Ötən həftə müxalifət yenə susqunluğu ilə yadda qaldı. Müxalifət liderləri və qəzetləri 2 aprel aksiyasında həbs edilmiş şəxslərin məhkəməsini siyasi olaya çevirməyə çalışsalar da, baş tutmadı. Azərbaycan cəmiyyətinin bu məsələyə reaksiyası yox dərəcəsindədir. Məhbusların içərisində tək Arif Hacıyevin həbsi müəyyən qədər diqqət mərkəzindədir. Bu da təbiidir, çünki bu il ölkənin müstəqillik qazanmasının 20 illiyidir və A.Hacıyev müstəqilliyə səs vermiş deputatlardan biri olub. Müxalifət təbliğatını da elə A.Hacıyevin üzərində qurub. Bununla belə istənilən effekt alınmır. Vəziyyət müxalifət üçün ürəkaçan deyil, əlac yenə də dedi-qoduya qalır. Ötən həftə özünü müxalifətin ən radikal yazarı hesab edən Elnur Astanbəyli "Azadlıq" qəzetinin rəhbərliyini istefaya çağırdı. Bundan öncə o, müxalifət liderlərinə açıq məktubla müraciət edərək, onları Rauf Arifoğlunun özündən və qəzetindən imtina etməyə səsləmişdi. Özünü peşəkar adlandıran bu adam nədənsə unudur ki, qəzet, ümumiyyətlə, KİV iqtidar-müxalifət fərqi qoymadan hamını eyni məsafə saxlamalı, informasiyanı yayarkən neytrallığını qorumalıdır. Göründüyü kimi, köşə yazarının arqumentləri əsaslı deyil. Siyasi müşahidəçilər hesab edirlər ki, bu açıqlama köşə yazarının gündəmə gəlmək istəyindən xəbər verir.
Onunla birgə "Azad Yazarlar Ocağı"nın üzvləri özlərinə mövqe qazanıblar, bəziləri saytlara rəhbərlik edirlər, bəziləri partiyalarda mövqe tutublar. Tək ortalıqda qalan E.Astanbəylidir. Başqa bir versiyaya görə, onu Rauf Arifoğluya qarşı köhnə düşməni Əli Kərimov muzdla danışdırır. Müsavatdan əldə edilən xəbərlərə görə, "köşə yazarı"nın qəfildən qəzetləri hədəfə alması, "Azadlıq" qəzetinin rəhbərliyini istefaya çağırması AXCP (i) rəhbərliyinin yeni birlik axtarışlarından xəbər verir. Adının çəkilməsini istəməyən ekspert deyir: "AXCP (i) ilə Müsavatın "İctimai Palata"da birləşməsi gözlənilən effekti vermədi. Müxalifət pərtliyini gizlətmək üçün Yaxın Şərqdə baş verən hadisələrə azarkeşlik edir, inqilab xəbərlərini böyük sevinclə izləyir. Amma bütün bunlar düşərgənin durumuna müsbət təsir etmək gücündə deyil". Görünür, "İctimai Palata"nın hakim partiya tərəfindən güc olaraq tanınmaması, hesaba alınmaması "ana müxalifət" statusunu əldən vermək istəməyən AXCP (i) rəhbərliyini hərəkətə keçirib.
Müsavat daxilindən sızan məlumata görə, AXCP (i)-nin niyyəti "İctimai Palata"nın bazasında yeni qurumu təsis etməkdir. Əli Kərimovun bu məqsədlə Eldar Namazovun rəhbərlik etdiyi qurumla, oradakı insanlarla təmasa keçdiyi söylənilir.
Qeyd edək ki, "İctimai Palata"da Eldar Namazovun rəhbərlik etdiyi düşərgədən olan onlarla insan təmsil olunur. Yeni müxalifət AXCP (i)-nin rəhbərliyi və onların dəstəyi ilə yaradıla bilər.
RÖVŞƏN