Seyran Ohanyanın rəhbərlik etdiyi Ermənistan ordusu bu gün MDB məkanında ən zəif silahlı qüvvələrə malikdir. Ermənistandakı silah-sursatın əksəriyyəti Rusiya istehsalıdır. Hətta Rusiyanın xeyli sayda canlı qüvvəsi Ermənistan ordusunda xidmət edir. Hazırlığın zəif olması hər gün Ermənistan ordusunda hərbçinin itirilməsinə səbəb olur.
Bəziləri aclığa-susuzluğa dözməyib intihar edir, bəziləri də zabit-əsgər arasındakı qarşıdurmaya tab gətirə bilməyib ordudan qaçırlar. Erməni hakim dairələri mətbuatdan bunu nə qədər gizlətməyə çalışsa da, belə iyrənc gerçəkliklər, biabırçı hallar qəzetlərdə, saytlarda tez-tez baş verir. Özünü hər zaman "qəhrəman" kimi göstərməyə cəhd edən Ermənistanın "müdafiə naziri" Seyran Ohanyanın ordusunda döyülmə halları, fərarilik, intihar hər il dayanmadan getdikcə artır. Serj Sarkisyan, Seyran Ohanyan kimi hakim dairələr ölkəni tamamilə nəzarətsiz və özbaşına buraxıblar.
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirib ki, işğalçı ölkənin ordusunda vəziyyət hər gün daha da çətinləşdikcə, Azərbaycan dövlətinin ordusu daha da güclənməkdədir: " Azərbaycan Ordusu çox güclüdür. Peşəkar zabit heyətimiz, güclü texnika, silah-sursatımız, mərd, döyüşkən əsgərlərimiz var. İşğalçı ölkənin ordusu zəiflədikcə Azərbaycanın Ordusu daha da güclənməlidir".
Q.Hüseynli vurğulayıb ki, psixoloji cəhətdən də erməni ordusunda vəziyyət çox gərgindir. Hərbi qulluqçuların nizam-intizam qaydaları, maddi və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir, rüşvətxorluq, korrupsiya hallarının sayı artır.
Politoloqun sözlərinə görə, erməni əhalisinin çox ciddi mənəvi-əxlaqi cəhətdən problem yaşaması bütün hallarda işğalçı orduya təsir edir. Çox qısa zamanda, özbaşınalıq, "dedovşina" halları erməni ordusunun axırına çıxacaq. Bu da bir faktdır ki, bu gün rəsmi Yerevanı Azərbaycan Ordusunun gücü və qüvvəsi çox ciddi şəkildə narahat edir. Ermənilər özlərinə təsəlli vermək üçün hər dəfə müxtəlif bəyanatlar səsləndirirlər. Əslində isə, bu, ermənilərin daxilindəki qorxudan irəli gəlir: "Serj Sarkisyan, Seyran Ohanyan kimilərinin yalan, şər, böhtan danışmaq, sərsəm və cəfəng bəyanatlar vermək adətidir. Azərbaycan dövləti haqlı olaraq düşmən tapdağı altında olan torpaqlarının azad olunmasını tələb edir. Ona görə də, ermənilərin bu tipli əhəmiyyətsiz bəyanatları tamamilə beynəlxalq ictimaiyyəti aldatmağa, çaşdırmağa yönəlib. Bu səbəbdən də, ermənilərin hər dəfə boş-boş söylədiyi bəyanatlar qətiyyən heç bir əhəmiyyət daşımır".
2011-ci ildə erməni ordusunda əsgərlərin ölüm halları sayının xeyli dərəcədə artdığını bildirən politoloq qeyd edib ki, bu hadisələrin çoxu döyülmə, zorakılıq və işgəncə yolu ilə baş verib. Bu da, bir həqiqətdir ki, erməni ordusunda hansısa bir əsgəri öldürmək çox asan, yəni su içmək kimi bir şeydir.
Diqqətçəkən bir məqama toxunan politoloq bildirib ki, ermənilər tərəfindən öldürülən 19 yaşlı erməni əsgərinin bədəni üzərində yoxlamalar aparılan zaman aydın olub ki, həmin əsgərin ölümünə səbəb xeyli sayda zərbələr və işgəncə alması hallarıdır.
Q.Hüseynli onu da qeyd edib ki, Ermənistanda zabitlər əsgərlərə sanki bir qul kimi baxırlar. Eyni zamanda, hər bir zabit öz tabeliyində olan əsgəri ən müxtəlif ağır və çətin işlərdə işlətməklə bir növ onlardan istifadə edirlər. Əgər hər hansı bir əsgər zabitin tapşırığını zamanında yerinə yetirməsə, o, şiddətli cəza alacaq. Bu cür hal zabitlərə böyük zövq verir.
Politoloq işğalçı ölkədə tək hərbi sahədə deyil, bütün sahələrdə vəziyyətin çox acınacaqlı olduğunu əlavə edib: " Buna da səbəb təcavüzkar ölkənin işğalçılıq siyasətidir. Ermənistan rəhbərliyi ərazi iddiaları, qeyri-konstruktiv mövqeyi ilə həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur, həm də öz ölkəsini uçuruma aparır".
AYLANA RZAYEVA