PDF Oxu

Müxalifət

  • 43

Etibar Məmmədov Londonda biznes əlaqələri qurub

Etibar Məmmədov Londonda biznes əlaqələri qurub

Radikal müxalifət düşərgəsində həmişə özünəməxsus mövqe sərgiləməyə çalışan Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov artıq neçə müddətdir ki, ortalıqda görünmür. Onun bir neçə il öncə Rusiya Federasiyasında, xüsusən də, Dağıstanda ticarət köşkləri yaratdığı, tikinti sektorunda mühüm işlərə başladığı xəbəri yayılmışdı. Sonradan qeyri-müəyyən səbəblərə görə, buradakı bütün işləri donduran E.Məmmədov vətənə qayıdaraq, siyasi fəaliyyətlə yenidən məşğul olmaq niyyətinə düşmək istəsə də, bu da baş tutmadı.

Çünki mənsub olduğu düşərgədə özünə qarşı olan birmənalı mövqedən çıxış edən E.Məmmədov, ilk növbədə, buradakı real rəqiblərini sıradan çıxarmağı planlaşdırırdı. Amma uzun müddət siyasi düşərgədən uzaq qalmış və burada baş verən prosesləri dərindən mənimsəməmiş AMİP lideri üçün bu, çətin idi. Elə onun aktiv siyasi fəaliyyətə başlamasına reaksiya verənlər də bu kontekstdən çıxış edirdilər. Gözlənildiyi kimi də oldu və AMİP liderinə qarşı ilk reaksiya verən Müsavat başqanı İsa Qəmbərov ona daha münasib işlə məşğul olmağı tövsiyə etdi. Bunun ardınca AXCP (i) sədri Əli Kərimov da E.Məmmədovun vaxtilə Azərbaycan müxalifətinə qarşı çıxdığını, hətta AXC-Müsavat hakimiyyəti illərində də onların iqtidarını bəyənmədiyini əsas gətirərək, indiki halda ona heç bir güzəştin olmayacağını vurğuladı. Bunun ardınca ADP sədri Sərdar Cəlaloğlu da E.Məmmədovun gedən karvana çata bilməyəcəyini açıqladı. O, qeyd etdi ki, bu günə qədər öz biznes əlaqələrini genişləndirmək niyyətini kənara qoyub aktiv siyasi proseslərdə iştirak etməyən şəxslərin bundan sonra müxalifət düşərgəsində yeri və rolunun olması qeyri-mümkündür. Ümumi müxalifət düşərgəsində özünə qarşı olan real münasibətin gün kimi aydın olduğunu yəqin edən E.Məmmədov bu cür münasibətlər qarşılığında, təbii ki, əliyalın olmadığını isbat etməyə çalışdı. O, vaxtilə hakimiyyətdə olmuş indiki müxalifət yetkililərinin səriştəsiz, bacarıqsız, öz havaları ilə yaşayan insanlar olduğunu və onların bundan sonra acı sonluq gözlədiyini bildirdi. Qeyd etdi ki, Müsavat başqanı bu gün mənə qarşı çıxmaqla, əslində, o dövr, yəni AXC-Müsavat iqtidarı dövründə hakimiyyəti zorla ələ keçirməklə yanaşı, Ali Sovetin tribunasında ona qarşı sərgilədiyi mövqeyə cavab verməyə çalışır. "Amma İ.Qəmbərov unudur ki, onun və onun ətrafında olan şəxslərin avtobioqrafiyası haqqında məndə kifayət qədər bilgi var. Onlar gündə nə etsələr və kimlərin ağuşuna sığınmağa çalışsalar belə E.Məmmədov ola bilməzlər. Çünki mən onlara zəbt etdikləri iqtidar dövründə də öz etirazımı və iradımı bildirmişəm. Vaxtilə eks-prezident mərhum Əbülfəz Elçibəyə "yanlış yolla" gedirsiniz, bu yol sizi uğura aparmayacaq" deyəndə indiki Əli Kərimov kimilər əyləşdikləri kreslo naminə mənə qarşı çıxırdılar. Amma vaxt yetişdi və onlar öz layiq olduğu qiyməti almalı oldular".

E.Məmmədov bugünkü müxalifət yetkililərinin böyük əksəriyyətinin onun qarşısına çıxıb fikir söyləməyə mənəvi haqqının belə çatmadığını vurğulayıb. Bütün bunlara nəzər saldıqda isə müxalifət düşərgəsində ənənəvi olaraq davam edən qarşıdurmaların 20 il müddətində bir gün də olsun ara vermədiyini və problemin hələ də öz mövcudluğunu saxladığını müşahidə etmək olar. Çünki E.Məmmədovun Böyük Britaniyanın paytaxtı Londonda biznes əlaqələrini daha da genişləndirməklə bağlı xəbər tutan İ.Qəmbərov ona vətənə qayıdacağı təqdirdə, "dediklərinə və etdiklərinə görə cavab verməli olacaqsan" mesajını göndərib. Bir-birinin kölgəsindən belə qorxuya düşən müxalifət yetkililərinin sırasında adı hallanan E.Məmmədov da məlum səbəblərə görə vətənə qayıda bilmir.


R.Hüseynova

Digər xəbərlər