Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələrin geniş miqyas alması çərçivəsində cərəyan edən olaylar artıq Avropaya da sıçramaqdadır.
Belə ki, İngiltərənin şəhərlərində baş verən kütləvi iğtişaşların geniş miqyas alması ciddi nəticələrlə yekunlaşdı. Bu iğtişaşların buraxdığı iz, dağıntılar, tarmar edilmiş evlər, ticarət mərkəzləri, avtomobillər bu gün də şəhər küçələrində qorxunc vahimə yaratmaqdadır. Hətta vəziyyət o qədər kritik həddə çatmışdır ki, polis qüvvələrinə dəstək olaraq, müvafiq ordu hissələrinin yardımına ehtiyac duyulurdu. Bu müstəvidə London hadisələrinin qısa zaman kəsiyində nəzarətə alınmaması arxasında bir sıra məqamlar dayanıb ki, həmin məqamlardan biri də bilavasitə sosial şəbəkələrlə bağlıdır.
Artıq sosial şəbəkələrlə bağlı dövlət səviyyəsində ciddi məsələ qaldırılıb və İngiltərədə həmin şəbəkələrə qarşı ciddi nəzarət yürüdüləcək. Bu barədə İngiltərənin baş naziri konkret proqramla çıxış edib. Qeyd edək ki, hazırda həbs edilən talançılar özləri də etiraf edirlər ki, iğtişaşların yaradılmasına cəlb olunmaq üçün sosial şəbəkədən mənbə kimi istifadə ediblər. Məhz bunu əsas tutan hakimiyyət dairələri ciddi addımlar ataraq, həmin sosial şəbəkələri nəzarət altına almağı qarşısına məqsəd qoyub. Digər maraqlı məqam isə ondan ibarətdir ki, dünyada baş verən hər hansı iğtişaş hadisələrinə o saat münasibət bildirən radikal müxalifət mənsubları nədənsə London hadisələri barədə bircə kəlmə də olsun danışmayıblar. Hansı ki, ərəb dövlətlərində baş verən bütün iğitşaşlara münasibət bildirən AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov və digərləri özlərinə yaxın olan "Azadlıq", "Yeni Müsavat" kimi mətbuat orqanlarında geninə-boluna açıqlamalar verirdilər. Hətta növbəti "iğtişaş"ın ölkəmizdə də baş verəcəyini xəyal edirdilər. Lakin nəticə etibarı ilə belə qənaətə gəlmək mümkündür ki, Ə.Kərimovun və İ.Qəmbərovun İngiltərə hadisələrində münasibət bildirməmələri, əksinə, susmaları ictimaiyyətdə də təəccübə səbəb oldu. Təəccüblüsü isə, odur ki, nəyə görə ərəb ölkələrindən fərqli olaraq, İngiltərədə baş verənlərə radikal müxalifət tərəfindən reaksiya verilmədi? Axı bir müddət bundan öncə, onlar iddia edirdilər ki, Azərbaycanda müxalifət düşərgəsi tərəfindən istifadə olunan şəbəkələrdə, guya süni maneələr yaradılır, sosial şəbəkələrin istifadəsində problemlər törədilir. Ancaq İngiltərədəki hadisələrdən sonra nə həmin hadisələrə, nə də dövlət səviyyəsində sosial şəbəkələrin ciddi nəzarət altına alınmasına bir kəlmə də olsun, dinib danışmadılar. Əgər onlar, həqiqətən də, "azad söz", "demokratik" insanlardırsa, hər halda, İngiltərədəki məlum məsələyə də bircə cümlə ilə də olsa, cavab verərdilər. Lakin bu, baş vermədi. Hansı səbəbə görə?
Ona görə ki, hazırda AXCP (i) sədri Ə.Kərimovun, Müsavat başqanı İ.Qəmbərovun ailələri Londonda yaşayırlar və onların Londonda yaşaması arxasında müəyyən beynəlxalq anti-Azərbaycan qüvvələr durur. Onlar müxalifət partiya sədrlərinin ailələrinin bütün məsrəflərini, xərclərini öz üzərlərinə götürüblər. Eyni zamanda, vurğulamaq vacibdir ki, həmin siyasi dairələr İngiltərədəki sosial şəbəkələri sifarişlər əsasında yönəldənlərdir. Məhz bu baxımdan, həm Ə.Kərimova, həm də İ.Qəmbərova kəskin və ciddi tapşırıq verilib ki, sosial şəbəkələrlə və London hadisələri ilə bağlı bircə kəlmə də danışmasınlar. Əlbəttə ki, bu, radikal müxalifətçilər üçün göydəndüşmə sifariş olub və bunu məmuniyyətlə ediblər. Daha dəqiq desək, məlum İngiltərə hadisələri ilə bağlı nə ölkə mətbuatında, nə də ki, digər informasiya şəbəkələrində məlumat veriblər. Bu isə, bir daha onu deməyə əsas verir ki, nə Ə.Kərimovun, nə də ondan geri qalmayan İ. Qəmbərovun xislətləri yalnız bir müstəvi üzərində qurulub. Onun adı XƏYANƏTDİR!
RÖVŞƏN