Radikal müxalifət xarici qüvvələrdən asılı vəziyyətdədir
Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Məhz bu amilə görə də radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" bundan sonra mitinqlər keçirməyəcəklərini bəyan ediblər.
Təbii ki, bunun səbəbi onların özlərinə olan inamsızlıqdan və sosial bazalarının olmadığını dərk etmələri ilə bağlıdır. "Azadlıq" Partiyasının sədri Əhməd Orucov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda radikal müxalifət yoxdur ki, onların fəaliyyəti də bir nəticə versin:
- Bildiyimə görə, "İctimai Palata" mitinqlərə son qoyması ilə bağlı qərar verib. Bu ilin əvvəlindən başlayaraq, "İctimai Palata" tərəfindən ölkədə aksiyalar keçirilməsinə cəhdlər göstərildi. Keçirilən aksiyalara cəmiyyət və kənar qüvvələr tərəfindən heç bir dəstək olmadığı üçün bu aksiyalar baş tutmadı. Onlar bu aksiyalardan müsbət nəticə əldə edə bilmədilər. Radikal müxalifət düşərgəsində uzun illərdi ki, eyni siyasilərin uğursuzluqla cəmiyyəti öz arxasınca aparmaq cəhdlərinin heç bir nəticə verməyəcəyi əvvəlcədən bəlli idi. Bir sözlə, Azərbaycan müxalifətinin formalaşması üçün yeni siyasi liderlərə, yeni siyasi düşüncə tərzinə ehtiyac var.
Azərbaycanda yeni siyasi qüvvənin meydana çıxmasında nə xarici qüvvələr, nə də daxili qüvvələr maraqlı deyil. Hakimiyyət müxalifətçilik dönəmində kifayət qədər güclənib. Yəni radikal müxalifətə qarşı mübarizə metodlarını yaxşı bilir. Digər bir tərəfdən, Azərbaycana qarşı beynəlxalq güclər, radikal müxalifət qüvvələrindən təsir faktoru kimi istifadə etməkdədir. Demək olar ki, radikal müxalifət xarici qüvvələrdən asılı vəziyyətdədir. Eyni zamanda, müxalifət qüvvələri böyük bir qismi müxalifətçiliyi dolanışıq mənbəyinə çevirib. Yəni onlar vaxtaşırı QHT-lərin xətti ilə qrantlar alırlar və ayrı-ayrı ölkələr də bu və ya digər birliklərin üzvüdürlər. Onlar həmin ölkələrə gedərək, onların yığıncaqlarında yaxından iştirak edirlər.
Azərbaycanın siyasi səhnəsində müxalifətçiliyin cəlbedici olmaması, yəni 20 il onların fəaliyyətsiz qalmaları fonunda sədrlik kreslosundan bərk-bərk yapışmaları müxalifət düşərgəsinə yeni qüvvələrin gəlməsinə problemlər yaradıb. Əgər müxalifət düşərgəsinə yeni siyasi liderlər gələrsə, partiyaların fəaliyyətlərində ciddi dəyişikliklər baş verə bilər. Demək olar ki, Azərbaycanda kommunikasiya radikallığı var. Yəni burada ayrı-ayrı siyasi qüvvələr bir çox çağırışlar edirlər. Lakin onların bu çağırışları cəmiyyət tərəfindən rədd edilir. Bu isə, birmənalı şəkildə, onların tükəndiyini deməyə əsas verir.
GÜLYANƏ