PDF Oxu

Müxalifət

  • 13

İcazəsiz 2 aprel aksiyası iştirakçıları hökmün oxunmasını qəsdən ləngidir

İcazəsiz 2 aprel aksiyası iştirakçıları hökmün oxunmasını qəsdən ləngidir

Dünən Səbail rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 233-cü maddəsi ilə olan cinayət işi üzrə hakim Famil Nəsibov, dövlət ittihamçısı Ceyhun Kazımov və müdafiə tərəfinin iştirakı ilə icazəsiz 2 aprel aksiyasının təşkilatçıları və iştirakçıları - Arif Hacıyevin, Fuad Qəhrəmanlının, Məhəmməd Məcidlinin və Tural Abbaslının növbəti məhkəmə prosesləri keçirilmişdir. Budəfəki proses müttəhimlərin son sözlərinin dinlənilməsi ilə öz işinə başladı. Xatırladaq ki, məhz sentyabrın 30-da onlara hökm oxunmalı idi. Lakin keçən dəfəki proseslərdə olduğu kimi, bu dəfə də məhkəmə salonunda və binanın çöl hissəsində müxalifət təmsilçilərinin süni ajiotaj yaratmaları diqqətdən kənarda qalmadı...
Məhkəmə zalında "orda oturma, burda otur" imitasiyası

İclasın başlamasına bir neçə dəqiqə qalmış, məhkəmənin keçiriləcəyi zalda ardarda bir neçə maraqlı hadisə baş verdi. Belə ki, salona daxil olan müxalifət təmsilçiləri yer üstündə sanki müharibəyə çıxmışdılar. Yer tapıb oturanlar özlərinə yaxın bildikləri şəxslər üçün əlavə yerlər tutsalar da, bu, digərlərinin xoşlarına getmədi. Bu səbəbdən də onlar arasında narazılıqlar yaşandı.
Müttəhimlər zala daxil olarkən, arxa tərəfdə oturmuş başqa bir müxalifət təmsilçisi "Yaşasın Arif Hacıyev" qışqırdıqdan sonra, heç kim onun bu "qondarma" şüarına əhəmiyyət vermədi. Belə ki, müttəhimlər birbaşa vəkillər masasına doğru getdilər və nədənsə irəlidə otumuş İsa Qəmbərovla, Əli Kərimovla və Pənah Hüseynovla başlarını sallamaqla görüşdülər. Bu isə onların arasında yaranmış soyuq münasibətin təsdiqi kimi dəyərləndirildi. Çünki A.Hacıyev Müsavat başqanlığına rəsmən namizəd kimi irəli sürüldükdən sonra, artıq ikinci haldır ki, İ.Qəmbərov onunla "səmimi qəlbdən" salamlaşmadı və bu fakt salondakıların diqqətindən kənarda qalmadı.

Məhkəmədə də "Facebook"

Məhkəmə boyunca yanımda əyləşmiş bir müxalifətçi gəncin əlindən telefonu yerə düşmədi. Son texnologiyalarla təchiz olunmuş mobil telefon vasitəsi ilə internet səhifəsində "Facebook"a daxil olan bu "zəhərlənmiş" gəncin nə yazdığı istər-istəməz nəzərimizdən yayınmadı. Belə ki, bu şəxs digər müxalifətçilərlə yazışaraq, onlara çağırışlar edirdi. Belə çağırışların isə nə ilə nəticələnəcəyi göz qarşısında-məhkəmədə həll olunurdu. Daha dəqiq desək, həmin şəxs "aksiya" çağırışı edərək, müxalifətə aidiyyəti olmayan insanları məhkəmə binasının qarşısına cəlb etməyə cəhd göstərirdi.

Arif Hacıyev "göydən pul" yağdığını iddia etdi (?!)

İlk çıxış Arif Hacıyevə verildi. A.Hacıyev son söz imkanından istifadə edərək, çıxışına başlamamışdan öncə, kontekstdən kənara çıxdı və xarici təşkilatlara minnətdarlığını bildirdi. Həmin təşkilatların "Freedom House", "Human Rihtch Watç" olduğunu deyən müsavatçı funksioner bu xarici qurumlardan dəstək aldığını etiraf etdi. Belə ki, o, bu təşkilatlarla sıx əlaqədə olduğunu və həmin təşkilatlardan dəstək aldığını gizlətmədi. Bu, bir daha sübut edir ki, A.Hacıyevin pafoslu çıxışları arxasında müəyyən maddi gəlirlərin dayanması şəksizdir. Sonra Müsavatın müttəhim yetkilisi radikal müxalifət qəzetlərinə də "xüsusi təşəkkürlərini" çatdırdı.
Lakin ən maraqlısı isə A.Hacıyevin bu yaxınlarda reket qəzeti kimi qara siyahıya düşmüş "Xural" qəzetinə ayrıca "təşəkkür" bildirməsi oldu. Ümumiyyətlə, dəfələrlə kontekstdən çıxan A.Hacıyevin daha sonra istehza doğrucu sözləri hakimin ona xəbərdarlığı ilə nəticələndi. Və nəticədə A.Hacıyev son sözündə, istəməsə də, bir sıra faktları təsdiqlədi. Belə ki, onların əvvəllər bəyan etdiyi iqtisadi inkişafın və firavan yaşamağın artıq ölkədə əldə edildiyini, "göydən pul" yağdığını vurğuladı. O, hətta nəyə görə həbsdə olduğunu da bildirdi. Yəni etiraf etdi ki, həqiqətən də, ona qarşı irəli sürülmüş ittihamlarla razıdır.

Fuad Qəhrəmanlı və Tural Abbaslı nədən danışdıqlarını özləri də bilmədilər

Növbə Fuad Qəhrəmanlıya çatdıqdan sonra, o, təmtəraqlı şəkildə çıxış kürsüsünə yaxınlaşdı və "odlu-alovlu" nitqə başladı. Gah Monpelyedən, gah da Lüdovikdən danışan "cəbhə" sədrinin müavini özünü publikaya "elmdar siyasətçi" qismində təqdim etməyə cəhd göstərdi. Belə ki, o, vaxtilə Avropada baş verən tarixi inqilabları özlərinin dağıdıcılıq, anarxiya funksiyaları ilə eyniləşdirməyə cəhd göstərən "cəbhəçiyə" də məhkəmə tərəfindən xəbərdarlıq olundu.
Bundan əlavə, məhkəmənin işinə müdaxilə etməyə cəhd göstərən Müsavat başqanı İsa Qəmbərova hakim Famil Nəsibov tərəfindən xəbərdarlıq edildi və o, susaraq yerində oturdu. Eyni zamanda, təqsirləndiilənlər bütün dəlil və sübutlara rəğmən, prokuror Ceyhun Kazımovun Avropa presedentinə istinadların düzgün olmadığını əsaslandırmağa çalışdılar. Lakin onların bu cəhdləri də çox uğursuz alndı. İddialarının əsassız olduğunu görən müttəhimlər sonda hakimdən bəraət istədilər. Məhəmməd Məcidli isə səhhəti ilə bağlı son söz üçün vaxt istədiyindən məhkəmə iclası 3.10.2011-ci il saat 10:30-a qədər təxirə salındı.

RÖVŞƏN
P.S. Növbəti məhkəmə iclası yekunlaşdıqdan sonra, bina qarşısına toplaşmış bir neçə nəfər müxalifətçi şüarlar çağırmağa çalışsalar da, hüquq-mühafizə əməkdaşları onların qanunsuz əməllərinin qarşısını almağa müvəffəq oldu.

Digər xəbərlər