PDF Oxu

Müxalifət

  • 12

“Wikileaks” saytının məkrli planları...

“Wikileaks” saytının məkrli planları...

Artıq Azərbaycan cəmiyyətinə bir həqiqət məlumdur ki, "Wikileaks" adlı saytın yaydığı materiallar istər ölkələr arasında, istərsə də ölkələr daxilində müəyyən gərginlik yaratmağa xidmət edir və burada marağı olan qüvvələr mövcuddur. Saytda bu günə qədər verilən "məlumatlarda" Azərbaycanla bağlı qeyri-real xəbərlər verilməklə, gərginlik yaratmağa cəhdlər göstərilib. Eyni zamanda, ölkə rəhbərliyində çalışan nüfuzlu dövlət xadimləri barədə də heç bir həqiqətə sığmayan böhtan xarakterli məlumatların arxasında yuxarıda dayanan faktların varlığı qaçılmazdır.

Hər bir Azərbaycan vətəndaşı anlayır ki, bu gün ölkədə yaranmış sabitlik, bilavasitə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Bu önəmli hadisələri hər şeydən öncə ölkənin müstəqil tarixi inkişafı, iqtisadiyyatın yüksəlişi, balanslı xarici siyasət, sabitliyin təmini sərtləndirib.

Qeyd edək ki, məsələ ilə bağlı ölkənin ictimai-siyasi mühitində rol oynayan bir sıra təşkilatlar da öz kəskin mövqelərini, etirazlarını açıqlayıblar. Belə ki, Vəhdət Partiyası sədrinin birinci müavini Əbdülvahab Manafov bu barədə fikirlərini açıqlayarkən deyib ki, bəzi xarici qüvvələr Azərbaycan Respublikası daxilində sabitliyi pozmaq, cəmiyyəti parçalamaq, hətta dövlət müstəqilliyini təhlükə altına qoymaq niyyətini gerçəkləşdirməyə cəhdlər göstərirlər. Hətta bu etiraz səsləri Vəhdət Partiyası tərəfindən bəyanat şəklində ölkə ictimaiyyətinə də çatdırılıb: "Məsələn, "Wikileaks" saytının açıqlamaları ilk baxışda cəmiyyətin müəyyən dairələri üçün cəlbedici olsa da, arxasında duran məkrli planları görməmək mümkün deyildir. Hətta bir sıra həqiqətə uyğun olmayan məlumatlar barədə AR Prezident Administrasiyasının rəhbərliyi açıqlamalar vermişdi. Vəhdət Partiyası hesab edir ki, "Wikileaks" saytının həmin fəaliyyətinin arxasında bir neçə məqamlar dayanır".

"ABŞ-ın dövlət iradəsi olmadan bu məlumatlar yayıla bilməz, əks halda bu dövlətin məxfi fəaliyyətinin faş olması onun zəifliyi kimi yozulmalıdır. Bu məlumatların ötürülmə vaxtının seçilməsi siyasi hədəflərdir. ABŞ bununla özünü dünyada arbitr kimi mövqelərini möhkəmləndirməyə cəhd edir. Öz rəsmilərinin ciddi məxfi fəaliyyətləri barədə bir söz demədən, diplomatların məlumatları ilə başqa dövlətlərin rəhbərlərinin mövqelərini zəiflədir" deyən Vəhdət partiyasının yetkilisi daha sonra əlavə edib ki, ABŞ hətta məxfi danışıqlarda etibarsızlığı hesabına da olsa, özünü humanizm, insan hüquqlarının müdafiəçisi, ədalətli obrazını yaratmağa və ya bərpa etməyə can atır: "Yüz milyonların istismarı hesabına dünyanın idarəçiliyində rol oynayan superkorporasiya sahiblərinin dünya ağalığı sistemini qurmaq cəhdlərindən nəzər-diqqəti yayındırırlar. Hamıya məlumdur ki, həmin məlumatların ötürülməsi zamanı geosiyasi və iqtisadi strategiya bütün məsələlərə münasibətlərdə önə çəkilmişdir, insan haqları yalnız şirma rolunu oynamışdır".

Ə.Manafov qeyd edib ki, həmin məlumatlarda Ermənistan Azərbaycandan daha demokratik göstərilməklə, Qərb Dağlıq Qarabağ məsələsində ədaləti qətiyyətlə müdafiə etməsini ört-basdır etmək istəyir: "Xüsusilə, Azərbaycanla bağlı məlumatların təhlili onu göstərir ki, xarici siyasət sahəsində Azərbaycanın mövqeyini zəiflətmək və bütün qonşu dövlətlərlə münasibətləri soyuqlaşdırmaq niyyəti güdülür ki, hamı, o cümlədən, Azərbaycan Respublikası da yalnız Qərbə təpinsin.

Ə.Manafov partiyası tərəfindən verilən bəyanat haqqında məlumat verərkən deyib ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Vəhdət Partiyası xalqa, siyasi partiyalara, ictimaiyyət və mətbuata çağırış edir: "Çox vaxt şirinikləndirici demokratiya vəd edən bəzi məlumatların arxasında dövlətimiz və xalqımız üçün təhlükəli planların olduğunu da yaddan çıxartmasınlar. Axı biz artıq bu halı yaşamışıq! Nəticə çıxartmaq üçün bəs deyilmi?"


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər