"Ümid" partiyasının sədri İqbal Ağazadə növbəti dəfə "İctimai Palata" adlı qondarma müxalifət qurumunu bir sıra məsələlərdə ittiham edərək, orada təmsil olunan insanları müxalifətə xəyanətdə günahlandırıb. Sözügedən məsələyə, ümumilikdə, "İctimai Palata" daxilində yaranan fikir ayrılığı və orada təmsil olunan partiyaların guya bir araya gələrək "yeni konfiqurasiya modeli" ilə çıxış etmələri digər müxalifət partiyaları tərəfindən kəskin şəkildə tənqid olunur.
Bu dəfə də adıçəkilən qurumu günahlandıran İ.Ağazadə bütövlükdə əsas baiskarların Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimovun üzərinə yıxır. "İctimai Palata" daxilində baş verən son proseslərə, qarşıdurmalara münasibət bildirən "Ümid" sədri deyib ki, rəhbərlik etdiyi partiyanın "palata"da təmsil olunmaması, eləcə də, digər səbəblərdən həmin quruma ciddi yanaşılmır. O, hesab edir ki, bu təşkilatın içərisində mütəmadi olaraq belə hallar baş verir və müxtəlif partiya maraqları olan adamlarla bitərəflərin maraqları uzlaşmır: "Bu həm də ictimai-siyasi həyatda elə bir önəmli yer tutmur ki, cəmiyyətdə bu istiqamətdə dartışma olsun".
"İctimai Palata" daxilində gedən daxili savaşların ümumilikdə müxalifətə aid olmadığını deyən partiya sədri onu da qeyd edib ki, bu, müxalifətin bir qolu arasında gedən prosesdir: "Bütövlükdə müxalifət daxilində baş verən proses olsaydı, daha maraqlı olardı. Amma müxalifətin bir hissəsi daxilində baş verən proses problemə daha çox oxşayır".
İ.Ağazadə, eləcə də, orada baş verənləri daha öncələr proqnozlaşdırdığını da deyib: "İctimai Palata"nın bu hala düşəcəyi ilə bağlı sözügedən qurumun üzvləri ilə xeyli söhbətlərimiz olub və bunu onların diqqətinə çatdırmışdıq. Qeyd etmişik ki, "İctimai Palata"nın taleyi ilə strategiya, taktika və yürüdülən siyasət bir-birinə adekvat deyil. Əksinə, bir qədər də tərs mütənasibdir. Bugünkü prosesin də nəticəsi ondan doğur".
Lakin maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, "Ümid" sədri bir vaxtlar orada təmsil olunması üçün cəhdlər edirdi. Ancaq o, bunu ayrı cür qələmə verir. Məsələn, deyir ki, guya oradan ona təkliflər gəlib: "İctimai Palata"dan bizə təkliflər olmuşdu. Hətta bu istiqamətdə imzatoplama kampaniyası da aparılmışdı. Biz də təkliflərə baxıb öz mövqeyimizi ifadə etdik ki, bu şərtlər daxilində "İctimai Palata"da fəaliyyət göstərə bilərik. Sonradan onların bizimlə birgə olmağa həvəsləri olmadı, eyni zamanda, bizim də arzu- istəyimiz olmadı ki, orada təmsil olunaq".
Müxalifət düşərgəsində birliyin olmadığını etiraf edən partiya sədri bunu öz ifadələrində də işlədir. Belə ki, İ.Ağazadənin fikrincə, hədəf və məqsədlər dəqiq müəyyən olunmadıqdan sonra birlik yaratmağın heç bir mənası yoxdur: "Hətta bu halda birlik yaransa da, sonra dağılacaq. Əvvəlcədən niyə və hara qədər gediləcək məsələsi müəyyənləşməlidir. Bu olmadan yaranacaq birliyi əvvəlcə iki təşkilat sonra isə digər təşkilatlar tərk edəcək. Bu, Azərbaycanın siyasi tarixində daha çox görünür. Birliklərin adları, bəzən orada təmsil olunan təşkilatlar dəyişir, amma nəticə bir olur".
Rəfiqə