Heç bir konkret nəticəsi olmasa da "Altılar" qrupuna daxil olan partiyalar, eləcə də "Vətəndaş Forumu" çərçivəsində fəaliyyət göstərən siyasi təşkilatlar və siyasətçilər müxalifətin yeni birlik modelinin axtarışlarını davam etdirmək "əzmindədirlər". Lakin fakt olaraq, bir amil bugünə qədər tam çılpaqlığı ilə əks olunmuşdur. Belə ki, aparılan danışıqlar və müzakirələr real, nisbətən olsa belə, səmərə verə biləcək biləcək "tərəfdaşlıq modelinin" gerçəkliyini yaranmasına səbəb olmayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) "Altılar" formatında indiyədək keçirilmiş iki görüşə qatılmaması da yeni təşəbbüsün perspektivlərini birdəfəlik olaraq, şübhə altına alır.
AMİP yetkililərinin verdikləri açıqlamalarda aşkar şəkildə vurğulanır ki, partiyada "Altılar" formatında aparılan danışıqları, sadəcə, "İctimai Palata"ya alternativ qurum yaratmaq səyləri kimi qiymətləndirirlər.
Düzdür, müəyyən vaxtlarda aparılan danışıqların qeyri-uğur vasitələrini hər vəchlə gizlətməyə çalışan müxalifət mənsubları da var ki, onların deyilənləri təkzib etməsi boğazdan yuxarı deyilmiş ifadə qismində dəyərləndirilir. Məsələn aparılan danışıqların təşəbbüskarlarından biri Qurban Məmmədov müzakirələrlə bağlı səslənən fikirləri, irəli sürülən iddiaları bölüşmür.
Q.Məmmədovun dediyinə görə, "müxalifətin yeni birlik modelinin" əldə edilməsinə yönəlmiş danışıqlar, müzakirə və təmaslar guya normal məcrada davam etdirilir: "AMİP çox yəqin ki, indi əsas diqqəti partiyadaxili işlərə və digər məsələlərə yönəldib. Buna görə də onların qərarına sayğı ilə yanaşıram, normal sayıram. Hər partiya qərar qəbul etməkdə müstəqildir. "İctimai Palata" və ya başqa formatlı struktura gəldikdə isə, hər hansı birlik müxalifətin vahid mərkəzi hesab edilə bilməz. AMİP-i kimsə "Altılar" birliyinə dəvət etməyib. "Ümid" partiyasında keçirilmiş görüşdən əvvəl AMİP-in sədri, Yusif Bağırzadə ilə danışdıq və o, indi bütün diqqəti partiyadaxili məsələlərə, partiya quruculuğu işlərinə yönəltdiklərini dedi. Birlikdən kimsə danışmayıb. Birliyə yox, məhz müzakirələrə. Görün, Azərbaycan müxalifəti nə gündədir ki, müzakirələrlə bağlı müzakirələr aparılır".
RÖVŞƏN