PDF Oxu

Müxalifət

  • 31

Arif Hacıyev “çölə” mesaj yollayıb

Arif Hacıyev “çölə” mesaj yollayıb

Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev həbsdən "çölə" mesaj yollayıb. Radikal düşərgəyə mənsub mətbuat isə bunu "şifrəli" adlandırmaqdadırlar. Hətta bu barədə bir neçə gündür ki, məlumatlar səsləndirilir və məlumatlar çərçivəsində qarşıdurmalara da start verilib. Mövzu isə budur ki, kimlərsə 2 aprel aksiyası ilə bağlı siyahı hazırlayıblar və "siyasi məhbus" siyahısında A.Hacıyevin adı mövcud deyil.

Bəzi müsavatçı A.Hacıyevin durduğu yerdə bu cür bəyanat verməsini elə-belə mesaj hesab etmirlər. Görünür, hələ ki, Müsavat daxilində hansısa, hələ mətbuata sızmayan üstüörtülü proseslərin getməsinə son qoyulmayıb. Proseslərin önündə də, təbii ki, Müsavatın payızda keçiriləcəyi qurultayında partiya başqanı olmaq istəyən qruplar, şəxslər dayanır. Hər halda, bunu bəzi Müsavat rəsmiləri bəyan ediblər və qərar verilib ki, qurultay ertələnməsin. Qurultayın vaxtında keçirilməsini istəyənlər başqan olmağa can atanlardır. Başqan olmaq istəyənlər sırasında Adil Qeybulladan tutmuş Arzu Səmədbəyliyə qədər adamlar mövcuddur və onların heç biri bir-birlərinə qətiyyən yol verən deyillər. Lakin qurultayın vaxtında keçirilməsini istəyənlərdən fərqli olaraq, A.Hacıyevin adamları qurultayın ertələnməsini, onun həbsdən çıxmasını istəyirlər. Hər halda, qurultay vaxtında baş tutsa belə, ehtimal etmək mümkündür ki, Müsavatın icra aparatının rəhbəri gəlib qiyabi şəkildə başqan olsun. Yəni A.Hacıyev başqan olmaq üçün mütləq azadlıqda olmalı, öz seçki siyasətini qurmalı, digər qruplaşmalardan tərəfdarlar toplamaq istiqamətində öz təbliğatını aparmalıdır. O da nəzərə alınmalıdır ki, A.Hacıyevin başqan olmasını İsa Qəmbərovla Pənah Hüseynov arzulasa belə, hər şey onların istəkləri ilə olmur. Daha dəqiq desək, başqan olmaq üçün müsavatçıların onu qəbul etməsi lazımdır. Hazırkı vəziyyətdə, Müsavat partiyasının üzvlərinin qəbul edə biləcəyi şəxs Arzu Səmədbəylidir. Maraqlı məqamlardan biri də odur ki, son zamanlar İ.Qəmbərovun da münasibəti dəyişilib. Adının açıqlanmasını istəməyən müsavatçılardan biri məsələ ilə əlaqədar maraqlı açıqlama ilə çıxış edərək deyib ki, hələ ötən il Almaniyaya səfər edən başqan özü ilə A.Hacıyevi apararaq, demək istəyib ki, ondan sonra başqan məhz o olacaq: "Amma bir iş var ki, Arif Hacıyev kifayət qədər iddialı şəxsdir, başqan olarsa, İsa Qəmbərovu kənarda qoyacaq.

Müsavatdakı mənbə bildirir ki, A.Hacıyevin qurultaya qədər içəridə qalması Arzu Səmədbəyliyə də, İ.Qəmbərova də sərf edir. Böyük ehtimalla, qurultay keçiriləcək, Arzu Səmədbəyli Müsavatın başqanı olacaq. Sual yaranır bəs A. Hacıyevin aqibəti necə olacaq? Müsavatın mərkəzi icra aparatının rəhbəri görəvində və partiyada qalacaqmı? Mənbə bildirir ki, A.Hacıyevin İ.Qəmbərovdan sonra başqanlıqda qalması mümkün deyil. Onun Arzu Səmədbəylinin başqanlığını qəbul edəcəyi mümkün və real görünmür. Ehtimal etmək mümkündür ki, A.Hacıyev Müsavatı tərk edəcək və daha çox ictimai fəalliyyətə üstünlük verəcək. Amma bu proses partiya üçün ağrısız ötüşməyəcək. A.Hacıyevin tərəfdarlarının qurultayda aranı qarışdıracaqları güman olunur. Çox güman ki, qurultayda Arif Hacıyevin istefa bəyanatı yayılacaq. Bəlkə də o, artıq "çölə" ünvanladığı mesajında istefasının vaxtını da dəqiqləşdirib.


RÖVŞƏN

Digər xəbərlər