PDF Oxu

Müxalifət

  • 17

“İctimai Palata” “altılar”a qarşı hücuma keçdi

“İctimai Palata” “altılar”a qarşı hücuma keçdi

Radikal düşərgədə yaradılmış siyasi qurum və partiyalar arasında əks-təbliğat kampaniyası getdikcə daha kəskin xarakter almaqdadır. Belə ki, "müxalifət düşərgəsinin birliyi istiqamətində" yaradıldıqlarını bəyan edən həmin qurumların, əslində, düşərgədaxili dağıdıcılıqla məşğul olmaları yetərincə öz təsdiqini tapmaqdadır.

Digər tərəfdən, heç bir nəticə ortaya çıxara bilməyən "liderlər"in özlərini sığortalamaqdan ötrü, istənilən alçaq addımlara getmələri də deyilənlərdə öz əksini tapır. Daha dəqiq desək, ortada bir sığortalanmaq və özünü təmizə çıxarmaq amili mövcuddur ki, bu da mitinqlərin və aksiyaların keçirilməsindən ibarətdir. Bu əsnada, "İctimai Palata" adlandırılan qondarma qurumun "yuxarı instansiyaları" olan AXCP (i) və Müsavat partiyalarının rəhbərləri "koordinasiya şurası"nın toplantısında mitinq keçirmək qərarına gəliblər. Hətta həmin mitinqə məntiqsiz ad tapmağa da vaxt ayırıblar- "sentyabr mitinqi". Eyni zamanda, "palata" müxalifətçiləri özlərini ikitərəfli "sığorta" bicliklərindən də istifadə edərək, "altılar"ı mitinqdə iştirak etməyə dəvət ediblər. Təbii ki, yuxarıda qeyd edilən variantlarla çıxış yolu axtarmağa cəhd göstərən Əli Kərimov-İsa Qəmbərov cütlüyü, bununla, radikal düşərgədə onlara alternativ olan "altılar"ı bir növ kölgədə qoymağa səy göstərir. Bir tərəfdən, özlərini "yuxarı müxalifət instansiyası" kimi göstərmək istəyirlər, başqa tərəfdən isə öz "imic"lərini qorumağa çalışırlar. Çünki arada bir nüans da mövcuddur ki, bu da "İctimai Palata"nın tərkibindən istefa verənlərin alternativ "altılar"a transfer olmalarıdır. Lakin mitinq, yaxud aksiya məsələsində başqa motivlərin də güdülməsi radikal "palata" mənsublarının planlarında var. Belə ki, onlar yüz faiz əmindirlər ki, "İctimai Palata"ya alternativ qurum sayılan digər qurum və birliklər həmin mitinqə qatılmamaqla, onları boykot edəcəklər. Və əslində, mitinqin keçirilməsi də inandırıcı görünmür. Məsələ ondadır ki, mitinq və aksiyaların təşkilatçılığından tutmuş, sosial bazaların qıtlığı, elektoratın yox dərəcəsində olması, qurumdaxili intriqaların ən yüksək həddə inkişaf etməsi də aksiyanın baş tutmayacağı proqnozunu reallaşdırır. Əgər belə olmasa idi, daha öncə keçirilmiş bu kimi "tədbirlər" heç olmasa piket şəklində gerçəkləşərdi. Amma bu, heç piket səviyyəsində olan "aksiyaya" da çevrilmədi. Yadda qalan isə, sadəcə, dağıdıcılıq, anarxiya və xaos oldu ki, bunun da törədiciləri öz layiqli cavablarını aldılar.

"Altılar"a gəlincə isə, həmin qurumda toplaşan müxalifət partiyaları da heç bir uğura imza atmaq imkanına malik deyillər. Çünki müxtəlif zamanlarda müxtəlif düşərgə bloklarında bir-birləri ilə düşmənçilik edən həmin partiyaların olanları yadlarından çıxarmaları da mümkünsüzdür. Lazımi zamanda, qarşılıqlı "qurşaqaltı" zərbə vurmağa hazır olan siyasi partiyaların sabah hansı əməllərdən çıxacaqları indidən məlumdur. Bu gün ADP-nin, "VİP"in, "Ümid"in, "KXCP"nin, ALP-nin, AMİP-in bir yerdə "cəmləşməsi" o demək deyil ki, onlar qarşılıqlı razılaşma və səmimiyyətlə "siyasi mübarizə" aparırlar. Bu, heç də belə deyil. Çünki həmin partiyalar da bir zamanlar gah bir, gah da digər siyasi qurumlarda əks mövqelərdə dayanaraq, az qala "qan düşməni" kimi davranıblar.

Beləliklə, bütün mənalarda demək mümkündür ki, nə "İctimai Palata", nə də ki, "altılar" hər hansı ambisiyalar ortaya qoymaqla, müvəffəqiyyətli "siyasət" aparmağa nə layiq, nə də ki, bacarıqlıdırlar. İstər mitinq, istərsə də başqa tərzlərə yönəldilmiş "fəaliyyət" göstərən radikal müxalifət ünsürləri, ümumiyyətlə, nə etdiklərinin fərqində deyillər. Çünki onların gücləri bundan artığına çatmır. Bu, bir aksiomadır...


RÖVŞƏN

Digər xəbərlər