Vladimir Jirinovski ilə Müsavat başqanı arasında gizli sövdələşmənin olacağı gözlənilir
Bütün fəaliyyətləri boyunca həmişə kənar qüvvələrin təsiri və təzyiqi altında mövcudluqlarını göstərməyə çalışan radikal müxalifət düşərgəsindən daha ilginc xəbərlər eşidilməkdədir. Öz varlıqlarını ancaq başqalarının istək və arzuları fövqündə hiss etdirməkdə davam edən müxalifət düşərgəsinin mütəmadi olaraq başqa-başqa qüvvələrin təsiri altına düşdüyünü də sezmək mümkündür. Çünki düşərgədə normal istiqamət xətti və açıq fəaliyyət prinsipləri hökm sürmədiyindən buradakı uyğunsuzluqlar az bir zaman kəsiyində üzə çıxmış olur. Bu da ki, birmənalı şəkildə, xarici donorların onlardan imtina səbəblərinə gətirib çıxarır. Hər bir məsələyə real gözlə baxmaq niyyətini ortaya qoymağa çalışan kənar qüvvələr nədənsə müxalifətin dırnaqarası fəaliyyətini görməzlikdən yana çıxış edir. Bunlar da, təbii olaraq, sonrakı faciələrin yaranmasına rəvac verir. Bu mənada, Müsavat başqanı İsa Qəmbərovun timsalında baş verənlərə nəzər salmaq kifayət qədər bilgi əldə etmək deməkdir. Çünki həmişə özünü Qərb dairələrinə yaxın şəxs kimi təqdim etməyə çalışan İ.Qəmbərov onlardan almış olduğu ianə və qonorarların qarşılığını verə bilmədiyindən bu gəlirlərdən məhrum olub. Məhz bu səbəbdən də, həmişə tənqid atəşinə tutduğu qonşu Rusiya Federasiyası ilə münasibətələrinə yenidən baxan İ.Qəmbərov zəifləmiş olan nüfuzunu məhz onlardan müəyyən dividendlər qoparmaqla gücləndirmək iddiasına düşüb. Elə bu məqsədlə də, başqan Qəmbərovun bir müddət öncə Rusiya siyasi elitasının müəyyən şəxslərinə teleqram və məktublar göndərdiyi bildirilir. Müsavat partiyası daxilindəki mənbəmiz də, bu faktı təsdiqləyərək, bildirir ki, İ.Qəmbərovun son zamanlar Rusiyaya daha önəm vermək, orada olan qüvvələrlə səmimi əməkdaşlığa girmək üçün var-gəl etdiyi bildirir. Məlumatda, həmçinin, İ.Qəmbərovun bir ay öncə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə telefon əlaqəsi saxladığı da öz əskini tapıb. Çünki bütün imkanlardan məhrum olan və umduğu ünvanlardan "yox" cavabı alan Müsavat başqanı İ.Qəmbərovun Rusiyaya meyil edərək oradakı bəzi böyük imtiyaz sahiblərinə yarınmaq istəyi onu bu cür fakt qarşısında qoymuş olub. Bundan əlavə, V.Jirinovski ilə xüsusi əlaqələr qurmaq niyyətində olan İ.Qəmbərov son bir ayda bir neçə dəfə onunla telefon əlaqəsində olub. Əldə etdiyimiz səlis bilgilərə görə, İ.Qəmbərov üç gün öncə Rusiyanın paytaxtı Moskvaya dəvət olunub. Onun məhz belə bir məqamda kim tərəfindən tez-tələsik Moskvaya dəvət edilməsi bir o qədər də qaranlıq məsələ deyil. Çünki İ.Qəmbərov tərəfindən atılan son addımların bütün detalları ortalıqdadır. Bu mənada, onun açıq şəkildə V.Jirinovski tərəfindən Moskvaya əlavə tapşırıqlar verilməsi üçün çağırılması da danılmaz faktdır. Hətta bilgilərə görə, Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyan da orada iştirak edəcək. Bu səbəbdən də, İ.Qəmbərovun həmin səfər üçün çox darıxdığı güman olunur.
Tapdıq Qurbanlı