PDF Oxu

Müxalifət

  • 9

İqbal Ağazadənin partiya sədrliyindən getməsi proqnoz deyil, aksiomadır

İqbal Ağazadənin partiya sədrliyindən getməsi proqnoz deyil, aksiomadır

Hazırda bütün radikal müxalifət partiyalarında olduğu kimi, "Ümid" partiyasında da ən gərgin və dağınıqlı vəziyyət yaşanır. Belə ki, siyasi təşkilatın bir çox rayon təşkilat sədrləri, fəal üzvləri oradan istefa verməkdə israrlı və ciddi olduqlarını gizlətmirlər. Bundan ciddi ehtiyat edən partiya sədri İqbal Ağazadə isə gecə-gündüz cəhd edir ki, vəziyyət bu hala qədər gəlib çıxmasın. Çünki bütün bunların nəticəsi ya siyasi partiyanın dağılması, ya da İ.Ağazadənin sədrlikdən getməsi ilə nəticələnə bilər ki, bu da hər iki tərəfdən ona sərf etmir.

Eyni zamanda, partiyanın mərkəzi qərargahında da durum ürəkaçan deyil. Çünki partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə və aparat rəhbəri Nəsimi Məmmədli də təşkilatda yaranan acınacaqlı vəziyyətə görə İ.Ağazadəni ittiham edirlər və onu "Ümid"in maraqlarını satmaqda, özündən yeni-yeni hoqqalar çıxarmaqda suçlayırlar. Bütün baş verənlərin əsnasında, xüsusən, İ.Ağazadə - Ə.Ağazadə arasında kifayət qədər kəskin və gərgin münasibətlər mövcudluğunu qoruyub saxlamaqdadır. Başqa tərəfdən, sədr İ.Ağazadə başda Ə.Ağazadə olmaqla, bütün müavinlərini qınayır ki, onlar istefa ərizələrini verənlərin və bilavasitə ona qarşı çıxan "ümidçilər"in qarşısını nəyə görə almırlar. Nəticədə onsuz da gərgin olan münasibətlərdə daha da kritik hadisələr yaranır.
Eləcə də, "Ümid"də ciddi maliyyə böhranının da yaşandığı sirr deyil. Orada çalışan həm texniki, həm də digər işçilər uzun müddətdən bəridir ki, maaş almırlar. Son aylar isə, əsasən, yay ayları başladıqdan sonra, partiya qərargahına heç kim gəlmir. Hətta istefa ərizəsi ilə Bakının Montin qəsəbəsində yerləşən mərkəzi qərargaha gedənlər də təsdiq edirlər ki, partiyada nə ins var, nə də ki, cins. Məsələn, "Ümid" partiyasının bir çox üzvü partiya qərargahına gəlib, lakin bu günlər ərzində siyasi təşkilatdan çıxmaq haqqında olan ərizələrini qəbul etməyə bir nəfər də olsun adam tapmayıblar. Axırda məcbur olublar ki, öz ərizələrini və partiya vəsiqələrini qapının kandarından içəriyə dürtüşdürsünlər.
Ancaq məsələ bununla da bitmir. Ona görə də bütün bunları bir neçə mərhələyə bölsək, daha yaxşı olar. İlk növbədə, həm Ə.Ağazadə, həm də N.Məmmədli İ.Ağazadənin əleyhinədir və bunu aşkar şəkildə bəyan edirlər. Digər tərəfdən onların hər ikisi müəyyən səbəblərdən İ.Ağazadəyə qarşı birləşə bilmirlər. Belə ki, düşmənləri eyni olsa da. Bir-birlərinə qarşı da düşmənçilik mövqeyi sərgiləyirlər. İnanılmış məlumata görə, Ə.Ağazadə İ.Ağazadənin otağında olanda ətrafı səs-küy götürür və İ.Ağazadənin dilindən tez-tez "cəhənnəm olub haraya gedirsə- getsin", "hara istəyirsə oraya da ..." kimi söyüş ifadələri eşidilir. Burada söhbət N.Məmmədlidən gedir. Məlumdur ki, İ.Ağazadənin ondan o qədər zəhləsi gedir ki, heç ona nə salam, nə də sağ ol demir. Keçirilən partiya yığıncaqlarında da qəsdən həm aparatın, həm də müavinlərin işindən narazı olduğunu kəskin şəkildə bildirir.
İkinci növbədə, "Ümid"də ciddi maliyyə böhranı yaşandığından, pulların İ.Ağazadə tərəfindən xərcləndiyi iddia olunur. Daha dəqiq desək, maliyyə böhranının yaşanması İ.Ağazadənin maddi vəsaitlərinin aidiyyatı üzrə xərcləməməsindən, yəni şəxsi məqsədləri üçün sərf etməsindən irəli gəlir. Hətta qərargahda lampa dəyişməyə belə pul yoxdur ki, bu da siyasi təşkilat üçün biabırçı həddir.
Üçüncüsü, "Ümid"in rayon təşkilat sədrlərinin bir neçəsi İ.Ağazadəyə telefonla zəng vuraraq, rayon təşkilatlarında vəziyyətin ağır olduğunu bildirmiş, təcili tədbirlər görməyə çağırmışdır. Onlar sədrin dərhal həmin rayonlara səfər etməsini tələb edəcək, əks halda baş verənlərdə təqsirkar olmayacaqlarını dilə gətiriblər.
Dördüncü növbədə, "Ümid"in funksionerləri qərara gəliblər ki, İ.Ağazadəyə müraciət etsinlər. Müraciətin əsas tərkib hissələrindən biri də onun İ.Qəmbərovla və Ə.Kərimovla əməkdaşlığa gedəcəyi təqdirdə, sədrlikdən getməsi üçün əllərindən gələni edəcəkləri barədə xəbərdarlıqdır. Əlbəttə ki, bu xəbərdarlıq İ.Ağazadənin canına qorxu, vəlvələ salıb. Xatırladaq ki, Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov İ.Ağazadəyə müddət qoymuşdular ki, sonda bir nəticəyə gəlsin. Lakin məlum olduğu kimi, "Ümid" sədri onlarla əməkdaşlıq etməkdən boyun qaçırdı. Hansı ki, buna qədər bir çox məsələlərdə "əməkdaşlıqları" mövcud idi. Hətta "İctimai Palata" məsələsində də "birlik" yaradılmışdı. Ancaq məlum xəbərdarlıqdan sonra, Ağazadə həmin "əməkdaşlıqdan" imtina etməyə məcbur olmaqla yanaşı, "altılar" deyilən digər qondarma quruma "lövbər" atdı. Nəticədə bir tərəfdən özünü birtəhər sığortalamağa səy göstərdi. Lakin sonrakı məsələlərdə, onun heç bir çıxış yolunun qalmadığı onun özünə də gün kimi məlumdur. Bu səbəbdən də İ.Ağazadənin partiya sədri kimi fəaliyyətinin sonu çatdığını desək, yanılmadığımızı söyləyə bilərik. Bu, proqnoz deyil, aksiomadır.

RÖVŞƏN

Digər xəbərlər