Radikal müxalifətin “formalşmış” xəyanəti
Hər zaman olduğu kimi, radikal müxalifət ünsürləri bu dəfə də öz köhnə ənənələri ilə - xalqın bayram əhval-ruhiyyəsinin, bayram ovqatının kökləndiyi bir zamanda aranı qarışdırmaq istəyirlər. Əslində, hər dəfə də belə olub. Xüsusi əhəmiyyət daşıyan, ölkənin və xalqın önəmli günlərində, bayram hadisələrində müxalifət "liderləri"nin hər hansı bir qərar vermələri bu bayramı pozmağa yönəlmiş addım kimi dəyərləndirilir. Xüsusilə, Müsavat-AXCP (i) cütlüyünün bu yöndə canfəşanlıq göstərməsi artıq heç kimdə təəccüb doğurmur. Xatırladaq ki, 10, 28 may aylarında, eləcə də, digər mühüm bayram tədbirlərində radikal müxalifət düşərgəsi, başda İsa Qəmbərov və Əli Kərimovun bu tədbirlərin baş tutmamasına yönəlik "qərarları" verilir. Bu isə, təbii ki, onların partiyalarına məxsus qəzet səhifələrində - "Yeni Müsavat" və "Azadlıq"da təxribat xarakterli palaz-palaz yazılarda əks olunur. Təəssüf ki, bu dəfə də belədir. Məsələ ondadır ki, "İctimai Palata"nın dövlət müstəqilliyinin 20 illiyi ərəfəsində qəbul etdiyi qondarma qərar da bunu deməyə əsas verir. Onların oktyabrın 18-nə planlaşdırdıqları qondarma "bayram yürüşü mitinqi" də məhz dağıdıcılığa hesablanmış xəyanətkar addımdır. Bu qəzetlərin səhifələrində absurd fikirlərə o qədər çox yer verilir ki, oxucu məəttəl qalır. Məsələn, qeyd olunur ki, "müstəqilliyimizin 20 illiyi ərəfəsi olduğundan ölkədə tikinti-quruculuq işlər aparılır, yeni iş yerləri açılır, maaş və pensiyalar artırılır" və s.
Sözsüz ki, belə düşüncə ilə yanaşmaq normal təfəkkürə malik olmamaqdan irəli gəlir. Yəni bu, ümumilikdə, radikal müxalifətin boş və yararsız düşüncə tərzləridir. Onların bundan sonra hər hansı bir "ağıllı" fikir söyləmələri də, təbii ki, məntiqsiz görünür.
Elə bu baxımdan oktyabrın 18-də "nə isə etmək" kimi xəyallara dalan İsa Qəmbərov - Əli Kərimov cütlüyü son xilaslarını bu vasitə ilə etmək istəyirlər. Hansısa çağırışlar etməklə yenidən xaos və anarxiya toxumları səpməyə çalışan radikal müxalifət ünsürləri bu vasitə ilə xarici dairələrin diqqətini özlərinə cəlb etməyə səy göstərirlər. Görünür, son zamanlar əlləri hər yerdən üzülən müxalifət mənsubları yenidən öz "xilaslarını" bəzi xarici siyasi dairələrdə, o cümlədən, ermənipərəst qurumlarda axtarırlar. Bu isə bir daha həmin "siyasilərin" hansı səmtə istiqamət götürdüklərini yetərincə təsdiqləyir.
Əgər bunlar öz arzularının "reallaşacağını" xəyal edirlərsə, bunun baş verməyəcəyini indidən söyləmək mümkündür. Çünki hər halda xalqın onlarla bir olmadığı yerdə, dövlət maraqlarını üstün tutmağı nəticəsində "İctimai Palata"nın və bu qondarma quruma dəstək verənlərin aqibəti barədə məhz bu cür düşünmək mümkündür. Oktyabrın 18-də isə Azərbaycan xalqı öz dövlət müstəqilliyini böyük coşqu hissi ilə qeyd edəcək, daha radikal müxalifətin keçirməyə cəhd göstərdiyi dağıdıcı aksiyalara xalqınvə ictimaiyyətin qətiyyən marağı yoxdur.
A.Səmədova