Son zamanlar "İctimai Palata"nın problemləri gün-gündən artmaqdadır. Lakin əsas diqqət aprel mitinqləri zamanı həbs edilmiş müxalifətçilərin müdafiəsinə yönəlib. Ancaq bu işdə Müsavata, AXCP (i)-yə dəstək vermələri vacib olan bir sıra müxalifət partiyaları "dəstək" əvəzinə "İP"-in üzərinə ittihamlar yağdırır ki, burada da haqlı məsələlər mövcuddur...
Belə ki, ADP, "Ümid", "KXCP", "ACP", "VİP", AMİP "liderləri" guya müxalifəti bir araya gətirmək adı ilə "altılar" adı altında toplaşaraq, növbəti dəfə Müsavat və AXCP (i)-nin arxasınca xeyli danışıqlar aparıb dağılışıblar. Bəs onların partiyalarında vəziyyət necədir?
ADP sədri Sərdar Cəlaloğlu son zamanlar yetənə-yetir, yetməyənə də bir daş atır. Ümumiyyətlə isə, ADP sədri siyasətini yalnız konflikt üzərində əsas meyar kimi qəbul edir. Onun atmacaları, qınaqları "fəlsəfi" fikirlərilə diqqət çəkmək istəsə də, bu, yalnız onun iç üzünün aşkarlanmasına xidmət edir. Son 5-6 il ərzində mövqeyini dəfələrlə dəyişmiş ADP sədrinin özünü ciddi siyasətçi kimi təqdim etmək istəyi, əks effekt yaradır, daha doğrusu, rəhbəri olduğu partiyanın siyasi səhnədən sürətlə uzaqlaşmasına xidmət göstərir. Bunu ADP qərargahında gün ərzində 3-4 nəfərdən savayı kimsənin görünməməsi faktı da dediklərimizin təsdiqidir. S.Cəlaloğlunun bir çox illər ərzində "lider" adlandırdığı Rəsul Quliyevdən şəxsi məqsədləri üçün geninə-boluna yararlanaraq, sonunda üzüdönüklük etməsi, əslində, onun kimliyini, məqsədini, məramını ortaya qoymuşdu. Təbii ki, baş verənlər onun xeyirinə işləmədi. Sabiq spikerlə yollarının ayrılması ADP-nin kiçik özək halına düşməsilə nəticələndi ki, S.Cəlaloğlu bunu "kompensasiya" etmək naminə fəaliyyətinə "yeni rənglər" qatmağa çalışdı. Təəssüf ki, çıxış yolu kimi, o, digər "siyasi liderlərə" qara yaxmaq, onların keçmişini təftiş etməyi seçdi. Buna şübhə etməmək üçün, ADP sədrinin son aylarda ayrı-ayrı qəzetlərə verdiyi müsahibələrə nəzər yetirmək kifayət edər.
"Altılığ"ın "öndə gedəni" istiqamətində "Ümid" partiyasının olduğunu siyasi dairələrdə bilməyən yoxdur. Belə ki, "Ümid" sədri İqbal Ağazadənin missiyası Müsavatı darmadağın etmək, AXCP (i) sədri Əli Kərimovu isə sona qədər "bitirməkdir". Etiraf etmək lazımdır ki, o, istədiyinin bir qismini artıq yerinə yetirə bilib. Müsavat partiyası üçün böyük önəm kəsb edən "Yeni Müsavat" qəzeti, demək olar ki, İ.Ağazadənin nəzarətindədir. Yəqin ki, buna da kimsənin etiraz etməsi mümkün deyil. Çünki "Yeni Müsavat"ın son bir neçə il ərzində toplanmış arxivinə nəzər yetirmək kifayətdir. "Yeni Müsavat"ın internet saytında "Ümid" partiyasının reklam edilməsindən söhbət açmırıq. Bunu Müsavatın böyük itkisi kimi qəbul etmək mümkündürsə, "Ümid"in qələbəsini də qeyd etmək yerinə düşər. Ancaq, neyləmək olar ki, İ.Ağazadənin sevinci çox uzun çəkmədi. Belə ki, bəzi müsavatçılar "Demokrat" adlanan həftəlik qəzet təsis etməklə, "Yeni Müsavat"ın bir sıra oxucularının diqqətini özlərinə yönəldə bildilər. Çox güman ki, ilk imkandaca "Demokrat" gündəlik işıq üzü görəcək ki, bu da "Yeni Müsavat"ın iflasına səbəb olacaq. İ.Ağazadənin AXCP (i) sədri Əli Kərimovun sıxışdırılmasına yönəlmiş fəaliyyəti isə tam fiaskoya uğramış kimi görünür. "Ümid" sədrinin Ə.Kərimova qarşı apardığı təbliğatın, AXCP (i) sədrinə əlavə dividendlər gətirdiyini görməmək də mümkün deyil. Onu da qeyd edək ki, "Ümid"in qərargahında da vəziyyət ADP-dən fərqli deyil. Gün ərzində həmin qərargaha yalnız 2-3 "ştatlı" işçidən savayı kimsənin girib-çıxdığını müşahidə etmək mümkün deyil. Belə görünür ki, "Ümid"in onsuz da barmaqla sayılacaq üzvlərinin əksəriyyəti gələcək fəaliyyətlərini "İP"-də davam etdirməkdə maraqlıdırlar. Onların Müsavata və yaxud AXCP (i)-yə üzv olacaqları da artıq müzakirə mövzusudur. Necə deyərlər, "müxalifətçi müxalifətdə olmalıdır" prinsipi əsas götürüləcək.
Qaldı ki, "VİP"-ə, mətbuatda bu partiyanın ara-sıra adı çəkilməsə, bu siyasi təşkilatın varlığı-yoxluğu kimsəni maraqlandırmaz. Bir də, görəsən, "VİP" adlı partiya mövcuddurmu? Təbii ki, adı mövcuddur, hətta bu partiyanın sədri də var - Əli Əliyev. Keçmiş AMİP-çi...İndi Əli "bəy" yenidən AMİP-lə bir "çətir"in altında "fəaliyyət" göstərmək arzusuna düşüb. Qəribə "arzudur", elə deyilmi? Hərlənib-fırlanıb, bir məqsəd-mərama xidmət edəcəkdilərsə, onda o boyda həngaməylə AMİP-dən ayrılmaq nəyə və kimə lazım idi? Demək, bu ayrılıq nə AMİP-ə, nə də ki, Əli Əliyevə "lazım deyilmiş".
Beləliklə də, görünən budur ki, istər "İP"-i, istərsə də "altılığ"ı, daha çox şəxsi maraqları ilgiləndirir ki, bunun naminə şəkildən-şəkilə, formadan-formaya düşməyə daima hazır olublar. Kimi "siyasi fəlsəfəylə", kimisi "elmi siyasətlə", kimisi "mitinqli siyasətlə", kimisi isə "siyasi qeybətlə", hələ ki, gündəmdə qalmağı bacarır. Bunun isə çox çəkəcəyi inandırıcı görünmür.
A.Səmədova