Üzdəniraq müxalifətin tabeçiliyində olan onların prinsip və maraqlarını yerinə yetirməkdə başlıca vasitə kimi çıxış edən bəzi mətbu orqanlar ölkə ziyalılarına, aparıcı ictimai xadimlərə qarşı sanki bir "səlib" yürüşünə çıxıblar. Bir çox hallarda isə ziyalıları bilərəkdən tənqid hədəfinə tutan müxalifət ruporlarında süni qalmaqallar, dırnaqarası şoular da düzəldilir.
Bütün bunlar ona görə edilir ki, müxalifət öz "çevrəsi"ndən kənarda guya hər hansı bir ziyalı və yaxud ictimai xadim tanımır. Onların yanlış təxəyyülünə görə, ölkə ziyalıları müxalifət düşərgəsində cəm olub. Halbuki bunun əksini isbat edəcək və müxalifətin açıq şəkildə cəmiyyətə növbəti dəfə riyakarlıqla məşğul olduğunu təsdiqləyəcək yetərincə faktlar mövcuddur. Digər bir tendensiya ondan ibarətdir ki, bu günə qədər müəyyən vədlərlə və aldadılaraq müxalifət düşərgəsi ətrafında qalmış ziyalı kəsim artıq onlardan imtina edib. Bunu ötən müddət ərzində bir-birinin ardınca həm Müsavat partiyasında, həm də AXCP (i)-də, eyni zamanda, digər partiyalarda baş vermiş kütləvi istefalarla əlaqələndirmək olar.
Xalqımızın aydın şəxslərinə müxalifət qısqanclıqla yanaşır
Ölkəmizi ikinci dəfə öz milli müstəqilliyini bərpa etdikdən sonra hakimiyyəti zorla qəsb edərək, öz çirkin niyyətlərini açıq şəkildə cəmiyyətə təlqin etməyə çalışan mənfur qüvvələr, çox təəssüf ki, bu gün də cəmiyyətimiz daxilində müxalifətçiliklə məşğuldurlar. Onlar bu məşğuliyyətinin adının nə olmasından asılı olmayaraq, mövcudluqlarını kimlərisə hədəfə almaqla isbatlamağa çalışırlar. Çünki bugünkü ziyalı təbəqəmiz müxalifətin dünənini və bu gününü çox yaxşı bilir. Məhz bu kontekstdən də müxalifət ziyalıları bu cür yollarla ya özlərinə ram etməyi, ya da gözükölgəli şəkildə sıradan çıxarmaq iddiasındadırlar. Amma bir əsas tendensiyanı yaddan çıxarırlar ki, bugünkü müxalifətin böyük əksəriyyəti həmin ziyalılardan dərs alıb. Çoxları, bəlkə də, müəyyən dövrlər həmin ziyalılara oxşamağı öz xəyallarında dəfələrlə canlandırıblar. Amma nə oldu ki, onlar 180 dərəcə dəyişərək, həmin ziyalıları görməzlikdən, onlara qarşı bu cür heç bir məntiqə sığmayan kontekstdən çıxış etməyə başlayıblar? Burada həm insani faktorla yanaşı, həm də, digər prinsipləri nəzərə almaq lazımdır. Çünki hazırda real situasiya elə səviyyədədir ki, müxalifət qüvvələri kimi onların tabeçiliklərində olan mətbuat orqanları da kənar donor təşkilatların asılılığındadır. Bunu heç də uzağa getmədən həmin mətbuat ruporlarının bir-birinin ardınca beynəlxalq təşkilatlara, insan hüquqları ilə məşğul olan qurumlara ardıcıl olaraq məktublar göndərməsi ilə açıq şəkildə müşahidə etmək mümkündür. Bu mümkünatın arxasında dayanan amilləri isə sizlər və bizlər bilirik. Heç vaxt Azərbaycanın inkişafını, onun yüksəlişini istəməyən və bunun üçün əllərindən gələn ən iyrənc taktikalardan belə istifadə etməyə can atanlar, çox təbii ki, onun ziyalı təbəqəsini də həzm edə bilməzlər. Çünki Azərbaycan ziyalısı istənilən formada ölkəmizin milli maraqlarına, onun xalqının rifahına, tarixi dəyərlərimizə, sabahımıza qarşı uzanan əlləri çox aydın görür və onun əngəllənməsi üçün konkret mövqe ortaya qoyurlar. Bu da, birmənalı şəkildə, həmin donor təşkilatların, yəni millətimizin, dövlətimizin inkişafını xəyallarında belə arzulamayan qüvvələrin hiddəti ilə qarşılanır. Nəticədə isə yuxarıda sadaladığımız uyğunsuz bir tendensiya meydana çıxır ki, bu da cəmiyyətin haqlı narazılığını özündə ehtiva etmiş olur.
Tapdıq Qurbanlı