PDF Oxu

Müxalifət

  • 10

Radikalların yeniləşməsinə ehtiyac var

Radikalların yeniləşməsinə ehtiyac var

Azərbaycanda radikal müxalifət liderləri artıq 20 ilə yaxındır ki, partiya sədrləri kimi fəaliyyət göstəriblər. Amma bu müddətdə ciddi siyasi iradə ortaya qoya bilməyiblər. Bununla yanaşı, onlarda Azərbaycan dövlətinin inkişafı, tərəqqisi, milli və dövlətçilik maraqları ilə bağlı konkret layihə və ideyalar mövcud deyil.

Hazırkı dönəmdə radikal müxalifət partiyalarının ictimai rəydə özünə yer tutmamasında və güc mərkəzi kimi formalaşa bilməməsində ciddi problemlər var. Bu isə ondan qaynaqlanır ki, müxalif partiyaları ölkəmizin qazandığı uğurları, nailiyyətləri görməkdənsə, boş-boş tənqid etməyi, ağı qara fonda görməyi düşünürlər. Əgər hər hansı bir partiya Azərbaycan həyatında ciddi ictimai rəyə təsir edən mövqe tutmaq istəyirsə, mütləq ölkə həyatının inkişafı ilə bağlı çox dərin düşünülmüş proqramları olmalıdır.

"Çox təəssüf ki, bizdə bəzi partiyalar öz fəaliyyətlərini yalnız tənqid, qarşıdurma, "hakimiyyəti necə tənqid etmək üzərində qururlar". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Məntiqsiz, lüzumsuz tənqidlə heç vaxt irəli getməyin mümkün olmadığını vurğulayan M.Qasımlı əlavə etdi ki, əsas məsələ cəmiyyətdə mövcud olan və insanları maraqlandıran problemlərin həlli yollarını axtarmaqdır. Alternativlər mütləq dinc təkamül yoluna xidmət etməlidir. Azərbaycan xalqı artıq qarşıdurmalardan, müxalifətin mənasız bəyanatlarından, çıxışlarından çoxdan bezib. Azərbaycandakı bir çox siyasi partiyalar birləşmək, dövlətin maraqları naminə nə isə etmək əvəzinə biri-biri ilə qarşıdurmaya gedir, biri digərinin ünvanına çox sərt, tənqidedici bəyanatlar səsləndirirlər. Müxalifət partiyaları Azərbaycan dövlətinə ziyan və zərərdən başqa heç nə vermirlər.

"Köhnə partiyaların yeniləri ilə əvəzlənməsi müxalifət partiyalarının fəaliyyətlərində hər hansı bir dəyişikliyə gətirib çıxara bilərmi" sualını M.Qasımlı "Bəli gətirib çıxarar, deyə cavablandırdı: "Əslində, hesab edirəm ki, bu tip məsələlər hər bir partiyanın öz daxili işidir. Amma partiya rəhbərliyində dəyişikliyin olması müəyyən yeniliklərə gətirib çıxa bilər".

Siyasi partiyaların maliyyələşməsi məsələsinə aydınlıq gətirən millət vəkili bununla bağlı dünya ölkələrində müəyyən bir praktikanın olduğunu bildirib. Düşünürəm ki, həmin praktikadan istifadə edilməlidir. Onlardan bir neçəsinə seçkilər nəticəsində parlamentdə yer qazanan partiyaların dövlət büdcəsindən, digərlərinə isə, seçkilərdə topladıqları səsə görə maliyyə ayrılmalıdır. Ölkədə siyasi partiyalar çox ola bilər. Amma partiyanın fəaliyyətinə, güc strukturlarına verilən qiymət bir sıra meyarlarla yanaşı, seçkilərin nəticələrinə görə verilir. Bir sədri olan partiyaların maliyyələşdirilməsinə isə, qətiyyən lüzum görmürəm.

Digər məqama toxunan millət vəkili qeyd edib ki, müəyyən müxalif partiyalar var ki, xarici qüvvələrdən aldıqları yardımlar vasitəsilə maliyyələşirlər. Bunun da fonunda məlum məsələdir ki, həmin xarici ölkələrin istək və arzularını yerinə yetirməli olurlar. Əldə etdikləri həmin məbləğləri isə, heç vaxt dövlətin rifahı maraqlı üçün sərf etmirlər. Əksinə, öz siyasi oyunlarını qurmaq, şəxsi tələbatlarını ödəmək, önəm kəsb etməyən mitinqlərin keçirilməsini təmin etmək üçün istifadə edilər.

M.Qasımlı bunun qarşısının alınmasının çox vacibliyini vurğuladı. Əlavə etdi ki, partiyalar bütün hallarda ianələr və üzvlərdən yığılan maliyə vəsaiti hesabına maliyyələşməlidir. Buna İctimai Şura çox ciddi şəkildə nəzarət etməlidir: "Milli Məclisdə "Siyasi partiyalar haqqında" Qanun qəbul olunarsa, o zaman müəyyən partiyaların xaricdən maliyyələşməsinin qarşısı alınar. Uzun müddətdir ki, "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərin olması ölkəmizdə müzakirə olunur. Bütün sahələr üzrə inkişaf edən Azərbaycana bəzi xarici qüvvələr qısqanclıq hissi ilə yanaşırlar. Ona görə də, bir sıra müxalif partiyaları ələ alaraq onları maliyyələşdirirlər. Azərbaycanda partiyaların az hissəsi ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək gücünə və qabiliyyətinə malikdir. Siyasi partiyaların müəyyən qismi parlamentdə təmsil olunur".

Partiyaların büdcədən maliyyələşməsinin zəruriliyini vurğulayan millət vəkili bildirib ki, bu, bütün demokratik ölkələr üçün vacib amildir.


AYLANA RZAYEVA

Digər xəbərlər