Məlum olduğu kimi, "ACP" sədri Rəsul Quliyevin "yazdığı kitab" bir neçə aydır ki, "Yeni Müsavat" qəzetində dərc olunurdu. Əslində, bu gün də olunmaqdadır. Lakin bu ərəfədə bir sıra problemlər ortaya çıxıb ki, həmin problemlərdən biri də, bilavasitə, maliyyə məsələsi ilə bağlıdır.
R.Quliyevin ABŞ-dakı anti-Azərbaycan meyilli qüvvələrlə əməkdaşlığa girib kitab yazdırması artıq hər kəsə bəllidir. O da məlumdur ki, "ACP" sədrinin nəinki kitab yazmaq üçün məharəti, o cümlədən, danışıq qabiliyyəti ən aşağı səviyyədədir. Bu baxımdan, bütün mənalarda R.Arifoğlunun belə bir addıma getməsi arxasında müəyyən ictimai qınaqların da dayanması heç kimdə şübhə doğurmur. Çünki Müsavat partiyasında təmsil olunan bir sıra funksionerlər də R.Quliyevin kitabının "Yeni Müsavat" qəzetində dərcindən narahat idilər. Bu əsnada R.Arifoğlunun da "sudan quru çıxması" üçün bir növ bəxti gətirdi.
Sirr deyil ki, "Yeni Müsavat" qəzeti R.Quliyevin qondarma kitabını onun "qara gözlərinə aşiq olduqları üçün" dərc etmirdi. Çünki burada maddi maraqlar da mövcud idi ki, həmin maraqların arxasında bir neçə yüz min dolların sayılması öz təsdiqini tapıb. Fəqət, sözügedən kitabın ikinci fəslinin nəşrinə az bir müddət qalmış hər şey olub alt-üst. Yəni R.Arifoğlu yay ayı boyunca həmin pulları son sentinə qədər xərcləyib və qalıb ac-susuz. Xarici təşkilatlardan isə heç bir gəlir-filan yoxdur. Ona görə də yay tətilini geninə-boluna keçirmiş baş redaktor indi də qış tətili haqqında düşünməyə başlayıb. Qış tətilləri isə mövsümdən asılı olaraq, yay tətillərindən baha başa gəlir. Bunun xizəyi var, kürkü var, Alp dağları var, "vezdexod" sürməyi var, bahalı viskiləri və digər qış xüsusiyyətləri var. Bir sözlə, qış tətilini də səmərəli keçirmək üçün, R.Arifoğlu yeni pul axtarışına çıxıb və çıxış variantını yenə də R.Quliyevdə görüb. Götürüb telefonu və deyib ki, bəs Rəsul bəy, yaydan fərqli olaraq, qışın da qış xərcləri var və kitabın "Yeni Müsavat" qəzetində dərcini davam elətdirməkdən ötrü, qiymət birə-beş qalxıb.
Bax, bu məqamda, hər şey olub alt-üst. Daha dəqiq desək, nə R.Arifoğlu öz istəyinə çata bildi, nə də ki, R.Quliyevin kitabı adıçəkilən qəzetdə nəşr olunacaq. Belə ki, yeni qoyulan qiymət "ACP" sədrinə sərf etmədiyi üçün, o da kitabın dərcini başqa müxalifət qəzetlərinin birində dərcini davam etdirməyi qərara alıb. İtin də, ipin də əldən getdiyini görən R.Arifoğlu isə qalıb naçar. Belə getsə, xaricdə planlaşdırılan qış turizmi bu dəfə onsuz baş tutacaq. Hər halda, o, bunu nəzərə almalıydı. Nəzərə almayıbsa, yenə də öz problemidir. Çünki bu adamlar hər zaman problemləri özləri yaradırlar.
R.RÖVŞƏN