Müxalifətdaxili durumda vəziyyətin heç də normal səviyyədə olmaması nəinki partiya sədrləri arasında, eləcə də, politoloqlar səviyyəsində müzakirə edilir. Belə ki, vaxtilə Müsavat partiyasında müəyyən nüfuzu olan, sonradan isə partiyada gedən avtoritar rejimə etiraz əlaməti olaraq, oradan istefa verən politoloq Qabil Hüseynli, ümumilikdə, müxalifət düşərgəsində baş verən qeyri-sabit duruma münasibət bildirərək deyib ki, ölkədəki müxalifət qüvvələrinin birləşməsi, vahid mərkəzdə bir araya gəlməsi ilə bağlı bir çox təşkilatlar və strukturlar, o cümlədən, "İctimai Palata" çoxsaylı arzuolunmaz açıqlamalar verir: "Lakin əfsuslar olsun ki, müxalifətin belə bu istəklərinin reallaşması mümkünsüzdür. Çünki şəxsi prinsiplər müstəvisində kimlərsə konnektur maraqlardan çıxış edərək, cəmiyyət adından yalan danışmağa cəhd etməklə nələrlə qarşılaşdıqlarını özləri çox gözəl bilirlər. Onlar öz varlıqlarını qoruyub saxlamaqla yanaşı, cəmiyyət həyatına nüfuz etmək kimi abstrakt iddialara da düşürlər. Bu isə aqibətin acı sonluqla bitməsinə ən böyük təkan ola bilər. Bu mənada, "İctimai Palata"da olanların qadir olmadıqları arzulara düşməsi".
Politoloq radikal düşərgədə ən çox "birlik" sözünün hallanması məsələsinə də toxunaraq vurğuladı ki, indiyədək atılan addımlar və edilən bütün səylərə rəğmən müxalifət düşərgəsində nisbi də olsa, birlik əldə edilməyib: "Hər zaman "birləşmək" ideyası ortaya atılıb, nəticədə daha böyük uğursuzluqlara düçar olublar. Deyim ki, onların belə bir addımı atmaqla, bir-birlərindən "böyük ağıl sahibi" olduqlarını sübuta yetirmək istəyirlər. Ancaq nəticə daha uğursuz olur. Digər tərəfdən, müxalifət partiyalarının heç birində səviyyə yox dərəcəsindədir. Həmçinin, siyasi partiyalar bir-birləri ilə dil tapmaqda da çətinlik çəkirlər. Bu mənada, istər "İctimai Palata", istərsə də bundan sonra yaranan hər hansı bir qurum bir istiqamətdə yol gedə bilməz. Bunu artıq 20 ilə yaxındır ki, görə-görə gəlirik. Beləliklə də, ictimai-siyasi proseslərə təkan verə biləcək, onları bəlli hədəflərə yönəldəcək nə təşkilatlanma səviyyəsi var, nə də "İctimai Palata"nın ideoloji tezislərini siyasi partiyaların fəaliyyətində və yolunda sezmək mümkün deyil."
Q.Hüseynli, həmçinin, düşərgə rəhbərlərinin boş-boş vədlərlə özlərini aldatdıqlarını da dilə gətirdi. Xüsusilə də, son zamanlar müxalifətin "gənclər siyasəti"nə də iradlarını bildirən politoloq sentyabrın 25-nə "İctimai Palata"nın təyin etdiyi aksiyada daha çox gənclərə ünvanlanan müraciətlərini də pislədi: "Bu adamların bir mövqeyi var - o da öz şəxsi ambisiyalarını həyata keçirməkdir. Doğrudur, müəyyən vədlər verilir, amma sonradan həmin vədlər, bir qayda olaraq, gənclərin qatıldığı lokal tədbirlər vasitəsilə ictimai rəyə təqdim edilir. Belə tədbirlər ictimai-siyasi prosesləri onların sözdə arzu etdikləri kimi fəallaşdıra bilməz, nə də cəmiyyəti aktivləşdirməz".
Rəfiqə Hüseynova