PDF Oxu

Müxalifət

  • 7

Radikal müxalifət tərəfindən keçirilən aksiyaların heç bir əhəmiyyəti yoxdur

Radikal müxalifət tərəfindən keçirilən aksiyaların heç bir əhəmiyyəti yoxdur

Son zamanlar radikal müxalifət düşərgəsinin, o cümlədən, "İctimai Palata"nın yenidən qanunsuz aksiyalar keçirmək cəhdləri ictimaiyyət tərəfindən ciddi qarşılanmamaqdadır. Belə ki, dağıdıcılıq, anarxiya meyilli olayların baş verməsində "palata" mənsublarının şəxsi mənfəət güdmələri də hər kəsə bəllidir. Onlar bu vasitə ilə bir sıra aldadılmış insanları ətraflarına toplayaraq, onlardan sui-istifadə edib, bəzi Qərb təşkilatlarından pul-para qoparmaqla məşğuldurlar. Bu və bu kimi digər məsələlərə münasibət bildirən BAXCP-nin sədr müavini Zöhrab Abdullayev "Səs" qəzetinə açıqlama verərkən bildirdi ki, "İctimai Palata" deyilən qurumun yenidən aksiyalar keçirmək istəyi ilə çıxış etməsi hansısa maraqlı qüvvələrin növbəti tapşırığı kimi dəyərləndirilir. Onun fikrincə, "İctimai Palata"nın bu cür aksiyalar keçirməkdə əsas məqsədi bir müddət gündəmdə qalmaqdan ibarətdir.

Eyni zamanda, sirr deyil ki, "İctimai Palata" da bütün müxalifətdə olduğu kimi, böhranlı vəziyyət hökm sürür. Belə bir vəziyyətdə onların hər hansı bir aksiya keçirmək cəhdləri onlar tərəfindən "çıxış yolu" kimi qiymətləndirilir. Bu barədə də münasibətini bildirən Z.Abdullayev qeyd etdi ki, ölkədə fəaliyyət göstərən istənilən siyasi təşkilatın iş fəaliyyətində nə isə problem yarandığı zaman yeni bir gündəm yaratmağa çalışır: "Yəni, onlar düşdüyü vəziyyətdən çıxış yollarını icazəsiz aksiyalar keçirməkdə görür. Hazırda Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsi kimi problemi olduğu halda, ölkədəki siyasi təşkilatlar hakimiyyət uğrunda mübarizə edərək əsası olmayan aksiyalara əl atırlar. İndiyə kimi, radikal müxalifət tərəfindən icazəsiz aksiyalar keçirilməsinin heç bir müsbət nəticəsi olmayıb. Hər dəfə müxalifət tərəfindən keçirilən aksiyalar uğursuzluqla nəticələnir. Bu aksiyaların uğursuzluğa düçar olmasının səbəbi onların uğursuzluqlarının nəticəsidir".


GÜLYANƏ

Digər xəbərlər