PDF Oxu

Müxalifət

  • 13

“Yeni Müsavat” qəzetinin oynadığı “oyunların” sıra sayı...

“Yeni Müsavat” qəzetinin oynadığı “oyunların” sıra sayı...

Ölkədə fəaliyyət göstərən ayrı-ayrı müxalifətyönlü dairələrin davamlı olaraq qeyri-ciddi, heç bir həqiqət timsalına sığmayan, eləcə də, məntiqsizliyi və sübutsuzluğu ilə nəzərə çarpan iddialarla çıxışlar etməsi, sözün həqiqi mənasında, onların hansı məqsədlərə xidmət etmələrini bariz şəkildə sərgiləyir. Bu mənada, müxalif siyasi partiyaların fəaliyyətindən tutmuş, onlara xidmət göstərən siyasiləşmiş QHT-lərə qədər bütün qurumları göstərmək mümkündür. Bu sırada daha çox ictimaiyyət arasında radikal müxalifət mətbuatı kimi tanınan "Yeni Müsavat" qəzetini "nümunə göstərmək" olar.
Bu mətbu orqan zaman-zaman, ayrı-ayrı vaxtlarda ölkənin yüksək imicinə xələl gətirmək istiqamətində əlindən gələn bütün variantlardan istifadə edərək, şəxsi mənfəətini güdüb. İstər dövlətin, istər ayrı-ayrı dövlət xadimlərinin üzərinə xələl gətirməyə çalışan "Yeni Müsavat" qəzeti, hətta bir az da irəli gedərək, özündən hakimiyyətə "adam qoyub", "adam çıxarır". Düzdür, bu addım ictimaiyyət tərəfindən ciddi qarşılanmasa da, ortada başqa faktlar da var ki, onların baş verməsi artıq "cızıqdan çıxma" kimi dəyərləndirilir. Bu isə, təbii ki, adıçəkilən qəzetdə "işləyən" jurnalistlərin peşədən kənar fəaliyyətlərindəki mənəviyyatsızlıqları üzərində qurulmuş "oyun tərzidir". Belə məqamlara bir çox istiqamətləri aid etmək mümkündür. Məsələn, post-seçki dövrlərindəki "oyunlar"...

"Oyun" № 1- Post-seçki dövrü və "Yeni Müsavat"ın qara-qışqırıq şakəri
Hər bir seçkilər dövründə "Yeni Müsavat"ın daxilində xüsusi ajiotajlar yaşanır. Məsələn, qəzetin gündəlik manşetlərində "filankəs filan dairədə "hücumlara", "təqiblərə", ya da "hədələrə" məruz qaldı və həmin "olaylar" nəticəsində Avropa siyasi dairələri seçkinin tanınmayacağını bəyan etdi" kimi yazılar yer alır. Yaxud kifayət qədər nüfuzu olan, tanınmış deputatlığa namizədlərin qanundankənar əks-təbliğatı aparılmaqla, onun tanınmayan, müxalifətdə belə qəbul edilməyən opponentinin qeyri-qanuni təbliğatı aparılır. Bu isə bilavasitə ölkə qanunvericiliyinin. Eləcə də, seçki qanunvericiliyinin pozulması deməkdir. Lakin məhkəməyə müraciət olunduqda, "Yeni Müsavat"ın həmin məqaləsini yazan "jurnalist" bükərək, bilmədiyini etiraf edir. Nəticə etibarı ilə aydın olur ki, adıçəkilən qəzet rəhbərliyi haranınsa xaricdən gələn sifarişini reallaşdırır. Yəni növbəti dəfə ölkənin qanunvericilik maraqlarını ayaqlar altına ataraq, öz ləyaqətsizliyi bahasına xaricin maraqlarını ifadə edir. Daha "Yeni Müsavat" qəzetinin baş redaktorunu "jurnalistinin" sonrakı taleyi qətiyyən maraqlandırmır. Sadəcə, lazım olan anda məhkəmələrdən sui-istifadə edib, xaotik durum yaradır, səs-küy qaldıraraq, "söz azadlığı", "seçki azadlığı" kimi ifadələrin "boğulduğunu" iddia edir. Bu da, təbii ki, mənəviyyatsızlığın bir "Yeni Müsavat" nüxsəsidir. Digər tərəfdən də söyləmək mümkündür ki, bu qəzetin baş yazarı Rauf Arifoğlu sonda təkzib verməyə məcbur qalır. Əks təqdirdə, onu dezinformasiyaya görə, yalan informasiyalara görə böyük həcmdə maliyyə cəzası gözləyir.

