Son günlər radikal müxalifət düşərgəsində diqqətçəkən proseslər baş verməkdədir. Çünki builki yayın istisi müxalifətin kristallaşmış buzlarını, demək olar ki, əridib. Ona görə də, düşərgədə birinin digərinin ünvanına təhqiredici fikirlər səsləndirməsi, keçmişi ilə bağlı ilginc faktları cəmiyyətə təqdim etməsi artıq adi bir hal alıb. Bu, bir yandan müxalifətin 20 illik yanlış istiqamət xətti ilə irəliləməsinə işarə olsa da, digər tərəfdən onların özlərinin əli ilə ifşası deməkdir. Bəlkə də, bu günə qədər qatı açılmamış faktlar builki yay qədər müxalifət düşərgəsindən üzə çıxmamışdı. Bu baxımdan da, müxalifət düşərgəsində hər kəsin gözü görəcəyindən, qulağı eşidəcəyindən də artıq informasiyalar eşidilməkdədir. Sanki radikal düşərgə özünü hər şeydən təcrid etdiyi üçün, özünüifşa reallığını məhz bu ilin yayına saxlayırmış. Eyni zamanda, düşərgədəki anormallığın başqa bir tərəfi isə mümkün yanaşmaların fərqli üsullarla həyata keçirilməsinə edilən cəhdlərdir. Elə bu üsullardan biri də, bir-birinə həm "dost", həm də "düşmən" kimi baxanların indi tamam fərqli münasibət göstərməsidir. Çox güman ki, düşərgədə bu mövedə olanların göndərdikləri mesajlarının arxasında da nəsə başqa qaranlıq məqamlar var. Bunun əyani təzahürləri bir deyil, iki deyil... Elə götürək, Müsavat partiyasını. Dünənə qədər Müsavat başqanı İsa Qəmbərova "canbir qəlbdən" bağlı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun indi ondan üz çevirərək, ABŞ-da biznes fəaliyyəti ilə məşğul olan "Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyevlə sıx izdivaca girməsidir. R.Arifoğlu bir neçə gün öncə İ.Qəmbərovla aralarında yaşanmış gərginliklə bağlı müəyyən məqamlara aydınlıq gətirib. R.Arifoğlunun iddiasına görə, Müsavat partiyası ənənəvi taktikalardan imtina etməlidir. "Yeni Müsavat" qəzetinin baş yazarı bu iddiasını onunla əsaslandırıb ki, indiyə qədər Müsavat partiyasının həm qatılmış olduğu seçki proseslərində, həm də digər məsələlərdə əldə etmiş olduğu uğursuzluqlar məhz İsa Qəmbərovun səviyyəsiz siyasətinin nəticəsində baş verir: "İ.Qəmbərov bu 20 il ərzində istər partiyanın, istərsə də funksionerlərin istəklərini öz şəxsi ambisiyalarına qurban verib. Belə olan halda, bundan sonra yenidən sədr olmaq iddiasına düşmək istəyənlər ancaq xəstə psixologiyalılardır. Bu isə, partiyada ciddi gərginlik yaradır. Görünür, İ.Qəmbərov bu reallıqları hələ də dərk etmir".
Görünür, R.Arifoğlu elə bu səbəbdən də "ACP" lideri Rəsul Quliyevlə münasibətlərinə yenidən başlamaqla, əslində, İ.Qəmbərova acıq vermək, həmçinin də, öz maraqlarını təmin etməyə çalışır. Məhz bu səbəbdəndir ki, R.Arifoğlu R.Quliyevin köçürmə romanını "Yeni Müsavat"da dərc etməklə, daha çox ona yaranmağa çalışır. O, düşünür ki, R.Quliyev ABŞ-da müəyyən qədər biznes imkanlarına malikdir və bundan yararlanmaq şansını əlindən buraxsa, heç də yaxşı olmaz. Sadə dildə desək, R.Arifoğlu pul qoparmağın asan yollarını həmişə çox gözəl müəyyənləşdirdiyi üçün bu yolun onun üçün uğurlu olacağına da əmindir...
Rəfiqə