Radikal müxalifət düşərgəsində yenidən qarşılıqlı ittihamlar baş alıb getməkdədir. Belə ki, budəfəki ittihamlara tuş gələn ADP sədri Sərdar Cəlaloğlu və "Ümid" partiyasının rəhbəri İqbal Ağazadədir. Onlar ADİP sədri Tahir Abbaslı tərəfindən ciddi qınaq hədəfinə çevriliblər.
Məsələ ondadır ki, hələ bir müddət bundan öncə, ADP sədri S.Cəlaloğlunun "müxalifətin alternativ parlamenti" mövzusunu ortaya atması düşərgə mənsubları tərəfindən müxtəlif cür qarşılandı. İlk növbədə "İctimai Palata"dan açıqlamalar gəldi ki, bu addım yalnız "palata" tərəfindən irəli sürülmüş vasitədir. Hətta Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və onların "söz dağarcıqları" hesab edilən Pənah Hüseynov S.Cəlaloğluya qarşı ikinci "cəbhə" də açmışdılar.
Ancaq bütün bunlardan sonra, "əməyinin hədər gedəcəyini" görən ADİP sədri Tahir Abbaslı da həm ADP sədrini, həm də "Ümid" rəhbərini oğurluqda günahlandırıb: "Sərdar Cəlaloğlu deyir ki, alternativ parlament ideyasını İqbal Ağazadə irəli sürüb. Əgər bu ideya alınmasa 125-lər hərəkatını yaratmağı planlaşdırırlar. "Alternativ parlament" təklifini ilk dəfə mən irəli sürmüşəm. İlk dəfə bu təkliflə 2005-ci il parlament seçkisindən sonra çıxış etmişəm. 2010-cu ildə keçirilən parlament seçkisindən dərhal sonra eyni təklifi səsləndirdim".
Bir daha xatırladaq ki, bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri T. Abbaslı ADP sədri S. Cəlaloğlunun mətbuatda səsləndirdiyi "Alternativ parlament" və "125-lər Hərəkatı" ideyalarına münasibət bildirərkən deyib. AİDP sədri onu da deyib ki, adıçəkilən şəxslərin bu məsələləri önə çəkmələri özlərini gündəmə gətirməkdən başqa bir şey deyil: "Alternativ ideyası parlament seçkisindən dərhal sonra yaradılmalı idi. Amma təəssüf ki, həmin vaxt özünü ana müxalifət sayan partiyalar bu təklifə ciddi baxmadılar. Mən təklif etmişdim ki, müxalifət parlament seçkilərinə hazırlaşmaqla yanaşı bu prosesi də aparmalıdır. Amma təkrar edirəm ki, 2005-ci ildə parlamentdən 4-5 yer alan "Müsavat" və digər partiyalar bu məsələni ciddiyə almadılar. Eyni münasibətə görə 2010 parlament seçkisindən sonra da bu təklif reallaşdırılmadı".
T.Abbaslı hazırkı durumda bu təkliflərin reallaşmasına inanmır: "Seçkidən xeyli müddət keçib. Ona görə də indiki halda cəmiyyət tərəfindən ciddi qəbul olunmayacaq. Seçici bu ideyaya inanmayacaq. Çünki cəmiyyət bir sıra addımların vaxtında atılmasını tələb edir".
Eyni zamanda, "Ümid" sədri irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bildirib ki, əslində, onu "oğurluğa" ADP sədri cəlb edib və nəticədə onun da adi bu mövzuda hallanir. Yəni bütün günahları öncələr olduğu kimi S.Cəlaloğlunun üzərinə atır. Fəqət, ADP sədri də "Ümid" sədrinin bu addımlarına qeyri-ciddi yanaşır və deyir ki, əslində, həqiqi "ideya oğrusu" məhz İ.Ağazadədir. Bu vasitə ilə bir-birilərini ittiham edən radikal müxalifət rəhbərləri görünür son anda müvafiq orqanlara müraciət etməli olacaqlar. Və o zaman bəlli olacaqdır ki. "oğru" kimdir: S.Cəlaloğlu, yoxsa İ.Ağazadə?
R.Rəsulov