Oyun № 2- Şəxsi məqsədlər üzərində qurulmuş ləyaqətsizlik ampluası
Qəzetin digər aşağılıq səviyyəsi ondan ibarətdir ki, burada tanınmış elm adamları, dövlət xadimləri və ictimai xadimlər qarşı- qarşıya qoyulur, Bütün məqamlarda bəlli olur ki, burada baş redaktorun şəxsi təşəbbüsü mövcuddur. Yəni konkret desək, R.Arifoğlu burada da şəxsi məqsədlərini ləyaqətsizlik üzərində qurub, iki tərəfi qarşı-qarşıya qoymaqla maraq güdür. Məsələn, tutaq ki, iki tanınmış yazıçını, şairi, elm xadimini öz qəzeti vasitəsi ilə üz-üzə gətirir, onlardan birinin tərəfini tutur, digərinin isə "ayağını baltalayır". Əlbəttə ki, müəyyən məqsədlər yenə də sifarişlərə gəlib çıxır ki, bu da "Yeni Müsavat" "jurnalistlərinin" qələm "vergisidir". Hətta məsələ böyüyərək, müvafiq mətbu təşkilatlarına qədər gedib çıxır və nəticədə yenə də R.Arifoğlunun "yazıq" görkəmi öz təxəyyülü ilə ortaya çıxır. Xatırladaq ki, oxucu kütləsi belə hallarda öz haqlı narazılıqlarını açıq şəkildə bildirdikdən sonra R.Arifoğlu aşkar vəziyyətdə deyir: "Onların bir-birini təhqir etməsi, əlbəttə ki, üzücü prosesdir. Lakin olduqca maraqlıdır. Bu səbəbdən də özünə tribuna tapır." (?!) Bu, nə deməkdir? Bu, o deməkdir ki, o, utanmadan bəyan edir ki, "Yeni Müsavat" qəzeti informasiya daşıyıcısı deyil, tərəfləri bir-birinə vurmağa cəhd göstərən və qəzet adı altında fəaliyyət göstərən intriqaçı yazı dağarcığıdır. Ucuz, sarı bulvar mətbuatından qətiyyən fərqlənməyən "Yeni Müsavat" qəzetinin baş yazarı öz şərəfsizlik və mənəviyyatsızlıq prinsipləri ilə populizm maraqlarını nümayiş etdirir.

Oyun № 3-Məntiqsizliyin özü, "sözü" və qərəzin canlı xarakteristikası
R.Arifoğlunu müasir ölkə mətbuatında yer alan və müəyyən nüfuza malik olan mətbu orqanların rəhbərlərindən fərqləndirən heç bir özəl xüsusiyyət mövcud deyil. Belə ki, o həqiqi, vicdanlı jurnalistlərdən fərqli olaraq, mətbuat tariximizdə ilk dəfə siyasi qəzeti şəxsi biznes vasitəsinə çevirdi. Özü də bu sözlər elə belə deyilmir. Çünki bu sözləri də məhz R.Arifoğlunun özü dəfələrlə etiraf edib. Bəllidir ki, "Yeni Müsavat"ın manşetlərində davamlı şəkildə eyni məmurların tənqid atəşinə tutulmasına R. Arifoğlunun "maraqlı" açıqlaması da var. Məsələn, o deyir ki, "Məmurlar bizim "çörək ağacımız"dır (?!)
Ancaq sonda açıq aydın görünür ki, oxucuya təqdim olunan dırnaqarası xəbərdə informasiyanın dəqiqliyinə nəinki önəm verilmir, hətta həmin informasiyalar əsaslılıqdan başqa qərəzliyə söykənir. Daha dəqiq desək, R.Arifoğlu "çörəyini" məntiqsizlikdən "qazanıb" məntiqsiz "şəxsiyyətə" çevrilir. Bununsa peşəkar jurnalistikada bir adı da var- qərəzin sırf xarakteristikası.

