İki il öncə Almaniyaya səfəri zamanı köhnə "dostu" Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukunyanla çox səmimi bir şəraitdə görüş keçirən Müsavat partiyasının başqanı İsa Qəmbərov sonradan bu hərəkətinə müəyyən qədər "haqq" qazandırmağa da çalışmışdı.
Hətta o, bir qədər də irəli gedərək, özünə qarşı olan ictimai qınağın qarşısını almaq üçün A.Manukunyanla elə-belə görüşmədiyini, ondan müəyyən şeyləri öyrənmək niyyəti güddüyünü açıqlamaqla vəziyyətdən çıxmağa çalışmışdı. Çünki bədnam qonşumuz olan təcavüzkar Ermənistan geridə buraxdığımız tarixin bütün dövrlərində ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edərək, ayrı-ayrı vaxtlarda xalqımızı soyqırım siyasətinə məruz qoymuşdur. Yaxın tariximizdə, yəni 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə indiki Ermənistan prezidenti Serj Sarkisyanın da rəhbərlik etdiyi azğınlaşmış silahlı birləşmələr, 366-cı moto-atıcı diviziyanın köməkliyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı xüsusi amansızıqla divan tutmuş, uşaqların, körpələrin və qocaların misli görünməmiş işgəncə faktlarını həyata keçirmişlər. Erməni riyakarlığının sonuncu bariz nümunəsi kimi qiymətləndirilən Xocalı faciəsi dünya tarixində insanlığa qarşı həyata keçirilmiş misli görünməmiş cinayət, soyqırım kimi tanınır. Məhz bu gün işğalçı Ermənistanda prezident postunda əyləşmiş S.Sarkisyanın özü dəfələrlə Avropanın ən nüfuzlu kürsülərindən azərbaycanlıların Xocalı soyqırımına qədər "bizlərin dinc əhaliyə silah qaldırmasına inanmadıqlarını, amma Xocalıda bunu sübut etdiklərini" həyasızcasına açıqlamaqla, bir daha xalqımızda bu mənfurlara böyük nifrətin təzahürlərinin yaranmasına səbəb olmuşdur. Ona görə də, indiki reallıqda istənilən azərbaycanlının məhz ölkə hüdudları kənarında hər hansı bir erməni ilə ünsiyyətə girməsini cəmiyyətimiz birmənalı şəkildə qınayır. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi, Müsavat başqanı İ.Qəmbərovun Almaniyaya məlum səfəri çərçivəsində A.Manukunyanla səmimi ünsiyyətdə olmasını, onunla həmin ölkənin Potsdam şəhərində hətta bir futbol yarışını izləməsi geniş ictimaiyyətin haqlı narazılığı ilə qarşılanmışdı.
Bayaq qeyd etdiyimiz kimi, İ.Qəmbərov bu məsələdə A.Manukunyanın Ermənistanda indiki hakimiyyətə qarşı olan müxalifət partiyasının sədri kimi göstərməklə, onun müəyyən məsələlərdə "istifadəyə" yararlılığından bəhs etmişdi. Amma İsa "bəy" də, onun əlaltıları olanlar da unutmamalıdırlar ki, onlar da bu ölkənin vətəndaşıdırlar və bu xalqın başına oyun gətirən bir toplumun nümayəndəsinə qarşı bu dərəcədə səmimi olmaq heç vaxt bağışlanmazdır. Bir el məsələmizdə deyildiyi kimi, "ilanın ağına da lənət, qarasına da". Nə fərqi var ki, A.Manukunyan bu gün təcavüzkar Ermənistan iqtidarına qarşı müxalifətdədir?
Maraqlısı isə odur ki, bir neçə gün öncə, Müsavat başqanı İ.Qəmbərov Qaqauz regionu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apararkən, heç də təsadüfdən olmayaraq erməni "dostu" A.Manukunyanın adını çəkib. Öz növbəsində, işğalçıların nümayəndəsi olan A.Manukunyan da İ.Qəmbərovu çox intizarda saxlamayıb və Yerevanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edərək, 6 ay ərzində Ermənistandan 90 min nəfərin mühacirət etdiyini bildirib. O, qeyd edib ki, mühacirət Ermənistanın əsas problemidir. "Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir" deyən İ.Qəmbərovun "dostu", eyni zamanda, hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməninin müraciət etdiyi faktını da açıqlayıb. Müsavat başqanının "can baratı" başqa Avropa ölkələrində də analoji vəziyyətin olduğunu siyasi sığınacaq və müxtəlif xəstəliklər adı altında ermənilərin Ermənistanı tərk etdiklərini söyləyib. "Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir. Ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər" deyən A.Manukunyan "dostu" İ.Qəmbərova "hər şey razılaşdırdığımız kimi gedir" mesajını da verib.
O, Müsavat başqanı ilə Almaniyadakı məlum görüşünə toxunaraq, növbəti dəfə belə bir dialoqun Belçikada təşkil edilməsi təklifi ilə çıxış edən A.Manukunyan ona bir sıra sürprizlər hazırladığını da açıqlayıb. Bildirib ki, aralarındakı görüşün tarixində bu günə qədər bir sıra hadisələr baş verib və onun üçün daha maraqlı olaylar olub. Bu baxımdan da, A.Manukunyan İ.Qəmbərovla "dost"luğunu davam etdirdiyini və onun Qafqazdakı yaxınları sırasında "xüsusi çəkiyə" malik olduğunu söyləyən erməni siyasətçi, görünür, başqana hansı tərəfdənsə vurulub?
Tapdıq Qurbanlı