PDF Oxu

Müxalifət

  • 13

ƏSASSIZ İDDİALARIN MƏNTİQSİZLİYİ

ƏSASSIZ İDDİALARIN MƏNTİQSİZLİYİ

Bu gün ölkədə aparılan məqsədyönlü siyasətin uğurlu nəticələri göz qarşısındadır. Azərbaycanın inkişaf tendensiyası ilbəil artır, əhalinin güzəranı, rifah halı yüksəlir və bu yüksəliş özünü bütün sahələrdə göstərir. Təbii ki, bu tərəqqi, bu cür sürətli inkişaf əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurlu davamı, məntiqi nəticəsidir. Prezident İlham Əliyevin bu kursa istiqamətləndirdiyi mütərəqqi siyasət Azərbaycanı nəinki regionda, eləcə də, beynəlxalq aləmdə lider dövlətə çevirib. Artıq ölkəmiz bütün məqamlarda dünyəviliyini, modern baxışlarını, eləcə də, sözünü deyə bilən bir dövlət kimi qəbul olunur.

Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda aparılan düzgün, məqsədyönlü siyasət yalnız beynəlxalq aləmə inteqrasiya xatirinə deyil, eləcə də, xalqın daha yaxşı və firavan yaşamasına hesablanıb. Bütün sahələrlə yanaşı, regionlarımızda da quruculuq-abadlıq işləri görülür, iş yerləri açılır, vətəndaşlar davamlı iş yerləri ilə təmin edilirlər. Eyni zamanda, birmənalı şəkildə demək mümkündür ki, ölkəmizin regionları arasında, həmçinin, kənd və qəsəbələrlə şəhər arasında bütün sahələrdə olan fərq əmsalı tamamilə aradan qaldırılıb. Hətta söyləmək mümkündür ki, Bu mənada, bölgələrin sürətli inkişafı hətta getdikcə iri şəhərləri üstələməkdədir. Bütün bunlar bir fakt, bir sübut kimi xarici ölkələrin Azərbaycana gələn nümayəndələri tərəfindən də dəstəklənir. Azərbaycana, onun bölgələrinə gələn hər bir xarici vətəndaş buraya heyran qalır, bir daha gələcəyini deyir. Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar ölkəmizdə aparılan mütərəqqi siyasətin uğurlu məntiqi, uğurlu nəticəsidir...

Lakin bütün bu nailiyyətlərə baxmayaraq, ölkəmizdə özlərini "siyasətçi" qismində, hamıdan "ağıllı", "kamallı" hiss edən şəxslər də mövcuddur ki, bu tiplər zaman-zaman özlərini siyasi korluğa vuraraq, ağıllarına gələnləri danışırlar. Əlbəttə ki, var olan amilə "yox" deyən bu tiplər "sapı özümüzdən olan baltalar"dır ki, zamanı çatdıqca həmin baltalar özləri-özlərini vurmaqla məhvə sürükləyirlər. Daha dəqiq desək, görünən fakt dostu sevindirsə də, düşməni xar etməkdədir. Xüsusilə də, paytaxtda oturub, bölgələrdə əlaltıları rolunda çıxış edən ucuz təbliğatçılarından istifadə etməklə, radikal müxalif ünsürlər ictimai rəydə ziddiyyətli, aldadıcı fikirlər formalaşdırmağa cəhd edirlər. Və belə cəhdlərin qarşısı əlbəttə ki, alınır. Çünki onlara bu günə qədər heç kim inanmayıb və inanmayacaq da. Lakin bütün bunlara baxmayaraq, çirkin kampaniyalar davam etdirilir, müəyyən məqsədlər güdən belə ləyaqətsiz şəxslər öz ambisiyaları naminə bütün "imkanlardan" istifadə edirlər. Təki kiminsə sifarişini yerinə yetirərək harınlasınlar...


BU DƏFƏ DƏ GƏDƏBƏY...


Məqaləmizin əvvəlində qeyd etdiyimiz kimi, bütün regionlarda gedən inkişaf bu gün Gədəbəy rayonunda da geniş şəkildə gerçəkləşməkdədir. Rayonda aparılan abadlıq-quruculuq işlərinin mütəmadi xarakter alması bölgənin gözəlləşməsinə təkan verir. Amma təəssüflə vurğulamalıyıq ki, son vaxtlar Azərbaycanın bəzi rayonları, eləcə də, Gədəbəy rayonu barədə radikal müxalifət mətbuatında bir-birinin ardınca həqiqətdən uzaq olan, yalnız şər və böhtana əsaslanan məqalələrin dərci geniş xarakter alıb. Müsavat başqanı İsa Qəmbərovun sahibi və ruporu olduğu "Yeni Müsavat" qəzetinin səhifələrində Gədəbəy rayonunun əhalisi, eləcə də, rayon rəhbərliyi haqqında dezinformasiya xarakterli, heç bir dəqiq məlumata əsaslanmayan qondarma informasiyalar yer alır. Belə ki, şər-böhtan xarakterli məlumatlar dərc etməyi özünün əsas fəaliyyət sahəsi hesab edən "Yeni Müsavat" qəzeti Gədəbəy rayonunun Ermənistan kimi yarımvəhşi, işğalçı dövlətlə üz-üzə olduğunu, əhalinin düşmən gülləsi yağışı altında əkin-biçinlə məşğul olub, yaşamaq uğrunda mübarizə apardıqlarının fərqinə varmadan, milli ruhu öldürməyə xidmət edən fəaliyyət yolu seçir. Nədi-nədi, "Yeni Müsavat"ın xəyanətkar şəxsləri, satılmış əməkdaşları rayonda öz şəxsi maraqlarını və iddialarını həyata keçirə bilməyən bəzi işbazlardan sifariş alıblar. Nədir ki, həmin qondarma işbazlar işğalçı düşmənlə mərdliklə üz-üzə qalan bir rayonun gözdən salınması üçün "Yeni Müsavat" "jurnalistlərinə" (dilənçilərinə) qəpik-quruş ötürürlər. Təəssüf və təəccüb doğuran hal ondan ibarətdir ki, həmin "jurnalistlərlə" işbirliyi quranlardan biri də dil pəhləvanı kimi tanınan Nazim Məmmədovdur. Bu şəxs haqqında geniş fikir söyləyib, oxucuları yormaq fikrində deyilik. Görünən dağa bələdçi lazım deyil. Sadəcə, onu vurğulamağı vacib hesab edirəm ki, doğulub boya-başa çatdığın rayonda yaradılan şəraitdən istifadə etməklə milyonlar qazanan insanın öz şəxsi ambisiyalarını həyata keçirə bilmədikdə, radikal ünsürlərlə işbirliyi qurub onların qəzetlərinə rayon haqqında məlumat çatdırmaq heç bir şəxsə başucalığı gətirməz. Yəqin ki, yaxın zamanlarda N.Məmmədov nəinki rayon əhalisi qarşısında, eləcə də, Azərbaycan xalqı qarşısında, cavab verməli olacaq.


