Mövcud olduqları illər ərzində həmişə öz maraqları və istəkləri çərçivəsində "iş"lər qurub, iddialar ortaya qoymağa çalışan bu günün müxalifətçiləri hansı qütbə xidmət etdiklərinin fərqində olduqlarını özləri də bilmirlər. Məhz 20 ilə yaxındır ki, müxalifətçilik adı altında bir sıra xoşagəlməz hadisələrdə ad çıxarmış radikal müxalifət partiya rəhbərləri son vaxtlar dırnaqarası aktivlik göstərməklə öz daxili dünyalarını bir daha açıq şəkildə nümayiş etdirirlər. Onlar məhz bir sıra amilləri özləri üçün əsas götürsələr də, əsil reallıqdan kənar qaça bilməzlər. Çünki 20 ilə yaxındır ki, radikal müxalifət ünsürləri öz adları ətrafında müəyyən şoular düzəldir, maxinasiyalara yol verir, cəmiyyətin adından belə uydurma bəyanatlar verməyə cəhdlər edirlər. Amma bütün bunların müxalifətin, nəinki bir addım irəliyə doğru istiqamət almasına, daha da geriyə çəkilməsinə şərait yaradıb. Başlıca səbəb isə müxalifətin sosial bazadan tamamilə məhrum olmasıdır. Zaman-zaman etmiş olduqları xətalar, atmış olduqları yanlış addımlar, vermiş olduqları uydurma bəyanatlar məhz cəmiyyətin müxalifətə qarşı antisimpatiyasının formalaşmasının əsaslarını təşkil edib. Bundan isə qurtulmağın yeganə yolu siyasi arenanı tərk etməkdən keçir. Əgər onlar belə bir addım atmaq cəsarətində olmasalar, tarix bunun öhdəsindən məharətlə gələcək. Eyni zamanda, yetişmiş olan situasiya, mövcud olan reallıqlar, bunu deməyə əsas verir ki, artıq tarixin acı arxivinə doğru sürətlə istiqamət götürmüş radikal müxalifət ünsürlərini buradan qurtaracaq imkanı və qüvvəsi yoxdur.
Xalqın qanı üzərində hakimiyyət
qəsb etmişlərin bu günü...
Zaman və gerçəklik müstəvisində 1990-cı illərin əvvələrində xalqımızın başına gətirilən bəlalar, dövlətçiliyimizin tarixinin sınaq qarşısında qalmasını bugünkü müasir cəmiyyətimizin üzvləri unutmayıblar. Həmin dövrlər xalqın ağır durumu, yaşanan sosial-iqtisadi sarsıntı, daxili milli ədavət və kənar təcavüz Azərbaycan tarixinin ən çətin anlarından biri kimi qiymətləndirilir. Əgər əsrin əvvələrində, yəni 1905-1908-ci illərdə xalqımız dəhşətli soyqırımı siyasəti ilə üz-üzə qalmışdırsa, bu, tarixi bədnam qonşularımız 1918-ci ildə də növbəti dəfə təkrar etmişdirlərsə, 1990-cı ilin əvvəllərində AXC-Müsavat cütlüyünün yetkililəri Azərbaycan xalqını növbəti sınaq qarşısında aciz qoymuşdular. Çünki onlar xalq hərəkatı adı ilə millətin qanı üzərində hakimiyyətlərini təmin etmək üçün can atırdılar. 1992-ci ildə Azərbaycan xalqının başına növbəti soyqırımı faciəsinin gətirilməsi və cəbhəçilərlə müsavatçıların hələ 1990-cı ilin 20 yanvardakı qanlı qırğından qazanmaq istədikləri siyasi dividend onların kreslo həvəsini reallığa çevirdi. Beləliklə də, xalq növbəti sınaq qarşısında, dövlətin heç bir dəstəyi olmadan tək qaldı. Nəticədə isə AXC-Müsavat cütlüyü "koalision" hökumət adlandırdıqları qondarma bir rejim yaratdı. Traktor sürücüsünü, icra hakimiyyətinə, tokarı nazirlər kabinetinə, çobanı isə öz sahəsindən ayırıb kresloya gətirdilər. Bunun da nəticəsi olaraq, hakimiyyətdə olduqları dövrdə xalqın, millətin düşmüş olduğu bütün çətinliklər onların yaddaşından, demək olar ki, silindi. Nəticədə, dövlət xəzinəsi vəhşicəsinə talandı, AXC-Müsavat cütlüyünün siyasi aqressiyası nəticəsində milli ayrı-seçkilik ortalığa çıxdı ki, bu da qardaş qanının axıdılmasına rəvac verdi.
T.Qurbanlı