PDF Oxu

Müxalifət

  • 12

Azərbaycan Milli İstiqlal Partiyasında yenə rəhbərlik problemi yaşanır

Azərbaycan Milli İstiqlal Partiyasında yenə rəhbərlik problemi yaşanır

Müxalifət düşərgəsində təmsil olunan bütün partiyaların məhz "İctimai Palata"nın əli ilə sıradan çıxarılması prosesi böyük sürətlə yenidən start götürüb. Hələ bir müddət öncə də bu təşkilatın müxalifət qurumlarının axırına çıxacağını qeyd etmişdik. Artıq həmin hadisələrin üzərindən az müddətin keçməsi deyilənləri bir daha təsdiqləyib. Çünki "İP"-in müxalifətin dağıdıcı qüvvələri tərəfindən yaradılmış təşkilat olduğu üçün onun qarşısında belə bir məqsəd dayanır. Sözsüz ki, az bir müddət öncə "İP"-dən imtina etmiş və sonradan buraya geri dönmüş Azərbaycan Milli İstiqlal Partiyasının aqibətinə nəzər salarkən bunu açıq görmək mümkündür.

Məhz bu səbəbdəndir ki, son günlər AMİP rəhbərliyinə daxil olan şəxslər arasında bu anormal məsələ ucbatından dartışmalar gedir. Onlar birmənalı şəkildə konkret qərar verib yekdil rəy ortaya qoymaqda çətinlik çəkirlər. Bunun ilk səbəbi "İctimai Palata" başbilənləri tərəfindən ələ alınmış AMİP sözçüləri olsalar da digər məsələ orada təmsilçiliyə qarşı olanların mövqeyidir. Ona görə də, hazırda AMİP-çilər "VİP" sədri Əli Əliyevin dönəmindəki hadisələrə oxşar proseslərlə üz-üzə qalıb. Qeyd edək ki, ötən gün AMİP rəhbərliyinə daxil olan şəxslər arasında "İctimai Palata"da təmsilçilik və digər partiyadaxili məsələlərlə bağlı fikir ayrılığı olduğu haqda bir müddət öncə yazdıqlarımız təsdiqini tapmaqdadır. Artıq fikir ayrılıqları mediada qarşılıqlı ittihamlar şəklində ortaya çıxıb.

AMİP katibi Əli Orucov partiyanın fəaliyyətində qüsurlar olduğu barədə açıqlamalar verməyə başlayıb. Ə.Orucov son dövrlər AMİP-in qərarlarında qüsurlar və yürütdüyü siyasətdə bir sistemsizlik, uyğunsuzluq olduğunu bildirir. Ə.Orucov bizimlə söhbətində partiya rəhbərliyindəki şəxslərdən konkret kimləri tənqid etdiyini açıqlamadı. "AMİP kollegial orqandır, məsuliyyət eyni dərəcədədir. Amma bu kollegial orqanlara rəhbərlik edən qurumlar da var. Onlar daha çevik fəaliyyət göstərməlidirlər. Mən AMİP-in potensialını bilirəm. Lakin bu gün AMİP həmin potensialından istifadə edə bilmir. Bu potensial ortaya qoyulmalıdır. Mənim istədiyim budur" deyə Ə.Orucov əlavə etdi.


Əli Orucov: "AMİP-in qərarlarında qüsurlar və yürütdüyü siyasətdə bir sistemsizlik, uyğunsuzluq var"


Ə.Orucov qeyd etdi ki, AMİP lideri Etibar Məmmədov partiyanın funksional idarəçiliyinə, daxili işlərinə qarışmır. "E.Məmmədov şərait yaradıb, gənclər fəaliyyət göstərirlər, rəhbərlikdə təmsil olunurlar, yeni kadrların yetişməsi üçün imkanlar yaradılıb. Amma bu imkanlar boşuna getməməlidir. Mənim tənqidi fikirlərim də bunun üçündür. Mən boşuna deməmişəm ki, partiyanın Mərkəzi Şurası çağırılmalıdır. Problemlər Mərkəzi Şurada müzakirə edilməli və atılacaq addımlar müəyyən olunmalıdır. Qərarların icrası isə Siyasi Şuranın və katibliyin üzərindədir" deyən Ə.Orucov qurumun parçalanmasında və siyasi səhnədən birdəfəlik silinməsində bəzi şəxslərin maraqlı olduğunu söylədi.

AMİP Siyasi Şurasının üzvü, partiyanın sabiq baş katibi Fuad Muxtarov isə Ə.Orucova nisbətən daha kəskin danışıb. O, partiyanın fəaliyyətinin sıfır səviyyəsində olduğunu vurğulayıb: "Görünən dağa nə bələdçi? İndi görünən odur ki, AMİP-in fəaliyyəti yoxdur. Adicə bir şeyi deyim: AMİP Siyasi Şurasının toplantısı axırıncı dəfə təxminən may ayında keçirilib" deyə o, hiddətini ifadə edib.


Fuad Muxtarov: "AMİP-in indiki sıfır fəaliyyətinə görə rəhbər və baş katib günahkardır"


F.Muxtarov bu məsələlərlə əlaqədar rəhbərliyi günahlandırıb. "Partiyanın "İctimai Palata"dan gözlənilməz olaraq çıxması şübhəli idi. Bununla bağlı Siyasi Şura necə çağırıldı, Siyasi Şurada kvorum oldu-olmadı, bunlar araşdırılmalıdır. Partiyanın indiki sıfır fəaliyyətinə görə rəhbər və baş katib günahkardır" deyən F.Muxtarov bu məsələyə görə məsuliyyət daşıyan şəxslərin hər birinin iç üzünü açacağını və onların, əslində, nə işlərlə məşğul olmaları barəsində ictimaiyyətə dolğun məlumatın veriləcəyini söylədi. Bütün bunlar isə, onu göstərir ki, radikal müxalifət özünün "qocaman" adlandırdığı daha bir partiyasını, yəni Azərbaycan Milli İstiqlal Partiyasını itirməyə çox yaxındır. Çox güman ki, AMİP-də arxivə göndərilmiş digər müxalifət qurumları kimi öz mənasız ömrünü bu cür problemlər üzərində başa vuracaq.


Tapdıq Qurbanlı

Digər xəbərlər