Həmişə adət etdikləri əməllərdən ayrıla bilməyən müxalifət yenə də öz çirkin əməllərindən əl çəkə bilməməsi radikal düşərgədə ziddiyyətlərin yaranmasına səbəb olur. Belə ki, Yaxın Şərq ölkələrində baş verənlərin təsiri ilə radikal müxalifətin "fəallaşması" və "inqilab" xülyasına girməsi bir sıra proseslərin daha kəskinləşməsinə gətirib çıxarıb. Müsavat partiyası parçalanmadan və kütləvi şəkildə dağılmaqdan müvəqqəti olaraq, qurtulmağa nail olsa da, bu keçici bir zamana qədər davam etdi.
Belə ki, əgər xatırlasaq, bir sıra AXCP (i)-Müsavat "ittifaqı" parlament seçkilərindən uğursuz çıxmışdı. Bəziləri gözləyirdilər ki, bu iki siyasi təşkilatın "birliyi" ən azı 2005-ci ildəki effekti verəcək, müxalifət az da olsa toplanacaq, güc mərkəzinə çevriləcək və hakim partiyaya alternativ olaraq çıxış edəcək. Amma təbii ki, belə olmadı. AXCP (i) ilə Müsavatın qondarma ittifaqı heç bir ciddi nəticəyə çevrilmədi və ölkədə gedən siyasi proseslərə təsir rıçaqı yaranmadı. Belə ki, konkret halda AXCP (i) seçkidən sonra Müsavatı tamamilə sıradan çıxarmağı düşünürdü. Onu da qeyd edək ki, hələ qış aylarında AXCP (i)-nin Müsavatı dağıtmaq planı işə düşmüşdü. Öncə AXCP (i) ilə sıx münasibətlərə malik olan İbrahim İbrahimli Müsavatın Divan üzvlüyündən istefa verdi. Ardınca Adil Qeybulla, Qabil Hüseynli və nəhayət, Məclis sədri Sülhəddin Əkbər Müsavatdan istefa verdilər. Bu istefalar Müsavat Divanında keçirilən müzakirələrdən sonra baş verdi. Xatırladaq ki, hələ seçkilər dönəmində Müsavat və AXCP rəhbərləri iki partiyanın birləşəcəyini anons etmişdilər. "Birləşmə" missiyasına Müsavatdan İbrahim İbrahimli, AXCP (i)-dən isə Fuad Qəhrəmanlı başçılıq edirdi. Lakin seçkidən sonra Müsavat rəhbərliyi qəfildən mövqeyini dəyişdi. Belə bir rəy vardı ki, onları buna AXCP (i)-nin gizli niyyəti vadar edib. Siyasi kuluarlarda dolaşan xəbərlərə görə, AXCP (i) Müsavatın bəzi funksionerləri ilə separat danışıqlara gedərək, razılıq əldə ediblər. Razılığa əsasən, onların "birləşmə" qurultayında Müsavatın partiya olaraq AXCP (i)-yə "birləşmə"sini təmin etməli, AXCP (i) rəhbərliyii vahid partiyanı ələ keçirməli, İsa Qəmbərov başda olmaqla Müsavat rəhbərliyi kənarda qalmalı idi. Plan vaxtında ifşa edildi və Müsavat divanı "birləşmə" məsələsini təxirə saldı. İstefalar məhz bundan sonra reallaşdı. Planları pozulmuş Müsavat funksionerləri partiyadan getmək zorunda qaldılar. İstefaların ardınca AXCP (i)-nin Müsavatı dağıtmaq planı işə düşməli idi. "Cəbhə" funksionerləri eynilə 2000-ci ildəki kimi Müsavatın rayon təşkilatlarına müraciət edəcək, İsa Qəmbərov-Arif Hacıyev cütlüyünün birləşmə ilə bağlı öhdəliyi pozduqları bildiriləcək, müsavatçıları birləşmə qurultayına "hə" deməyə çağıracaqdılar. Lakin araya ərəb inqilabları düşdü, müxalifətin başı qarışdı, Sülhəddin Əkbər və müttəfiqlərini istefası boşuna getdi. AXCP (i) xaricdən gələn sifariş əsasında Müsavatla "müttəfiqliyi" möhkəmləndirmək məcburiyyətində qaldı. Planın pozulduğunu göstərən faktlardan biri Qabil Hüseynli ilə birgə istefa verən Adil Qeybullanın geri - Müsavata qayıtması oldu. Halbuki bu iki şəxs istefa verəndən sonra Müsavat və İsa Qəmbərov əleyhinə olmazın sözlərini işlətmiş, hətta təhqirə yol vermişdilər. Adil Qeybulla İsa Qəmbərov haqqında "bu adam çaşır" ifadəsini işlətmiş, Qabil Hüseynli daha ağır ifadə ilə İsa Qəmbərovu təhqir etmişdi.
Müsavat partiyasından verilən məlumata görə, "birləşmə" məsələsi partiyanın qurultayında yenidən gündəliyə çıxarılacaq və İsa Qəmbərova təzyiqlər ediləcək. Beləliklə də, qurultaya qədər AXCP (i) istefa verənlərin əli ilə Müsavatın olan-qalan elektoratını ələ keçirməyə çalışacaq.
R.Hüseynova