Radikal müxalifət düşərgəsində onsuz da qarmaqarışıq mühitdə formalaşa bilməyən partiyalar arasında gedən gizli savaşlar artıq açıq müstəvidə reallaşmaqdadır. Belə ki, bir-birilərini həzm etmək iqtidarında olmayan bütün müxalifətdaxili siyasi təşkilatlar arasında cərəyan edən hadisələr ən çox "ana müxalifətçilik" uğrunda didişən partiyalarda müşahidə olunur. Bu isə, onu deməyə əsas verir ki, sözügedən düşərgədə ümumiyyətlə anlaşma variantı mövcud deyil və olmayacaq da.
Belə hadisələr AXCP (i) ilə "Ümid" partiyası arasında gedən uzunmüddətli ziddiyyətlər fonunda da özünü əks etdirməkdədir. Daha dəqiq desək, hər iki partiya arasında gedən düşmənçiliyin əsası 1999-cu ilə söykənir. Xatırladaq ki, "Ümid" partiyası öz əsasını o illərdə qoyaraq, bunu "siyasi mühitdə yeniliyin və zəruriliyin sifarişi" kimi təqdim etmişdi. Lakin zaman keçdikcə, məlum oldu ki, partiyanın sədri İqbal Ağazadə də digər müxalifət partiyalarının sədrləri kimi onlardan geridə qalmır. Bu, özünü ən çox 2000-ci ilin parlament seçkilərində və 2003-cü ilin prezident seçkilərində daha çox büruzə verdi. Yəni İ.Ağazadənin dağıdıcılıq və radikalizm meyillərinə aludəçiliyi tam çılpaqlığı ilə özünü əks etdirdi. Amma məsələ bununla bitmir. Çünki radikalizm təxəyyülünü özlərinə peşə etmiş digər partiya sədrləri bu əsnada da bir-birlərinə qısqanclıqla yanaşırdılar. Onlardan ən başda gedəni isə, təbii ki, "cəbhə lideri" Əli Kərimov idi.
Məhz 1999-cu ildə İ.Ağazadənin yaratdığı siyasi təşkilata ilk hücum edən də AXCP (i) sədri oldu. O öz işini ehtiyatlı tutaraq, ilk növbədə, "Ümid"çilərə vədlər verdi və onların böyük əksəriyyətini öz təşkilatına transfer etməyə nail oldu. Bundan sonra hansı girdaba düşdüyünü gec də olsa dərk edən İ.Ağazadə mümkün qədər ehtiyatlı davranmağa başladı. Fəqət, bu ehtiyatlı davranış da ona heç bir kömək etmədi. Əksinə, "Ümid" partiyasında olan-qalan digər funksionerlər də fəaliyyətsizliyi görərək, ya siyasətdən getdilər, ya da başqa müxalifət partiyalarına transfer olundular. Sonralar istefa verənlərin də Ə.Kərimovun ağuşuna sığındıqları bəlli oldu.
Bundan qeyzlənən İ.Ağazadə heç bir mənfəət əldə etmədiyini başa düşüb, AXCP (i)-yə qarşı əks-hücuma keçdi. Yəni "Yurd"çuların qarşısına bir sıra vədlər çıxdı. Nəticədə, bir-iki nəfər AXCP (i) təmsilçisi "Ümid" partiyası ilə iş birliyinə getməyə müyəssər oldu. Və hazırda bu gün "Ümid"də baş verən istefaların da Ə.Kərimov tərəfindən planlaşdırıldığı artıq heç kimə sirr deyil. Təkcə bir neçə ay ərzində şəhər və rayon təşkilatlarında baş qaldıran istefalar bunu deməyə əsas verir. "Ümid" partiyası Gəncə şəhər təşkilatının sədri, Füzuli və Sabirabad, eləcə də, digər bir neçə rayon təşkilat sədrlərini istefası bilavasitə AXCP (i) sədri tərəfindən istiqamətləndirilən addımlardır. Hətta bunun müqabilində istefa verənlərə bir miqdar pulun verilməsi də müxalifət kuluarlarında gəzən söz-söhbətlər içərisində yer almaqdadır. Maraqlıdır, bəs İ.Ağazadə bütün bunların müqabilində hansısa cavab addımı atmağı planlaşdırırmı?
Bununla bağlı "Ümid" partiyasında heç bir açıqlama verilmir. Sızan məlumatlara görə, yaxın günlərdə daha bir neçə istefanın baş verəcəyi gözlənilir. Bu isə İ.Ağazadənin çarəsiz vəziyyətdə qaldığını təsdiqləyən amillərdəndir.
RÖVŞƏN