Müxalifət düşərgəsində baş verən son olaylar buradakı hiddətin əsas görüntüsü kimi dəyərləndirilir. İddiaya görə, bu cür anormal proseslər nəticəsindən sonra verilən qərarlar böyük təzada səbəb olur. Elə "Vətəndaş Hərəkatı Forumu"nun səkkiz partiya "lider"inin zirvə toplantısının reallaşdırılması üçün apardığı danışıqların müsbət nəticə verməməsini də bununla bağlamaq yerinə düşərdi. Çünki bu müxalifət təmsilçiləri bir iş görəcəkləri təqdirdə, əvvəlcədən onlar barədə o qədər danışırlar ki, axırda şorunu çıxarırlar. Xatırladaq ki, "Vətəndaş Hərəkatı Forumu" Müsavat partiyası və AXCP (i) "lider"ləri ilə danışıqları aparmaq üçün "KXCP" sədri Mirmahmud Fəttayevi də cəlb edib. "Forum"un nümayəndəsi Qurban Məmmədovla M.Fəttayev AXCP (i) sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərovla görüşübdür.
Əvvəldən elan olunduğu kimi, bu görüşlərin nəticələri, bundan sonra "səkkizlər"in zirvə toplantısının baş tutub-tutmayacağı ilə bağlı "altılar"ın ("Ümid" partiyası, ADP, "KXCP", ALP, AMİP, "VİP") toplantısı keçirilməli idi. Məhz bu görüşdə zirvə toplantısı haqda konkret qərar qəbul ediləcəyi haqda açıqlamalar verilirdi. Məhz srağagün ADP qərargahında görüş keçirildi. Lakin görüşdə məlum oldu ki, "altılar" "beşlər"ə çevrilib. AMİP toplantıya qatılmayıb. "Səkkizlər"in zirvə toplantısının baş tutmasının sual altında olduğu haqda hələ iki həftə əvvəl yazdıqlarımız da ADP qərargahında keçirilən srağagünkü görüşdən sonra təsdiqlənib. Görüşdən sonra verilən açıqlama ümumi xarakterli olub və "səkkizlər"in zirvə toplantısı barədə bir kəlmə də olsun söz açılmayıb.
Öz-özünü inkar edən müxalifət...
ADP-dəki mənbədən aldığımız məlumatda isə bildirilir ki, "beşlər"in görüşündə M.Fəttayevlə Q.Məmmədov AXCP (i) sədri və Müsavat başqanı ilə apardıqları danışıqlarda "zirvə" toplantısının keçirilməsi üçün konkret razılığa gəlməyin mümkün olmadığı barədə məlumat veriblər. Adıçəkilən iki partiyanın razı salınmasının mümkün olmaması və AMİP-in kənara çəkilməsi "beşlər"i zirvə toplantısı ilə bağlı heç bir qərar verməmək məcburiyyətində qoyub. Məhz bu səbəbdən ADP-də keçirilən görüş barədə ümumi açıqlama verilib. "Zirvə" toplantısı barədə heç bir qərarın verilməməsi İ.Qəmbərovla Ə.Kərimovun "səkkizlər"in zirvə toplantısı ideyasına müsbət yanaşmadıqları və onlarla keçirilən məlum görüşlərin nəticəsiz bitdiyi haqda deyilənləri də təsdiqləmiş oldu.
Yenə aranı AMİP qarışdırdı...
"Altılar"dan birinin-AMİP-in görüşə qatılmamasının səbəbinə gəlincə, partiyanın katibi Əli Orucov bildirib ki, onlar birlik təşəbbüslərini həmişə dəstəkləyib. Lakin görəndə ki, ortada səmimiyyət pozulub, həmin təşəbbüsdə iştirak etməyin mənası qalmır: "Birinci dəfə görüş üçün dəvət göndərildi. Biz iştirak etdik. Sonra gördük ki, mətbuatda bu görüşü şişirtməyə çalışırlar, "altılar" formatı kimi təqdim edirlər və başqa istiqamətə təbliğat gedir. Ona görə də AMİP növbəti görüşdə iştirak etmədi. İkinci səbəb isə AMİP-in ciddi qüvvələrlə, ciddi partiyalarla əməkdaşlığa üstünlük verməsidir. AMİP-in o görüşdə iştirak edən bəzi partiyalar var ki, onlarla bir cərgədə dayanması düz olmaz" deyə Ə.Orucov əlavə edib. Qeyd edib ki, onsuz da bu cür "taktiki" gedişlər öz mənasını iki-üç günə itirəcək. Buna görə də, belə bir mənasız yerdə olub vaxt itirməyin heç bir adı yoxdur deyən Ə.Orucov belə getsə müxalifət düşərgəsində ciddi bir birliyin formalaşmasının da sual altında qalacağına əminliyini ifadə etdi.
Tapdıq Qurbanlı