Bu günlərdə Müsavat partiyasının qərargahında "İctimai Palata"nın növbəti qalmaqallı iclası keçirilib. İclas başlamamış ötən dəfə baş verən narazılıq yenidən çözələnib. AXP funksioneri Zəfər Quliyevlə Müsavat üzvü olmayan, lakin Müsavata meyilli olan AXP lideri Pənah Hüseynov arasında növbəti fikir ayrılığının yaranması müşahidə olunub. Səbəb də "İctimai Palata"da irəli sürülən təşəbbüslərlə bağlı olub. Ancaq ilk baxışda "palata"dakılar təşkilatlanma prosesinin getdiyini iddia etsələr də, əslində, bu qurum hər gün dayaqlarını itirməkdədir.
Xüsusilə də, bir sıra rayonlarda "İctimai Palata"nın təşkilatlanması, demək olar ki, hiss olunmadı. Bu prosesə azsaylı Müsavat və AXCP (i) üzvlərindən savayı kimsə qoşulmadı. Mərkəzdə də vəziyyət onların dedikləri kimi deyil. Müsavat və AXCP (i)-nin mövqe savaşı tədricən açıq müstəviyə keçdikcə, "İctimai Palata"nın müstəqil və digər siyasi partiyalardan olan üzvlərinin yığıncaqlara qatılmaqdan imtina etmələri budəfəki iclasda da aydın sezilirdi. Eyni zamanda, hər gün yeni qalmaqallarla üzləşən qondarma qurum vəziyyətdən çıxış yolu tapmaqda açıq-aşkar çətinlik çəkir. Belə ki, "İctimai Palata"dan kənarda qalmış siyasi partiyaların müəyyən qədər hərəkətə keçmələri, keçirdikləri görüşlərdə quruma sərt təpki ilişdirmələri də təsirsiz ötüşmür. Həmçinin, koordinasiya şurasından istefa vermiş AXP "lideri" Pənah Hüseynovun bitib-tükənməyən "layihələri" də "İctimai Palata"nı ziddiyyətlər məngənəsinə çevirib. AXCP (i) üzvləri isə P.Hüseynovun gündə bir "layihə" ilə çıxış etməsini təxribat adlandıraraq, onu qurumu dağıtmaqda günahlandırmağa başlayıblar. Əslində, daha öncə Müsavat yetkililəri belə qənaətə gəlsələr də, "Yeni Müsavat" qəzetində xüsusi imtiyaza və və tribunaya malik olduğu kimsədə şübhə doğurmayan P.Hüseynovla qarşıdurmaya getməkdən çəkinmişdilər. P.Hüseynov isə, onun haqqında deyilənlərin iftira olduğunu bildirərək, müsavatçıların onu sakitliklə "İctimai Palata"dan uzaqlaşdıraraq, yola salmağı planlaşdırdıqlarını söyləyib.
Xüsusilə də, son zamanlar ADP sədri Sərdar Cəlaloğlunun da P.Hüseynovun aktiv müdafiəçisinə çevrilməsi, bir daha təsdiq edib ki, köhnə müxalifətçilər özlərinə məxsus "kursdan" çəkilmək fikrində deyillər. Belə ki, 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı həbs edilmiş P. Hüseynov, "Ümid" sədri İqbal Ağazadə, o zamankı ADP-nin sədr müavini və hazırkı sədri Sərdar Cəlaloğlu və "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun müntəzəm məsləhətləşmələr apardıqları da sirr deyil. Digər bir məqam isə, "Yeni Müsavat"ın P.Hüseynov, S.Cəlaloğlu və İ.Ağazadəyə daima tribuna ayırması da diqqət çəkir. Bu adamlardan sabiq müsavatçı İbrahim İbrahimlinin bəzən keçmiş həbsxana yoldaşlarıyla görüşləri olsa da, hələlik, konkret seçim etmədiyi söylənilir. Belə ki, İ.İbrahimli hazırda AXCP (i) sədri Əli Kərimovu dəstəklədiyini gizlətmir. Digər "köhnə müxalifətçi" - hazırda həbsxana həyatı yaşayan Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyevin isə R.Arifoğluyla bir cinahda olmadığına kimsə şübhə etmir. A.Hacıyevin partiyada kifayət qədər müstəqil olması, onun müəyyən müxalifət klanlarının təsir dairəsinə düşmüş digər müxalifətçilərlə birgə fəaliyyətinə imkan verməyib.
Görünən budur ki, onlar "İctimai Palata"ya alternativ olduqlarını ortaya qoymaqda israrlıdırlar. Bunu "Ümid" partiyasının sədri İ.Ağazadənin bir çox müsahibələrindən müşahidə etmək bir o qədər çətin deyil. Hələlik isə, "köhnə müxalifətçilər" P.Hüseynovdan istifadə edərək, "İctimai Palata"nı labirintə salmağın öhdəsindən müəyyən qədər gəlmiş kimi görünürlər. AXP "lideri"nin koordinasiya şurasına yeni seçki keçirmək təklifinin də yuxarıda adları çəkilənlərin müzakirəsinin nəticəsi olduğu da şübhə doğurmur.
Onu da qeyd edək ki, son zamanlar Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Ə.Kərimovun görüşlərində P.Hüseynovun qondarma qurumda koordinasiya şurasına qayıtmaq istəyinin alt-üst olması üçün yeni planlar cızmaları ilə bağlı xəbərlər yayılmaqdadır. İ.Qəmbərovla Ə.Kərimovun P.Hüseynova qarşı həyata keçirmək istədiyi plan "İctimai Palata"nın bu payızda keçirəcəyi kütləvi tədbirlər zamanı baş tutacağı bildirilir. Hətta o da vurğulanıb ki, P.Hüseynovun koordinasiya şurasına qayıtması ciddi narazılıqla qarşılanıb. P.Hüseynov isə, bildirib ki, koordinasiya şurasındakılar onu dəstəkləyirlər. Hətta P.Hüseynov onu da söyləyib ki, "palata"da təmsil olunan hər kəsə payızda kütləvi tədbirlərə guya ən azı 100 nəfəri cəlb etməsi barədə məxfi göstəriş verib. AXCP (i) və Müsavat rayon şöbələrinə də payızda keçiriləcək mitinqlərdə "kütləviliyi" təşkil etmək tapşırığı verilib".
Ancaq "İctimai Palata"da günü-gündən artan gərginlik bu planın baş tutmayacağını indidən proqnozlaşdırmağa imkan verir. Qondarma qurumun sıralarında təmsil olunanların əksəriyyəti daxili çəkişmələrin nəticəsi olaraq, onun bu qış dağılacağını söyləməkdən çəkinmirlər. Çox güman ki, müxalifətin yeni formatda təmsil olunacağı birlik yaranacaq ki, Müsavat və AXCP (i)-nin üstünlüyü hiss olunmasın. Daha doğrusu, bu partiyalar yaradılacaq ayrı-ayrı birliklərdə də fəaliyyət göstərə bilərlər. Müsavatın yenidən "Ümid", AXP və ADP ilə müttəfiqlik edəcəyi ehtimalı böyükdür. Bu sıraya AXCP (i) ilə barışmazlığını gizlətməyən "KXCP" də qoşula bilər. Bunun baş tutacağı təqdirdə, AXCP (i)-nin bir partiya kimi iflasa uğrayacağının qarşısını almaq mümkün olmayacaq.
Rəfiqə Hüseynova