Artıq məlum olduğu kimi, "İctimai Palata" sentyabrın yeddisində aksiya keçirməyi planlaşdırır. Amma "palata"nın bu addımı radikal müxalifətin digər qanadı tərəfindən ciddi qəbul edilmir. AMİP, ADP, "Ümid" "VİP" partiyalarının ardınca, ALP tərəfindən də açıqlamalar verilib və bildirilib ki, "İctimai Palata"nın bu addımlarla nəyəsə nail olacağı heç də inandırıcı görünmür. Belə ki, ALP sədri Əvəz Temirxan deyir ki, hər partiyanın kütləvi aksiyaları nə zaman keçirmək barədə seçim etməyə haqqı var, amma gərək hər bir situasiyaya uyğun addımlar atılmalıdır: "Amma biz hesab edirik ki, müxalifətin bir kəsiminin küçələrə çıxaraq etiraz etməsi effektli vasitə deyil".
Bu vasitə ilə "palata" təmsilçilərini başqa "birlik" formatına çağıran Ə.Temirxan bilavasitə həm "İctimai Palata"nı, həm də orada avtoritar rejim yaradan Müsavat və AXCP (i) sədrlərini boşboğazlıqda günahlandırıb. O deyib ki, köhnəlmiş və effektsiz addımlar atmaqdansa, müxalifətin gələcəyi üçün islahatlar aparmaq lazımdır.
Ə.Temirxan daha sonra deyib ki, əgər 8 partiya bir araya gəlib böhran masası yaratsa, mövcud problemlərin birgə müzakirəsini aparsalar, bəlkə nəyəsə nail ola bilmək imkanını əldə edə bilərlər: "Bu gün kütləvi aksiyalar keçirmək istəyənlərin gücləri indiki vəziyytdə real müxalifətdaxili islahatları həyata keçirməyə kifayət etmir. Eyni zamanda bu, baş verməyəndə cəmiyyətdə daha sürətli dəyişikliklər etmək üçün bu taktika yetərli deyil. Odur ki, adı çəkilən hər bir partiya bu istiqamətdə düşünsə, yaxşı olar".
Xatırladaq ki, sonuncu dəfə bu tipli açıqlama ilə "VİP" sədri Əli Əliyev də çıxış eləmiş və radikal müxalifətin yararsızlığını açıq şəkildə etiraf etmişdi. Lakin bütün bunlara baxmayaraq, "İctimai Palata" həmin açıqlamaları ciddiyə almayaraq, öz inadkarlığını nümayiş etdirərək, aksiya keçirməkdə israrlı olduğunu bildirir. Onu da demək mümkündür ki, hazırda iki düşərgəyə ayrılan radikallar belə getsə üçüncü ayrılığn astanasından elə də uzaq deyillər. Həmçinin, görünür digər tərəfdə olan düşərgədaşlarının açıqlamalarına qulaq verməyənlər, sonda müvafiq strukturlara öz yaxalarını verməyə məcbur olacaqlar. Çox yəqin ki, qısa zaman kəsiyində bunu da görəcəyik.
RÖVŞƏN