Bu gün Azərbaycanda gedən sürətli inkişaf, həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hər bir vətəndaşının həyatında hiss edilir, insanların sosial problemlərinin həllinə, yaşayış səviyyəsinin yüksəlməsinə müsbət təsirini göstərir. Qeydə alınan bu inkişaf təkcə paytaxt Bakıda deyil, eləcə də, əyalətlərdə, ucqar dağ kəndlərində özünü büruzə verir. Lakin ərəb ölkələrində, xüsusilə, Liviyada baş verən proseslərdən sonra Azərbaycanın radikal müxalifəti yenidən "fəal" olduğunu nümayiş etdirməyə cəhd göstərməklə, sentyabr ayından kütləvi aksiyaların keçirilməsi ilə bağlı fikirlər səsləndirirlər...
Başqalarından "ruhlanan"
radikallar və ya
sosial baza qıtlığı
Buradan da belə məlum olur ki, Azərbaycanın radikal müxalifəti hansı ölkədə bir inqilabi hərəkat olursa, həmişə ondan "ruhlanır". Buna misal kimi istər Gürcüstan, istər Ukrayna, istərsə də Qırğızıstan və digər ölkələrdə baş verənləri göstərmək olar. Ancaq bu bədbəxtlər neyləsinlər ki, sosial baza yoxdur deyə heç bir nəticəyə nail ola bilmirlər. Elə bu baxımdan da onlar hər dəfə hansısa ölkədə baş verən inqilab dalğasını öz çərçivələrinə salmaqla özlərini daha da biabır edir, gözdən salırlar. Bir məsələni də anlamırlar ki, (ümumiyyətlə, onlar heç bir şeyi anlamırlar - R.H.) sosial baza olmadığı halda nə xarici, nə də daxili dəstək olmur. Radikal müxalifətin keçirdiyi son aksiyalarda da bunun şahidi olduq - yeni bir insan, yeni bir sima görünmür, necə deyərlər, "köhnə hamam, könə tas..."
20 ildir ki, yenə də ortada olan sifətlər və onlara qulluq edən qəzetlərin əməkdaşlarıdır. Son 20 ildə müxalifətdə bir dənə də olsun yeni ad, sifət ortaya çıxmayıb. Bunun özü də müxalifətin sosial bazasının olmadığını açıq-aşkar göstərir.
Təmtəraqlı həyat dalınca qaçan qrant "aşiqləri"
Bəziləri müxalifətə ona görə qoşulurlar ki, gez-tez mühacir statusu almaqla ölkəni tərk edib təmtəraqlı həyat dalınca getsinlər. Bu da həmin insanların əqidəsizliyini ortaya qoymaqla yanaşı, onlarda mübarizə ruhunun olmadığını nümayiş etdirir. Kimlərinsə işarəsi, tapşırığı ilə meydana çıxmaq, hansısa qrant layihələri həyata keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Ona görə də, demək mümkündür ki, radikal müxalifətin boşboğazlığı onların iflasına tərəf istiqamət alan qara buluddur.
Bunu nə "İctimai Palata", nə də ki, digər qondarma qurumlar səngidə bilməyəcək. Çünki xalq onlarla bir deyil və onların mövcudluğunu qətiyyən arzulamır. Hətta xarici dairələrdən göstərilən "yardımlar" da bu tipli qurumların gələcək talelərində heç bir rol oynamır. Ona görə ki, əldə edilən çirkli gəlirlər radikal müxalifətin acgöz bossları tərəfindən ac canavarlar təki qamarlanır, şəxsi mənfəətə hesablanır. Sıravilərə isə qəpik-quruşlar verilərək, onların başları aldadılır. Ona görə də həm mənəvi, həm də elektorat baxımından radikal düşərgənin məhvi real həqiqətə söykənən faktor kimi öz təsdiqini çoxdan tapıb.
Rəfiqə Hüseynova