Radikal müxalifətin cəmləşdiyi qondarma "İctimai Palata" da yeni gərginlik anları yaşanmaqdadır. Belə ki, "İctimai Palata"nın oktyabrın 18-nə təyin etdiyi aksiyada hansı partiyaların iştirak edəcəyi və etməyəcəyi hələ də müəyyənləşdirilməyib. Məsələ ondadır ki, oktyabrın 18-də Azərbaycan xalqı böyük coşqu hissi ilə öz dövlət müstəqilliyini bayram edəcək. Bu ərəfədə müxalifətin mitinq keçirmək arzuları bayramla üst-üstə düşməyə bilər. Çünki müxalifət mənsubları çox gözəl anlayırlar ki, xalq onları dəstəkləmir. Əgər aksiya keçirilsə belə, bunun heç bir "müsbət nəticəsi" olmayacaq. Məhz bu yöndə yaranan ziddiyyətlərin ortaya çıxmasında, əslində, P.Hüseynovun da müəyyən rolu mövcuddur. P.Hüseynov "İctimai Palata"nın üzvləri ilə dünən apardığı polemikaların birində iddia edib ki, keçirilməsi nəzərdə tutulan aksiya nəticəsiz qalacaq.
"İctimai Palata"nın Əli Kərimov-İsa Qəmbərov cütlüyü isə əksinə, iddia edirlər ki, həmin gün icazəsiz də olsa, aksiyanın keçirilməsi "labüddür". Onlar bunu xarici ölkələrin diqqətini cəlb etmək üçün "vacibliyini" bildirirlər. Çünki bunu etsələr, müəyyən miqdar gəliri öz hesablarına yatırmağa nail ola biləcəklər.
"Pənah "bəy" bu gün sadəcə "İctimai Palata"nın sıravi üzvü kimi də fəaliyyət göstərmədiyinə görə, aksiyanın keçirilməsində, ya da keçirilməməsində heç bir söz demək hüququ yoxdur"
Həmçinin, onlar iddia edirlər ki, P.Hüseynov artıq "İctimai Palata"nın koordinasiya şurasının üzvü deyil və hər hansı aksiyanın, mitinqin keçirilməsində münasibət bildirməyi düzgün deyil. Belə ki, Müsavat başqanı İ.Qəmbərov deyib ki, P.Hüseynov "Koordinasiya Şurası"nın üzvü olsaydı, onun qərarını nəzər alardıq.
Lakin bu açıqlamanın müqabilində P.Hüseynov da, adekvat cavab verməyi unutmayıb.
"İctimai Palata"nın daxilində istənilən qərarın verilməsi istiqamətində mən də, "söz sahibiyəm" və məni digərlərinin fikirləri qətiyyən maraqlandırmır"
Ən çox Müsavata meyilli şəxs kimi qələmə verilən P.Hüseynov bunu əlində bayraq edərək, İ.Qəmbərovun onun barəsində dediklərinə təəssüfləndiyini bildirib. O bildirib ki, vaxtilə rəhbərlik etdiyi siyasi təşkilatını məhz Müsavat partiyasına "qurban" verib: "İsa "bəy" unutmamalıdır ki, onun hər hansı "nailiyyətlərində" şəxsən mənim də zəhmətim olub. Bu gün "İctimai Palata"nın daxilində istənilən qərarın verilməsi istiqamətində mən də "söz sahibiyəm" və məni digərlərinin fikirləri qətiyyən maraqlandırmır".
Amma sonda belə bir nəticəyə gəlmək mümkündür ki, nə öncələr, nə də ki, bundan sonra radikal müxalifətin daxilində yaranmış gərginliklər nəinki səngiyəcək, o cümlədən, bunun qarşısı alınmayacaq. Hər halda hər hansı bir qərarın verilib-verilməməsində kimin söz sahibi olması yönündə əmələ gələn ziddiyyətləri də buna aid etmək olar.
Rəfiqə Hüseynova