Xaricdəki ağalarından dəstək alan radikal dindarlar...
Onların məqsədləri şəriət qanunlarını tətbiq edərək, dövlətçiliyə zərbə vurmaqdan ibarətdir
Ölkəmizdə mövcud olan dini tolerantlıq demokratiya müstəvisində inkişaf etmiş bir çox ölkələr üçün nümunə olaraq qəbul edilməkdədir. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə fəaliyyətinə rəsmi icazə verilməyən bir sıra dini icmaların Azərbaycanda fəaliyyətinə rast gəlmək mümkündür.
Təkcə bu amil bir daha sübut edir ki, ölkəmizdə dini fəaliyyət üçün normal, hətta daha artıq şərait yaradılıb. Yəni dünyəvi-demokratik dövlət olan Azərbaycanda elə şərait yaradılıb ki, müxtəlif dini baxışlı insanlar əmin-amanlıq şəraitində yaşayaraq, rahat şəkildə fəaliyyət göstərə bilirlər. Məhz bu mühüm reallıq zaman-zaman məkrli, anti-Azərbaycan meyilli xarici qüvvələrin əhval-ruhiyyəsini əməlli-başlı pozub. Bu və digər məsələlərə görə də həmin qüvvələr missioner təşkilatlar vasitəsilə bu sabitliyi pozmağa cəlb ediblər. Hətta Azərbaycanda din-dövlət münasibətlərinin korlanması və yaxud dindən istifadə edərək ölkədə sabitliyin pozulması məqsədilə milyonlarla vəsait xərcləməli olublar...
Məlum oldu ki, radikal dindarlar və onların xarici havadarları Azərbaycanda dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, bu məqsədlə özlərinə tərəfdar toplamağa çalışır. Buna nail olmaqdan ötrü isə dünyagörüşü hələ tam formalaşmayan gənclər və məktəblilərdən istifadə edir, onları mömin pərdəsi altında dövlətə qarşı yönəldirlər.
Çox təəssüf ki, prosesin davamlı olması üçün xarici qüvvələr "İslam" partiyasının sədri Mövsüm Səmədovu öz planlarının təsiri altına sala bildilər. M.Səmədov isə öz qohum-əqrəbalarını başına yığaraq iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq və nəhayət, insanları cihada təhrik etmək kimi addımlar atmaqdan çəkinmir. Sözügedən partiya sədri və onun yaxın qohumlarının evindən və iş yerlərindən müxtəlif təyinatlı silah və dini radikalizmi təbliğ edən materialların aşkar edilməsi bir daha təsdiq edir ki, bu şəxslər xarici kəşfiyyat orqanlarının təsiri altına düşüb. Çünki cəmiyyətdə fəal siyasi partiya rəhbəri kimi tanınmayan, özünün şəxsi biznes strukturu olmayan şəxsin bu qədər silah-sursat və dini material əldə etməsi elə də asan məsələ deyil.
Maraqlı məsələ ondan ibarətdir ki, özlərini radikal dindar elan edən şəxslər dərk etmirlər ki, özünü dünyəvi dövlət elan etmiş, demokratik inkişaf yolu seçmiş Azərbaycanda şəriət qanunlarını tətbiq etmək, ölkədə dindar, teokratik cəmiyyət qurmaq qeyri-mümkündür. Artıq Azərbaycan qloballaşan dünyada hüquqi, demokratik inkişaf yolu seçib və bu yoldan onu heç bir qüvvə döndərə bilməz.
RÖVŞƏN NURƏDDİNOĞLU