtibatını və məqalələrin yerləşdirilməsi prosesini R.Quliyevin məsləhət və tövsiyələrinə əsasən hazırlayır. Müsavat partiyasından onu da bildirdilər ki, R.Arifoğlu bu hərəkəti ilə, əslində, Müsavat başqanına acıq verməyə çalışır. Elə son günlərin prosesləri də onu göstərdi ki, Müsavata qarşı səlib yürüşünə çıxan "Rəsul-Rauf cütlüyü", eyni zamanda, müxalifət düşərgəsindəki məsələlərə də əl uzatmağa çalışırlar. "ACP" "lider"indən öz imtiyazlarını təmin etmək üçün yaxşıca pul qoparan "Yeni Müsavat"ın baş redaktoru bu gün onun bütün istək və arzularını həyata keçirməklə məşğuldur. Təsadüfi deyil ki, indiyə qədər R.Quliyevi görməyə gözü olmayan, indi onun adı gələndə, R.Arifoğlu qeyri-ixtiyari ayağa qalxır. Bu da onu göstərir ki, R.Quliyevin pulları müxalifət düşərgəsində ADP sədri Sərdar Cəlaloğlundan sonra R.Arifoğlunun da başına hava gətirib.

Rəfiqə Hüseynova

Digər xəbərlər