PDF Oxu

Müxalifət

  • 13

Arif Hacıyevin məhkəmədə başqanlıq postuna iddiası...

Arif Hacıyevin məhkəmədə başqanlıq postuna iddiası...

Müsavatın icra aparatının rəhbəri Arif Hacıyevin məhkəməsi keçirildiyi ərəfədə vəkili tərəfindən rəsmən Müsavat başqanlığına namizədliyinin irəli sürülməsi partiya daxilində ciddi rezonansa səbəb olub.

Belə ki, bu günə qədər bir çox müsavatçılar başqanlıq postuna iddialarda bulunsalar da, onların rəsmən, ərizə ilə müraciət etmələri baş verməmişdir. Bu səbəbdən də qurultayöncəsi atılan bu addım siyasi təşkilatın rəhbəri İsa Qəmbərov üçün "soyuq duş" xofunu yaşatdı. Çünki əyani iddiaların fərqinə o qədər də varmayan İ.Qəmbərov partiyada "ən yaxını" sayılan şəxs tərəfindən rəsmi şəkildə bu tərzdə vurulacağını təsəvvürünə belə gətirə bilmirdi. Lakin olan -oldu və İ.Qəmbərova da dəyən dəydi...


Qulaq asılmayan

başqan "məsləhəti"


Qeyd etmək lazımdır ki, A.Hacıyev haqqında partiyanın rəsmi mətbu orqanı olan "Yeni Müsavat" qəzetində bir dənə də olsun məqalə dərc edilmir (məhkəmə duruşmalarından başqa) o zaman hər şey gün kimi aydın olur. Belə ki, əldə edilən son informasiyalara görə, İ.Qəmbərov A.Hacıyevə bu qərarında tələsməməyi məsləhət görmüşdü. Yəni demişdi ki, qurultaya bir neçə gün qalmış ümumi razılığa gəlməyə imkanları olacaq. Hətta A.Hacıyev başqanı ilə razılığa da gəlmişdi. Lakin son məhkəmə prosesində onun vəkilinin məlum açıqlaması Müsavat başqanına, həqiqətən də, "sürpriz" oldu. Vəkilinin çıxışdan öncə A.Hacıyevi başqanlığa namizədliyi ilə bağlı rəsmən müsavatçılar adından təbrik etməsi isə İ.Qəmbərovu tamamilə hövsələdən çıxardı. Bu hadisənin şahidi kimi deyə bilərəm ki, İ.Qəmbərovun öz yerində qurcalanması, narahat olması, eləcə də, deyilən sözləri qulaqardına vurması, nəinki mənim, o cümlədən, digər məhkəmə salonunda oturanların da diqqətlərindən kənarda qalmadı.

Maraqlıdır ki, bəs İ.Qəmbərov bundan sonra hansı "təsir imkanlarından" istifadə edəcək? Məsələ ondadır ki, İsa "bəyin" boş-boş "oratorluq" etməyi artıq keçmişdə qalıb. Ona görə ki, hələ ötən məhkəmələrin birində şahid ifadəsi verərkən Müsavat başqanının "hakimiyyəti hədələməsi", "lazım gələrsə, biz də həbs olunmalıyıq" kimi düşük, yararsız ifadələr səsləndirməsi partiyanın azsaylı elektoratında ona qarşı qıcıq hissləri yaratdı.


Məhkəmədəki pafoslu çıxış heç nəyə yaramadı


Çünki məlum icazəsiz 2 aprel aksiyasında nəinki gözə gürünməyən, hətta bundan bir neçə gün sonra üzə çıxan İ.Qəmbərov ciddi qınaqlarla qarşılandı. Onu qorxaqlıqda və xəyanətdə belə suçlayanlar tapıldı. Amma bütün bu haqlı narazılıqlara baxmayaraq, o, A.Hacıyevin məhkəməsində "lazım gələrsə, biz də həbs olunmalıyıq" ifadəsini işlətdi və əslində, siyasi təlxək olduğunu sübuta yetirmiş oldu. Bu əsnada İ.Qəmbərov, təbii ki, dividend qazanmaq məqsədi daşıyırdı. Ancaq onun bu fəndi fövtə getdi. A.Hacıyevin onun yerinə, gözünün içinə baxa-baxa göz dikməsi rəsmiləşdi. Belə bir vəziyyətdə İ.Qəmbərov ən yaxın adamının əli ilə vurulmaqla siyasi iflic vəziyyətinə düşməklə, qarşıda siyasi infarkt, hətta siyasi ölümlə də üz-üzə qala bilər. Bunların baş verməsinə isə elə də çox zaman qalmayıb. Hər halda zamanı qabaqlamayaq və proqnozlaşdırılan nəticəni görmək üçün günləri geri sayaq. Çünki cücəni payızda sayarlar...


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər