PDF Oxu

Müxalifət

  • 30

Xaliq Bahadır müxalifətin probleminə çevrilir

Xaliq Bahadır müxalifətin probleminə çevrilir

Qeyd etdiyimiz kimi yayın qızmar günəşi radikal müxalifət yetkililərinin başlarına nüfuz etdikcə, onlar daha aqressiv olmağa başlayırlar. Eyni zamanda, qızmar yayın təsiri onları yenidən keçmişə, bəzən də əksinə olaraq, 10 il gələcək xülyalara aparır. Bu mənada, AXCP (i) rəyasət heyətinin üzvü, AXC-Müsavatın yarıtmaz iqtidarı dövründə Dövlət Televiziyasında çalışmış Xaliq Bahadırın açıqlamaları daha diqqət çəkəndir.

Çünki X.Bahadır müxalifət düşərgəsində kimin xatirinə dəyməsindən asılı olmayaraq qisasını ifşaedici faktları açıqlamaqla çıxmağa çalışır. Bu mənada, onun bir müddət öncə AXCP (i) sədri Əli Kərimovla yaşadığı problemin tərəflərinə nəzər saldıqda açıq görünürdü ki, X.Bahadır bəzi gizlin məsələlərdə olduqca dəqiq bilgilərə malikdir. O üzdən də, düşərgədəkilərin çoxu onunla konfliktə girməkdən çəkinir. Birincisi X.Bahadır hazırda mətbuat sahəsində çalışır və o istənilən halda öz rəqiblərinin qaranlıq keçmişlərini geniş auditoriyaya çatdırmaqla hədələyir. Digər bir yandan isə onun AXC-Müsavat cütlüyü hakimiyyəti illərində ünsiyyətdə olduğu şəxslərin çoxu indi müxalifətçiliklə məşğuldur. Bu baxımdan da, X.Bahadırın istənilən formada müxalifət düşərgəsində kimsə tərəfindən soyuq qarşılanması onun əsəblərinin pozulmasına və olub-keçənlərin onun tərəfindən danışılmasına səbəb ola bilir. Sadəcə olaraq, X.Bahadırın niyə indiki şəraitdə bu cür mövqe sərgiləyərək rəqiblərini zərərsizləşdirmək fikrinə düşməsi başa düşülən kimi görünmür. Digər bir tərəfdən onun yatıb-yatıb məhz indi olanları etiraf etmək qərarına gəlməklə düşərgədəki olayları dəyişmək niyyətinin gizlin tərəfləri üzə çıxır. O müxalifət düşərgəsində özünə qarşı çıxanları qara siyahıya salaraq zaman-zaman onların iç dünyalarını geniş ictimaiyyətə çatdırmaqla məşğuldur. Elə bu kontekstdən də, AXC-Müsavatın yarıtmaz iqtidarı dövründə yəni 1993-cü ilin əvvələrində çalışdığı Azərbaycan Dövlət Televiziyası ilə bağlı səsləndirmiş olduğu ilginc açıqlamaları müxalifət düşərgəsini yayın bu istisində tər tökməyə vadar edib. Çünki X.Bahadır açıqlamasında bildirib ki, Əbülfəz Elçibəy AzTV-yə 3 milyon dollar pul ayırıb ki, televiziyanın texniki imkanları bir qədər yaxşılaşsın. "Ancaq sonra məlum oldu ki, bu texnika da köhnədir. Aydınlaşdı ki, pulu yeyiblər" deyə X.Bahadır qeyd edib.

X.Bahadırın iddiasına görə, cəbhə iqtidarı dönəmində televiziyada baş verən yeyintinin başında P.Hüseynov dururmuş. "Ola bilsin, indi bunu təkzib edəcək, lazım gəlsə, Qurana da and içəcək. Bəs hansı səbəbdən mənimsəmə ilə bağlı aparılan araşdırma dayandırıldı? Fakt budur ki, P.Hüseynov bu cinayəti ört-basdır elədi. Bu, o deməkdir ki, o, alıb-almamasından asılı olmayaraq, cinayəti edənlərlə ortaq oldu" deyə X.Bahadır ilgin faktları hələ bundan sonra da açıqlayacağını dilə gətirib. O, bu gün müxalifət düşərgəsində hegemonluq etmək niyyətini ortaya qoyan şəxslərin çoxunun onun qarşısında gözü kölgəli olduğunu da vurğulayıb. Bildirib ki, indi həmin proseslərin üstündən xeyli zaman keçib və onlar elə bilirlər ki, hər şey ya olduğu kimi qalacaq, ya da tamamilə yaddan çıxıb gedəcək. Amma unudurlar ki, nə qədər özlərini təmiz göstərməyə çalışsalar da, ən azından mənim bildiklərimi başqaları da bilsə, onlar rüsvay olacaqlar deyən X.Bahadır açıq şəkildə düşərgədəki rəqiblərinə mesaj göndərib.

Tapdıq Qurbanlı

Digər xəbərlər