Dünən Nəsimi rayon Məhkəməsində "İctimai Palata"nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış və icazəsiz aksiya zamanı saxlanılan radikal müxalifətçilərin - Ülvi Quliyevin, Əhəd Məmmədlinin, Elnur Məcidlinin və Rüfət Hacıbəylinin törətdikləri cinayət işi üzrə sonuncu məhkəmə iclasları keçirilib.
Məhkəmədə yuxarıda adları çəkilən şəxslərə hakim tərəfindən hökm oxunub. Məhkəmənin hökmü ilə Ülvi Quliyev 3 il, Əhəd Məmmədli 3 il, Elnur Məcidli 2 il, Rüfət Hacıbəyli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onu da qeyd edək ki, qaldırılan mülki iddialar əsassız hesab edildiyindən, baxılmamış saxlanılıb.
Bir qrup müxalifətçi yenə də icazəsiz aksiya keçirməyə cəhd göstərdi
Belə ki, müttəhimlər məhkəmə zalına daxil olarkən, orada toplaşmış bir qrup müxalifətçi müəyyən vasitələrlə məhkəmə binasında qanunsuzluq törətməyə cəhd göstəriblər. Məhkəmə icraçılarının işə qarışması müqabilində ara sakitləşdirilib.
Lakin məhkəmə keçiriləm zaman çöldə qalan radikallar daha bir dəfə də icazəsiz aksiya keçirməyə cəhd ediblər. Onlar məhkəmə binası önündə müxtəlif şüarlar səsləndiriblər. Hüquq-mühafizə orqanlarının işçiləri onları ərazidən uzaqlaşdırmağa müvəffəq olublar.
Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
RÖVŞƏN RƏSULOV