PDF Oxu

Müxalifət

  • 14

ADP-də yenidən təşkilatdaxili mübarizəyə start verilib

ADP-də yenidən təşkilatdaxili mübarizəyə start verilib

Azərbaycan cəmiyyətində radikal müxalifət partiyaları kimi tanınan, siyasi mübarizədə, əsasən, qeyri-konstruktiv mövqe nümayiş etdirən partiyaların anidən parçalanması prosesi intensiv xarakter alıb. Heç bir siyasi çəkiyə malik olmayan və destruktiv fəaliyyəti özlərinə vasitə seçən partiya rəhbərləri apardıqları uğursuz siyasətin acı nəticələrini dadmaqdadırlar. Radikal müxalifət düşərgəsində son vaxtlar parçalanmaların, qarşıdurmaların artması da bu səbəbdən irəli gəlir. "Ultraradikal partiya" kimi qəbul edilən ADP-nin yaxın zamanlarda AXCP (i), AMİP kimi rəsmən ikiyə bölünməsi də bu proseslərin davamıdır. Loyal fəaliyyətə üstünlük verən Sərdar Cəlaloğlu ilə ADP-nin hələ də dağıdıcı siyasi xəttinə sadiq qüvvələr arasında start götürən qarşıdurma son günlər daha da gərginləşdiyi müşahidə olunur. Maraqlı cəhət isə, tərəflərin hər biri partiyaya yaxın olduqlarını göstərməyə çalışmaqla müxtəlif vasitələrə də əl atırlar. Digər bir məqam isə, S.Cəlaloğlu ondan radikallığı tələb edən qrupları, əks tərəf də, öz növbəsində, öz sədrlərini qeyri-legitimlikdə ittiham edirlər. Vaxtilə eyni siyasi cəbhədə fəaliyyət göstərən radikallar birdən-birə mövqelərində dəyişiklik edərək, sərt ittihamlar səsləndirirlər.

ADP-dən verilən məlumata görə, S.Cəlaloğluya dəstək verən qanad tərəfindən vaxtilə partiyadan çıxarılan keçmiş ADP-çilər bu günlərdə gizli toplantı keçirərək əks tərəfin, nəyin bahasına olursa-olsun, partiyadan kənarlaşdırılacaqlarını bəyan ediblər. Onlar hətta bu günlərdə ADP-nin mərkəzi qərargahına daxil olmağa cəhd göstəriblər. Ancaq partiya qərargahına buraxılmayan eks-ADP-ilərin "KXCP"-nin ofisində toplantı keçirərək belə bir qərar verdikləri də məlum olub. Həmçinin, tərəflər bir-birlərinə ultimatum göndərərək, əsil "demokrat" olduqlarını sübut etməyə çalışırlar.

Göründüyü kimi, ADP adı uğrunda başlayan yeni mübarizədə tərəflər aqressiv mövqe nümayiş etdirərək qarşılıqlı ittihamlara üstünlük verirlər. S.Cəlaloğluya qarşı başlanan mübarizədə daha ciddi qarşıdurmaların yaşanması gözlənilənlərdəndir. Eyni zamanda, qarşıda keçirilməsi nəzərdə tutulan qurultay partiyada antaqonist ziddiyyətlərdə olan qruplar arasında münasibətlərin son anda gərginləşməsinə gətirib çıxaracaq. Beləliklə də, baş verən proseslər onu bir daha göstərir ki, S.Cəlaloğlunun yanidən partiyaya sədr seçiləcəyi ehtimalı təşkilat daxilində üçüncü narazı qrupun da yaranmasına səbəb ola bilər. Bu isə, ADP-nin daha bir neçə yerə parçalanması ilə nəticələnməsinə gətirib çıxaracağını açıq-aydın təsdiqləyir.

Rəfiqə

Digər xəbərlər