PDF Oxu

Müxalifət

  • 6

Sentyabr ayı Müsavat başqanına düşmədi

Sentyabr ayı Müsavat başqanına düşmədi

Payız fəslinin başlanması radikal müxalifət düşərgəsində çoxlarının qanını qaraldıb. Xüsusilə də, Müsavat partiyasında baş verənlər daha çox diqqət mərkəzindədir. Partiyada baş verənlərlə bağlı "Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, payız fəsli başlayandan Müsavat başqanı İsa Qəmbərovun da qanı yaman qaralıb. Səbəb isə, Müsavat başqanına "Soros" və "Nauman" təşkilatlarının Almaniya və Kamboca şöbələrindən yeni göstərişlərin gəlməməsi olub. Verilən məlumata görə, həmin təşkilatlar tərəfindən üç həftə öncə tapşırıq alan İ.Qəmbərovun sevinci yerə-göyə sığmırdı, hətta deyilənə görə uşaq kimi ağlamışdı da. Hətta sevincini bölüşmək üçün partiyada qalan üç-beş tərəfdarı ilə bölüşərək, onlara yeni məsləhətlər və göstərişlər də vermişdi. Amma onun bu sevinci həmişəki kimi, heç də uzun çəkməyib. Necə deyərlər, "arzusu ürəyində qalıb". Başından qara yellər əsən başqan üçün görünür, payız fəsli heç düşərli olmayacaq. Elə bu səbəbdən də, İ.Qəmbərov yeni dərs ili ərəfəsi yenidən "Soros" və Almaniyada fəaliyyət göstərən daha çox radikal qüvvələrin təmsil olunduğu "Nauman" təşkilatına müraciət edərək, onların sifarişini canla-başla qəbul etməyə hazır olduğunu bildirib. Verilən məlumata görə, hətta deyib ki, "öldü var, döndü yox". Amma yuxarıda qeyd etdiyimiz kimi, son məqamda yenə də, İ.Qəmbərovun başına bəla gəlib. Məlum olub ki, İ.Qəmbərov həmin təşkilatların sifarişi əsasında Almaniya və Kambocada hesabat verəcək. Beləliklə də, əvvəlki göstəriş və sifarişlərin pulunun arxasına keçən İ.Qəmbərov elə zənn edirdi ki, yeni sifarişlərin müqabilində xeyli miqdarda vəsait qoparacaq. Amma onun növbəti dəfə də muradı gözündə qaldı. Çünki "Soros" fondunun rəhbərinin İ.Qəmbərova qəzəbi tutaraq, onu "Soros"un pul yeyən mexanizm" adlandırıb. Həmçinin, bundan sonra bu partiyaya köçürüləcək vəsaitin görüləcək "iş"dən sonra ayrılacağını bildirib. "Soros" fondu rəhbərinin bu "mesajı" İ.Qəmbərovun belini birdəfəlik qırmış olub. Eyni zamanda, həmin qurumla qarşılıqlı əməkdaşlıq edən "Nauman" təşkilatı da, İ.Qəmbərovla "iş" görmək məsələsində son anda fikir dəyişikliyi edib. Bu üzdən də, İ.Qəmbərovun Almaniyaya məlum sifarişli dəvəti bəri başdan, onun üçün gözlənilməz sürprizlərlə yadda qalıb. Belə sürprizlərə alışmış başqan, nədənsə, bu dəfə özünə heç cür gələ bilməyib.

Onu da qeyd edək ki, bundan öncə İ.Qəmbərov bir sıra donor təşkilatlarla qarşılıqlı əlaqədə olub və onlardan aldığı vəsaitin müqabilində müəyyən göstəriş və sifarişləri yerinə yetirib. Beləliklə də, son 20 ildə siyasi arenada ancaq "alver prinsipləri" ilə qalmağa çalışan İ.Qəmbərov yeni metodlara tab gətirməyərək, sıradan çıxmaq üzrədir. Xüsusilə də, qurultay ərəfəsi məlum səfərdən özü üçün çox şey gözləyən başqan prosesin bu cür sonluqla bitməsinə tab gətirə bilməyərək, hələlik, gözə görünməməyə çalışır. Məsələ ilə bağlı Müsavat partiyasına müraciət edərkən bildirdilər ki, "İ.Qəmbərov xəstələnib, bir neçə həftə olmayacaq". Görünür, pul məsələsinin yoluna qoyulmaması, demək olar ki, İ.Qəmbərov üçün ölümlə eyni səviyyədə qiymətləndirilir.


Rəfiqə Hüseynova

Digər xəbərlər