PDF Oxu

Müxalifət

  • 7

“Ümid” və VHP-nin əsassız iddiaları “sabun köpüyünə” çevrildi

“Ümid” və VHP-nin əsassız iddiaları “sabun köpüyünə” çevrildi

Artıq bir neçə müddətdir ki, "Ümid" partiyası iddia edir ki, partiyanın DSK-lara təqdim etdikləri nümayəndələrin siyahısında guya dəyişiklik edilib. Əsassız iddialara əsasən, Naxçıvan Muxtar Respublikasındakı DSK-lara onların göstərdiyi nümayəndələrin yerinə başqaları salınıb və bu səbəbdəndir ki, partiyanın MSK-dakı nümayəndəsi DSK-ların formalaşdırılması ilə bağlı məsələ səsə qoyularkən, onun əleyhinə səs verib. Lakin "Ümid" partiyası ilə bərabər, Vətəndaş Həmrəyliyi Partiyası da Naxçıvanda onların namizədlərinin başqaları ilə əvəzləndiyini bəyan edərək, heç bir lüzum olmadan iddialarla çıxış etməkdədir.

Onu da xatırlatmaq yerinə düşərdi ki, Milli Məclisdə azlıqda olan siyasi partiyalar DSK-lardakı yerlərini öz aralarında razılaşdırıblar. Hər DSK-da üç yer siyasi azlıqlar üçün nəzərdə tutulub. Bu da, ümumilikdə, 375 yer eləyir. Bu barədə MSK-dan da mətbuata açıqlama verilib. Belə ki, MSK-nın iclasında yalnız təqdim olunan siyahılar səsə qoyulub. Daha dəqiq desək, ali seçki qurumu siyahıların hazırlanmasına heç bir müdaxilədə bulunmayıb.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, "Ümid" partiyasının ittihamları, əslində, yersiz olmaqla yanaşı, həmin partiyanın səhlənkarlığıdır. Belə ki, DSK-ların formalaşdırılması istiqamətində müzakirələr gedərkən Seçki Məcəlləsi ilə nümayəndə irəli sürmək səlahiyyəti olan bütün subyektlərin təklifləri dinlənilib.Bu barədə MSK-nın BAXCP-dən olan nümayəndəsi Mikayıl Rəhimov da məlumat verib. Onun sözlərinə görə, ayrı-ayrı siyasi partiyaların yerli şöbələrinin təklifləri də öyrənilib. Lakin bu narazılıqların heç bir əsası yoxdur. Yəni məsələ bundadır ki, MSK-dakı siyasi partiyalar arasında DSK-lara nümayəndə təqdim etmək məsələsi bu ilin aprel-may aylarında müzakirə edilirdi:"Lakin bu müzakirələrdə "Ümid"in MSK-dakı nümayəndəsi Akif Qurbanov iştirak etmirdi. Bildirirdi ki, təmsil etdiyi partiya DSK-ların formalaşdırılması məsələsində iştirak etmək niyyətində deyil. Lakin iyulun 16-da gətirib siyahını MSK-ya təqdim edir. Yəni "Ümid" partiyası zamanında DSK-ların formalaşdırılması prosesinə qatılmadıqlarına görə, bəzi dairələrdə təmsilçilik hüququnu itirdi. Naxçıvanda "Ümid" partiyasının dediyi dairələrə digər siyasi partiyaların yerli şöbələrinin təqdimatları əsasında nümayəndələr verildi. Bununla belə, 56 dairədə "Ümid" partiyasının nümayəndəsi var. Yəni DSK-ların formalaşdırılması zamanı hər hansı kənar müdaxilədən danışmaq absurddur".

VHP-nin iddiasına gəlincə isə, bildirilir ki, Naçıvan MR-də adıçəkilən partiyanın yalnız bir nümayəndəsi təsdiq edilməyib. Digər iki nümayəndəsi ilə bağlı problem olmayıb: "Almaz xanım (Almaz Qəhrəmanlı- VHP-nin MSK-dakı nümayəndəsi) Naxçıvandakı DSK-lar üçün 3 nümayəndənin adlarını gətirmişdi. Biz də araşdırdıq və məlum oldu ki, həmin nümayəndələrdən biri Sabir Rüstəmxanlının cangüdənidir. Özü Ordubadda doğulsa da, Bakı şəhərində qeydiyyatdadır. İndi biz Bakı qeydiyyatında olan bir şəxsi necə aparıb Ordubadda DSK-ya üzv qoya bilərik. Bu səbəbdən də həmin o şəxs siyahıdan çıxarıldı".

Nəticədə bir daha bəlli olur ki, DSK-ların formalaşması istiqamətində müxalifət partiyaları tərəfindən irəli sürülən iddiaların heç biri məntiqə sığmır və yalnız şəxsi mənafeləri əks etdirir. Lakin zaman-zaman bu tipli olayların məhz müxalifət partiyaları tərəfindən baş qaldırması, bir daha onu deməyə əsas verir ki, nəinki DSK-ların formalaşmasında, yaxud MSK-ya namizədlərin göndərilməsində, eləcə də, digər seçki instansiyalarında, seçki proseslərində müxalifətin iddiaları heç zaman öz təsdiqini tapmayıb.


R.RƏSULOV

Digər xəbərlər