Bir neçə gün öncə "İctimai Palataya" alternativ olaraq yaradılan "6-lar"ın daha böyük iddialara düşməsi düşərgədəki gərginliyi daha da artırıb. Öz çevrələrindən kənarda heç bir birlik və toplumun fəaliyyətini qəbul etməyən AXCP (i)-Müsavat cütlüyü yeni yaradılmış, yəni ALP, ADP, "VİP", "Ümid", "KAXCP", AMİP-in iştirak etdiyi "6-lar"ın fəaliyyətini məhdudlaşdırmaq haqqında qərara gəlib.
Çünki onlar düşünürlər ki, indiki halda müxalifət düşərgəsində ikinci bir birlik formasının meydana çıxması onların birbaşa bazarlarına təsir göstərə bilər. Odur ki, onlar daha açıq şəkildə müxalifət düşərgəsində əllərində cəmləşdirdikləri nüfuzlarını kiminləsə bölüşmək niyyətində olmadıqlarını isbat edirlər. Müxalifət düşərgəsində "İctimai Palata" adı altında xarici donorların maliyyə imkanlarından yararlanmaq prinsipinə hesablanmış niyyətləri digərlərinin maraqları ilə birmənalı şəkildə toqquşur. Belə bir məqamda isə müxalifət düşərgəsində yenidən qüvvələrin üz-üzə dayanması, təbii ki, böyük fəlakətin yaranmasına gətirib çıxara bilər. Odur ki, hazırda müxalifət düşərgəsi bu faciəyə doğru sürətlə istiqamət alıb. Onların heç biri bu məsələdə qarşılıqlı güzəştin olmasında maraqlı deyillər. Çünki dəfələrlə bu məsələ ilə bağlı fikir mübadilələri aparılıb və nəticə heç də ürəkaçan olmayıb. Elə bu səbəbdən də, neçə müddətdən bəri yığılıb qalan əsəb gərginliyi özünü göstərməkdədir. Çünki AXCP (i) və Müsavat rəhbərliyi heç bir halda bu məsələdə bir addım da olsa belə geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Bu isə real olaraq yarana biləcək problemin qaçılmaz olduğuna işarədir.
Düşərgədə köhnələr təzələrə güzəştə getmək istəmir
20 illik yarıtmazlıq tərcübəsi dövründə radikal müxalifətin mənsub olduğu düşərgədə heç kəsə güzəştə getmədiyini hər kəs çox gözəl bilir. Bilinən digər məqam isə odur ki, onlar bu cür dırnaqarası prinsipial mövqe tutmaqla öz mənfəətlərini təmin etmək niyyətini güdürlər. Çünki düşərgədə onlardan başqa digərlərinin də baş qaldıraraq beynəlxalq təşkilatlardan ianə istəməsi birmənalı şəkildə onların, yəni AXCP (i) və Müsavat rəhbərliyinin bazarını pozmuş olur. Odur ki, onlar istənilən halda bu cür məsələlərə qarşı çox həssas yanaşaraq, düşərgədə öz çevrələrindən kənarda yarana biləcək istənilən birliyi elə "beşikdəcə" boğmağa çalışırlar. Bu əməliyyatın isə hansı formada olması, burada kimlərin qurban verilməsi məsələlərində isə onların birmənalı mövqeyi ortadadır. Çünki Ə.Kərimov və İ.Qəmbərov üçün maraqlı deyil ki, onların düşərgədə qarşısına çıxan maneələri dəf edərkən kimlər nəyin və necə qurbanı olur. Onlar üçün maraqlısı odur ki, bu yolda hədəflərinə tam nail olana qədər qarşılarında kimsəni görməsinlər.
Ənənəvi ifratçılıqdan məlum sonluğa doğru
Var olduğu müddətdən radikal müxalifət düşərgəsində "birləşirik", "toplaşırıq" kimi boğazdan yuxarı səslənən bəyanatları eşitmək mümkün olur. Amma təzadlı cəhət isə odur ki, onlar hər dəfə bu cür ifadələr işlədib, boğazdan yuxarı bəyanatlar verdikcə daha da ayırılır, parçalanır, müxtəlif qütblərdə yoxa çıxırlar. Eyni zamanda, bu məsələ gündəmə gəlməklə müxalifət düşərgəsi ən azından bir yetkilisini itirir. Deməli, müxalifətin birlik və əməkdaşlıq şousundan nəsə bir tilsim var. Çünki ənənəvi müxalifətçilik meyarlarını ancaq öz maraqları üçün müəyyən etmişlər və hələ də, bazar meyarlarından əl çəkmək isəmirlər. Onlar üçün istənilən məsələ mənfəət gətirirsə, demək, xeyirlidir kimi uyğunsuz bir meyar mövcuddur. Sadəcə olaraq, bu dəb forması müxalifətin onsuz da çıxa bilməyəcəyi acı aqibətinin içərisində onu bir tufan kimi sonluğa doğru aparmaqdadır. O sonluq ki, bu gün müxalifətçilərin bəlkə də, çoxunun bundan xəbəri yoxdur. Sadəcə olaraq, onların başları xaricilərin verdiyi şirin vədlərə, ayırdıqları pulların qoxusuna qarışıb. Bir zaman isə başlarını qaldırıb görürlər ki, artıq uçurumun bir metrliyində dayanıblar. O zaman isə çoxdan yetişib. Bu səbəbdən də, aman üçün müxalifət yetkililəri saman çöpünü özləri üçün dayaq hesab edirlər.
Tapdıq Qurbanlı