Oyun № 4- "Yeni Müsavat"ın "burnu" qapı arasında qırıla bilərmi?
Bütün bunlardan sonra, R.Arifoğluna ciddi və sonuncu xəbərdarlığın verilməsinin vaxtı çatmayıbmı? Bəlkə də bunu onun özü də hiss edir. Hiss edir ki, cızığından çıxaraq, Azərbaycan Silahlı Qüvvələrinin strateji önəmi haqda yazılara yer verməsi onun üçün yaxşı nəticələnməyə də bilər. Çünki ortada Azərbaycan xalqı var və xalqın hiddəti çox kəskin olur. O, ƏN AZINDAN BUNU BİLMƏLİDİR. Cənubi Qafqazda cərəyan edən prosesləri izləyən və bu yöndə durumu müxtəlif vasitələrlə ələ almağa cəhd göstərən güclərin əsas hədəfə aldıqları bir mərkəz var ki, bu da, təbii ki, GÜCLÜ VƏ QÜDRƏTLİ AZƏRBAYCAN ORDUSUDUR. Belə bir halda Azərbaycan Ordusu sürətlə inkişaf etmək yolunu uğurla davam etdirir. Bu da sirr deyil ki, Azərbaycanın ərazilərinə Gürcüstan, Rusiya və İranın tədris ocaqlarında, informasiya mənbələrində və digər məlumat vasitələrində tarix və coğrafiya kitablarında açıq şəkildə ərazi iddialarına geniş yer verilir. Bu prosesin rəsmiləşdirilməsi üçün həmin dövlətlərdə ölkəmizin əleyhinə bir sıra ictimai institutlar da yaradılıb. Ermənistanın və separatçı "DQR" rejiminin bir sıra saytları-"artsax.com", "armeniya toodey. am", Gürcüstan ermənilərinin "cavakh. ge" kimi saytları bu istiqamətdə öz vəzifələrini icra edirlər. "Yeni Müsavat" qəzeti bilavasitə həmin saytlara məlumatlar ötürür və yenidən həmin saytlardan bu məlumatları istifadə edir. Eləcə də, dövlət sirlərinin yayılmasında "Yeni Müsavat"ın "xüsusi əməyi" mövcuddur. Bu qəzet birbaşa düşmən qüvvələrin ruporuna çevrilibdir desək, heç də yanılmarıq.
Onların "siyasi artilleriyasının" hədəfləri həm də ordu rəhbərliyinin, eləcə də, digər strukturların rəhbərliklərinin dəyişdirilməsidir. Bu, əslində, ölkə Prezidentinin, Ali Baş Komandanın səlahiyyətlərinə aid olan məsələlərə açıq şəkildə müdaxilə kimi başa düşülməlidir. Ordu rəhbərliyinə kimin təyin olunması və ya çıxarılması məsələsi cənab Prezidentin müstəsna səlahiyyətinə aiddir. Bu qanuna, eləcə də, ölkənin digər qanunlarına kölgə salmaq adətinə və vərdişinə yiyələnmiş anti-ordu şəbəkəsini, əslində, Azərbaycanın bir dövlət kimi mövcudluğu heç zaman maraqlandırmayıb. Onların heç kimə sirr olmayan "avtobioqrafiya"sı da bunu sübut edir. Bu gün Azərbaycan Ordusu ilə bağlı xarici hesabatlarda yer alan sirlər, məhz anti-ordu koalisiyasının "doktrinası"ndan qaynaqlanır. Onlar ordu komandanlığında özlərinə sərf edən kadrları görmək hədəfi sayəsində, həm də ölkə Prezidentini "mühasirəyə almaq" təşəbbüsünün uzaq hədəflərini belə gizlətmirlər. Lakin belə qeyri-ciddi və xəyanətkar addımların qarşısı hər zaman müvafiq strukturlar tərəfindən lazımınca alınır. Belə olan tərzdə, "Yeni Müsavat" və bu kimi başqa müxalifət mətbu orqanlarının "burunları", yəqin ki, çox qapı arasında qalaraq sınacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər