PDF Oxu

Müxalifət

  • 9

Pənah Hüseynovla Qüdrət Həsənquliyev problemi məhkəmə müstəvisində həll etməyə başladılar

Pənah Hüseynovla Qüdrət Həsənquliyev problemi məhkəmə müstəvisində həll etməyə başladılar
Müxalifət düşərgəsində təmsil olunan şəxslərin bir-birinin ünvanına səsləndirmiş olduğu ifadələrə görə, yaranmış problemlər dava-dalaşla həll edildiyi halda indi istiqamət tamam dəyişib. Belə ki, bir müddət öncəyə qədər düşərgədə istənilən şəxs arasındakı "razborka" daha çox yumruq müstəvisində həllini tapırdı. Amma deyəsən, kənardan müəyyən dairələr tərəfindən idarə olunan müxalifət yetkililərinə "problemlərinizi hüquq müstəvisində həll edin" tapşırığı gəlib. Ona görə də, hər bir məsələdə atılıb tez ortalığa düşən Azərbaycan Xalq Partiyasının üzvü Pənah Hüseynov BAXCP sədri Qüdrət Həsənquliyevlə aralarındakı yaranmış problemli məqamlara məhz məhkəmə müstəvisində aydınlıq gətirmək qərarı verib. Bu səbəbdən P.Hüseynov Q.Həsənquliyevin onun ünvanına səsləndirdiyi ittihamlarla bağlı olaraq Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Həmin iddiaya görə, P.Hüseynovun ərizəsinə sentyabrın 22-də saat 12.30-da hakim Abbas Rzayevin sədrliyilə Yasamal Rayon Məhkəməsində baxılacaq. Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci ildönümü ilə bağlı partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsində Pənah Hüseynovun Xalq Cəbhəsinin pullarını götürüb qaçdığına dair ilginc faktlar açıqlamışdı. Vurğulamışdı ki, P.Hüseynovu həmin pulları oğurladığına görə Cəbhəyə də buraxmamışdılar. Q.Həsənquliyev bu məsələ ilə bağlı o vaxt AXC Ali Məclisin xüsusi qərarının da olduğunu bildirmişdi. P.Hüseynov isə buna cavab olaraq hər cür oğurluğun şərəfsizlik və alçaqlıq olduğunu bildirmişdi. "Ancaq böhtan atıb şər yaxmaq ikiqat şərəfsizlik və alçaqlıqdır! Mən öz şərəfimi müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyəm. AXC ilə bağlı hər hansı oğurluq faktı aşkar olarsa, hər şeyi qəbul etməyə hazıram. Yox, əgər, Qüdrət Həsənquliyev məhkəməyə gəlib dediyini sübut etməsə, ən böyük şərəfsiz və alçaqdır" deyə P.Hüseynov bildirmişdi.

Tapdıq Qurbanlı


Digər xəbərlər