Son vaxtlar mətbuatın gündəmində olan məsələlərdən biri də özlərini hüquq müdafiəçiləri adlandıranların qaldırdığı haray-həşirlərlə bağlıdır. Belə saxta hüquq müdafiəçiləri öz mənafeləri uğrunda apardıqları mübarizəni cəmiyyətin maraqlarını qorumaq adı ilə təqdim etməyə çalışsalar da, "pişiyin quyruğu" görünür. "Quyruğu" görünənlərdən biri də Leyla Yunusovadır...
Leyla Yunusovanın kim olduğu və kimlərə xidmət etdiyi Azərbaycanda çoxlarına yaxşı bəllidir. Məsələn, bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında Leyla Yunusovanı ermənilərlə əlbir olmaqda ittiham edən politoloq Zərdüşt Əlizadə özünü ölkənin bir nömrəli hüquq müdafiçisi kimi cəmiyyətə sırımağa çalışan Leyla Yunusun həyat yoldaşının erməni olduğunu iddia edib. Zərdüşt Əlizadə yazıb ki, Leyla Yunusovanın əri ermənidir. Görün, biz nə qədər tolerant ölkədə yaşayarıq ki, ermənilərin bizim vətəndaşların hüquqlarını müdafiəsinə imkan veririk.
Xatırlayırsınızsa, bir müddət əvvəl Mirzə Sakit də həbsdə olanda hüquq müdafiəçilərinin əsil kimliyini bir qədər açıb göstərmişdi. O zaman bir çoxları buna inanmır, Mirzə Sakitin qaşınmayan yerdən qan çıxardığını iddia edirdilər. Amma iş elə gətirdi ki, Eynulla Fətullayev də həbsdən çıxanda eyni məzmunlu açıqlamalar verdi və bildirdi: "Bir çox hüquq müdafiəçiləri siyasi dustaqların hesabına bir çox dividendlər qazanırlar. Onların bəziləri hədiyyələr alır, iş düzəldir, xeyir götürürlər".
Leyla Yunusova adi oğrunu da siyasi məhbus adı ilə Avropaya təqdim edib qrant alan "demokratiya" fədaisidir. Belə birisinin özünü cəmiyyət maraqlarını müdafiə edən kimi göstərməsi absurddur. Üstəlik, real əməllərlə irəli sürülən iddianın bir araya sığmaması həyasızlığın son mərhələsidir.
Leyla xanımın erməni sevgisi özünü hərdən bütün çılpaqlığı ilə büruzə verir. Leyla Yunusova Ermənistana səfərlərinin birində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan düşmən ölkənin paytaxtında ən yaxşı halda xəyanət kimi dəyərləndirilə biləcək növbəti antimilli bəyanatını səsləndirmişdi: "Ermənistanda martın 1-də baş verənlər təəccüblü deyil. Azərbaycanda 2003-cü ildə baş verənlər Ermənistanda 2008-ci il martın 1-də təkrarlanıb".
Leyla Yunusova Ermənistan jurnalistlərilə söhbətində özünün və həyat yoldaşı Arif Yunusovun Azərbaycanda təqib olunduqlarını xatırladaraq, açıqlamalarının yalnız onunla razılaşdırıldıqdan sonra yayımlanmasını tələb edib. Ermənistan kütləvi informasiya vasitələri də, öz növbəsində, hər iki şəxsin çıxışlarından seçmələri onlarla razılaşdırdıqdan sonra yayımladıqlarını xüsusi olaraq vurğulayıblar.
Təəssüflər olsun ki, Leyla Yunusova və onunla eyni düşüncəni bölüşən üzdəniraq simalar artıq uzun illərdir ki, Ermənistana səfərlər edir və Azərbaycan əleyhinə bəyanatlar verirlər.
Leyla Yunusovanın Yerevanda səsləndirdiyi fikirlər bilavasitə erməni təbliğatına işləməsi təəssüratını yaradır. Azərbaycan işğala son qoyulacağı təqdirdə Dağlıq Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyinə təminat verəcəyini dəfələrlə bəyan edib. Leyla Yunusova isə hər dəfə Yerevanda çıxışında bildirir ki, "onun hüquqlarının pozulduğu bir ölkədə ermənilərin hüquqlarının qorunacağına zəmanət yoxdur".
