PDF Oxu

Müxalifət

  • 8

Müsavatla AXCP (i) təcrid olunur

Müsavatla AXCP (i) təcrid olunur

"KXCP"-nin məlum qurultayından sonra radikal müxalifət partiyalarının ADP ətrafında toparlanması müşahidə edildi. "KXCP" funksioneri Fikrət Cəfərovun "İctimai Palata"dan istefası isə, əslində, bu gün baş verən hadisələrin anonsu idi. Son vaxtlar ADP və ALP "İctimai Palata"dan kənarda birlik axtarışlarına başlamışdılar.

Liberal Partiyanın "lideri" Lalə Hacıyeva partiya sədrləri ilə ayrılıqda görüşür, müxalifətin yeni "birliyi" ilə bağlı söhbətlər aparırdı. Bu cür görüşlər isə hələ mart ayından başlanmışdı. Sadəcə olaraq, həmin vaxtlar süni yaradılmış "inqilabi eyforiya" güclü olduğundan nə ADP, nə də Liberal partiya yeni birlik yaratmaq barədə açıq fəaliyyətə başlamağa cürət etmirdilər. Bu cür fəaliyyət "İctimai Palata" əleyhinə hərəkət kimi qiymətləndirilib, qınana bilərdi. Amma məlum 2 aprel aksiyasından sonra vəziyyət təməlli olaraq dəyişdi. Xarici təşkilatlardan dəstək kəsildi, AMİP "İctimai Palata"nı tərk etdi. AMİP-in ardınca digər az-çox tanınmış müxalifətyönlü şəxslər, QHT nümayəndələri, "palata"dan çıxdıqlarını bəyan etdilər. AXCP (i) rəyasət heyətinin kütləvi aksiyaların payıza qədər təxirə salınması ilə bağlı qərarı "palata"nı tamamilə çıxılmaz vəziyyətə saldı. Yay aylarına doğru qurumun vəziyyəti daha da qəlizləşdi. Vəziyyətdən çıxmaq üçün yerli strukturlar yaratmağa çalışsa da, bəlli məsələ idi ki, bütün bunlar siyasi blefdir. Qüvvəsi dağılmış "İctimai Palata"nın yerlərdə struktur yaratması da reallığı əks etdirmədi. "İctimai Palata"nın yerli strukturlarına cəlb olunan insanlar, bəlli məsələdir ki, Müsavatla AXCP (i)-nin öz adamlarıdır, üzvləridir. "İctimai Palata"nın bu cür blefləri sözügedən qurumun zəifləməsini gözləyən ADP və ALP-nin alternativ struktur yaratmaq panını əngəlləyə bilmədi. İctimai rəydə "İP" o qədər zəifləmişdi ki, artıq digər partiyalar hərəkətə keçdilər.

"Vətəndaş Hərəkatı Forumu" yaradıldı və burada altı partiyanın "birləşməsi" sərgiləndi. ADP sədri Sərdar Cəlaloğlu "Müsavat bura gəlsin, İsa Qəmbərov qurumun sədri olsun" deyə təklif etsə də, "demokratlar"ın sədri yaxşı bilirdi ki, Müsavatla AXCP (i) yeni yaranmış quruma qoşulmayacaqlar. Xatırladaq ki, ADP-nin rəhbərlik elədiyi qurum "İctimai Palata"ya alternativ olaraq yaradılıb. Bu qurum yaratmaqda əsas məqsəd "İP"-in müxalifət adından çıxış etməsini əngəlləmək, "ana müxalifət" adına iddia etməkdir. ADP-nin məqsədi isə yalan-doğru, bəlkə də müxalifəti "gücləndirməkdir". Amma fakt budur ki, ictimai rəydə müxalifətin parçalanması görüntüsü artıq çoxdan yaranıb.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər