PDF Oxu

Müxalifət

  • 9

AXCP (i) yeni “ideya” irəli sürüb

AXCP (i) yeni “ideya” irəli sürüb

Bu gün radikal müxalifət düşərgəsində dağınıq və pərakəndəlik davam etməkdədir. Daha dəqiq desək, müxalifət "liderləri" və onlara məxsus olan mətbuat icazəsiz 2 aprel aksiyasında həbs edilmiş dağıdıcı şəxslərin məhkəməsini siyasi olaya çevirməyə çalışsalar da, bu, onlarda alınmayıb.

Çünki Azərbaycan cəmiyyətinin bu məsələyə reaksiyası, ümumiyyətlə, yox dərəcəsindədir. Yəni digərlərindən fərqli olaraq, məhkum olanların içərisində yalnız Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyevin həbsi müəyyən qədər diqqət mərkəzindədir ki, bu amil də müxalifət daxilində ayrı-seçkiliyin olmasını təsdiqləyir.

Məhz radikal müxalifət də öz təbliğatını elə A.Hacıyevin üzərində qurub. Ancaq bu da o demək deyil ki, aparılan təbliğat istənilən effekti verir. Əslində, bu, heç bir effektlə yadda qalmır. Müxalifət üçün hazırkı vəziyyət heç də ürəkaçan deyil, əlac yenə də dedi-qoduya qalır.

Bir müddət bundan öncə, özünü müxalifətin ən radikal yazarı hesab edən Elnur Astanbəyli "Azadlıq" qəzetinin rəhbərliyini istefaya çağırdı. Bundan öncə, o, müxalifət "liderlərinə" açıq məktubla da müraciət edərək, onları Rauf Arifoğlunun özündən və qəzetindən imtina etməyə səsləmişdi. Əlində olan əsası da bu idi ki, "Yeni Müsavat" qəzeti əvvəlki kimi radikal deyil, R.Arifoğlu iqtidarla bağlı olan məlumatları da yayır. Özünü "peşəkar" adlandıran bu qondarma jurnalist nədənsə unudur ki, qəzet, ümumiyyətlə, KİV iqtidar-müxalifət fərqi qoymadan hamıya eyni məsafə saxlamalı, informasiyanı yayarkən öz tərəfsizliyini qorumalıdır. Göründüyü kimi, "Azadlıq" qəzetinin "köşə yazarı"nın arqumentləri əsaslı deyil. Belə ki, bu cür açıqlama "köşə yazarı"nın gündəmə gəlmək istəyindən xəbər verir.

Müsavatdan sızan məlumatlara görə, "köşə yazarı"nın anidən Müsavatmeyilli qəzetləri hədəfə alması, eyni zamanda, "cəbhəyə" məxsus "Azadlıq" qəzetinin rəhbərliyini istefaya çağırması AXCP (i) rəhbərliyinin yeni "ideya" axtarışlarından xəbər verir. Belə bir fikir irəli sürülür ki, AXCP (i) ilə Müsavatın "İctimai Palata"da birləşməsi gözlənilən effekti vermədi. Radikal müxalifət gözləyirdi ki, onları sayıb hesab alacaqlar, hətta danışıqlara gedəcəklər. Amma bu, belə olmadı. Məlum oldu ki, ümumiyyətlə, "İctimai Palata"nı qüvvə olaraq qəbul etmir, hesaba almırlar. Bunun yerinə radikal müxalifət "liderləri" pərtliklərini gizlətmək üçün, Yaxın Şərqdə baş verən hadisələrə "azarkeşlik" edir, "inqilab" xəbərlərini böyük sevinclə izləyirdilər. Görünür, "İctimai Palata"nın ictimaiyyət tərəfindən "güc" olaraq tanınmaması, hesaba alınmaması "ana müxalifət" statusunu əldən vermək istəməyən AXCP (i) rəhbərliyini hərəkətə keçirməyə vadar edir.

Müsavatdan sızan digər məlumata görə, AXCP (i)-nin niyyəti "İctimai Palata"nın bazasında "yeni qurum" təsis etməkdir. Ə.Kərimovun bu məqsədlə bağlı artıq Eldar Namazovun rəhbərlik etdiyi qurumla, oradakı insanlarla təmasa keçdiyi söylənilir. Hətta E.Namazovun rəhbərlik etdiyi azsaylı "sosial baza"nın əsasında yeni müxalifət partiyasının yaranacağı da iddia edilir. AXCP (i)-nin bu planına Müsavatın da cavabının olacağı gözlənilir. Böyük ehtimalla, Müsavat "KXCP" ilə birgə yeni blok yaradaraq, AXCP (i)-yə alternativ yaradılacaq. Beləliklə də, açıqlanan bu faktlar "İctimai Palata" adlı qurumun birdəfəlik iflasa uğraması haqqında olan sonuncu siqnal olacaq.


RƏFİQƏ

Digər xəbərlər