Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "İctimai Palata" deyilən qurumun "yol xəritəsi" adlı layihəsinin perspektivinə münasibət bildirib. Qeyd edib ki, "İctimai Palata" deyilən bir qurumun "yol xəritəsi" adlı layihəsində cəmiyyəti dəyişdirməyin heç bir müddəası yoxdur.
Onların özləri 30 nəfərlik bir təşkilatın içində demokratiyanı genişləndirmək və onu bir nümunə olaraq ortaya qoymaq əvəzinə, orada elə müddəalar irəli sürürlər ki, həmin müddəalar əsasında Azərbaycanda avtoritar rejim yaradılmasına səylər göstərilir. Bu baxımdan, "İctimai Palata"nın "yol xəritəsi" adlı layihəsini ölkəmizdə demokratiyaya zərbə kimi dəyərləndirirəm: "Onlar başqa partiyaları gözdən salmağa çalışırlar. Bu da onların səhv düşüncə tərzlərindən irəli gəlir. Onda Müsavat və AXCP (i)-dən bir neçə dəfə böyük olan Yeni Azərbaycan Partiyası AXCP (i) və Müsavatı, eləcə də, digər partiyaları rədd etməlidir. Nəyə görə AXCP (i) və Müsavatın gözündə digər müxalif partiyaları kiçik görünür? Yəni, onların gözündə kiçik görünən partiyaları qəbul etmirlərsə, onda biz də AXCP (i) və Müsavatı qəbul etmirik. Əgər burada AXCP (i) və Müsavat digər partiyaların rəyi ilə razılaşmırsa, onların mövcudluğunu qəbul etmirsə və həmin partiyaların mövcud olmasına xoş baxmırsa, belə olan halda, biz nəyə görə AXCP (i) və Müsavatın mövcudluğuna, onların hansısa bir ideyasına müsbət yanaşmalıyıq? AXCP (i) və Müsavatın yanaşması monopolist düşüncə tərzidir. Belə düşüncəyə malik partiyalar heç vaxt hakimiyyətə gələ bilməzlər. Bir də onu qeyd edim ki, əgər Müsavat və AXCP (i) bu gündən bizi qəbul etmirlərsə, biz də onları dünəndən tanımır və qəbul etmirik".
GÜLYANƏ AĞAKƏRİMOVA