Bu həmin Leyla Yunusovadır ki, Qarabağ müharibəsindən ikicə il sonra çıxıb efirdə dedi ki, "bəsdirin də Qarabağda ölən azərbaycanlılar üçün ağladız, bir az da Qarabağda ölən ermənilər üçün ağlayın".
Məlum olduğu kimi, "Qış Parkı"nın salınması ilə bağlı avqustun 11-də Leyla Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun paytaxt Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülüb.
Təbii ki, bu zaman digər sakinlər kimi Leyla Yunusovanın da əmlakının real bazar dəyərində kompensasiya ödənilib. Maraqlı məqam orasındadır ki, indi həm Leyla Yunusova, həm də onun həyat yoldaşı Arif Yunusov aləmə car çəkirlər ki, bəs guya ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildiriblər və içəri girən kimi ofisin pəncərələrini sökməyə başlayıblar.
Bu iddianın yalan olduğunu hadisənin şahidləri də qeyd edirlər. Hüquq müdafiəçisi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı mətbuatda başlatdığı böhtan və şantaj kampaniyasını davam etdirir. Onun iddiasına görə, guya "Qış bulvarı"nın tikintisində 900 milyon manat mənimsənilib. Halbuki həmin layihədə cəmi 73 milyon manat xərclənib.
BŞİH başçısının sözlərinə görə, Leyla Yunusova Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilərkən ona bildirilib ki, dövlət hər bir Azərbaycan vətəndaşının mülkiyyət hüququna hörmət və diqqətlə yanaşır və mövcud ərazilərdə həyata keçirilən köçürülmə prosesi Bakı şəhərinin Baş Planına uyğun olaraq, aparılan abadlıq və quruculuq, daha dəqiq desək, yeni park-bağ kompleksinin salınması işləri ilə bağlıdır.
Köçürülmə prosesinin mahiyyətini və səbəblərini başa düşdüyünü, köçürməyə dövlət tərəfindən, ümumilikdə, 73 milyon manat ayrıldığı halda 900 milyon manat yeyintinin yalan və böhtan olduğunu etiraf edən Leyla Yunusova onunla aparılan söhbətdən sonra razılığını bildirsə də, yenə də köhnə əməllərindən əl çəkməyib, xarici mətbuata, kütləvi informasiya vasitələrinə, internet saytlarına və beynəlxalq təşkilatlara qərəzli şəkildə yalan məlumat verərək, guya köçürmə siyasətində korrupsiya hallarının olduğunu, eləcə də insan haqlarının, o cümlədən, vətəndaşların mənzil hüquqlarının pozulduğunu bildirib.
Məqsəd beynəlxalq və yerli ictimai fikri çaşdırmaqla ona xaricdən ayrılan qrantların davam etməsini yenidən təmin etməkdir. Çünki belələrinin həyatda yeganə amal və məqsədi nə yolla olur-olsun, yeni gəlir mənbəyi əldə etməkdir.
Göründüyü kimi, adını hüquq müdafiəçisi qoymuş bir xanımın mətbuatda qaldırdığı hay-küy əsassızdır və heç bir hüquqi çərçivəyə sığmır. Bu layihənin həyata keçirilməsindən yalnız öz mənafeyi üçün yararlanmağa çalışan Leyla Yunusova heç başqa yerlərdə hüququ pozulan vətəndaşlar üçün belə haray-həşir qoparmır. Demək onun bütün fəaliyyəti şəxsi ambisiyalar üzərində həyata keçirirlir.
Azərbaycan balaca bir ölkədir, burada hər kəsin kim olduğu yaxşı bilinir. Leyla Yunusova kimilərinin "gəmidə oturub gəmiçi ilə dava etməsi" ölkəmizdə tolerantlığın nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur. Lakin Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir və heç kəsin xidmətlərini unutmur.
Elçin Bayramlı