BİR DÜŞÜYÜN "MANİFESTİ" VƏ SÜBUTU OLMAYAN "FAKTLAR"


Radikal müxalifət mətbuatının məntiqsiz iddialarına görə, guya Gədəbəy rayon icra hakimiyyətinin rəhbərliyi işlərini-güclərini bir kənara qoyub, Başkənd gölünü kimə satmaq haqqında düşünürlər (?!) Hətta "Yeni Müsavat" qəzetinin yazdığına görə, rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə Başkənd gölünü icarəyə götürən Asif və İdrak adlı şəxslərə sonradan problem yaradıb. Qəzetin fantaziyasında vurğulanır ki, rayon icra hakimiyyətinin başçısının əmisi oğlu, Novo-Saratovka kənd icra nümayəndəsi Cəlal Tomayev sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara süni əngəllər yaradır. Bu yerdə hər kəs üçün aydın olan bir məsələni vurğulamaq yerinə düşər ki, Azərbaycan reallığında yaxın qohumluq soyadların eyni olması ilə bilinir. Əgər doğrudan da, Cəlal Tomayev, həqiqətən də, rayon icra hakimiyyətinin başçısı K.Rzazadənin əmisi oğludursa, bəs onda niyə Cəlalın soyadı Tomayevdir?

Qəzetin digər iddiasına görə, Gədəbəy rayonunun Zamanlı kənd sakini 36 yaşlı Ədalət Hüseynov yaşadığı öz evini rayon icra hakimiyyətinin başçısı K.Rzazadənin qanunsuz əməllərinə etiraz olaraq yandırıb. Yanğın zamanı Ə.Hüseynovun özü həlak olub, arvadı və övladları isə ağır yanıq dərəcəsi alıblar. Bu yerdə bir fikri vurğulamamaq mümkün deyil: "Bu, lap ağ oldu". Hələ dünyada hansısa qanunsuz əməllərə etiraz əlaməti olaraq mənzilində özünü ailəsi ilə birgə yandıran şəxsə rast gəlinməyib. Özü intihar edirsə, ailənin və ya uşaqların nə günahı var? Araşdırmalar zamanı məlum olub ki, (Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayonunun yanğından mühafizə idarəsinin rəyi) ev elektrik naqillərinin qısa qapanması nəticəsində yanıb.

"Yeni Müsavat" qəzetinə ötürülən digər dezinformasiya xarakterli məlumata görə, guya Gədəbəy rayon icra hakimiyyətinin sahibkarlara qarşı törətdiyi qeyri-qanuni əməllərə görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar başlanılıb. Amma tərəfimizdən aparılan jurnalist araşdırması zamanı üzə çıxan fakt ondan ibarət oldu ki, nəinki Asif və İdrak adlı şəxs, ümumiyyətlə, heç bir sahibkar tərəfindən Gədəbəy rayonu ilə bağlı şikayət ünvanlanmayıb. O ki qaldı Başkənd gölü haqqında dil qəhrəmanlarına, eləcə də, ağıllarına deyil, ağızlarına gələni yazan "Yeni Müsavat" qəzetinə xatırlatmaq istərdik ki, Başkənd gölü Ermənistan Respublikasına aid olan ərazidə yerləşir. Onu da qeyd etmək yerinə düşər ki, 1828-ci ilə qədər Azərbaycanın ərazisi olmuş, Türkmənçay sülh müqaviləsindən sonra Ermənistanın tərkibinə verilmiş Başkənd gölü Azərbaycan Respublikası ərazisində anklav bir ərazidir və Ermənistan Respublikası ilə 1 kilometr də olsun sərhədi yoxdur.


NAZİM MƏMMƏDOV RADİKALLARDAN GÖSTƏRİŞ ALIB


Məqalədə digər diqqətçəkən məqam ondan ibarətdir ki, guya keçmiş deputat Nazim Məmmədovu Gədəbəy rayonuna icra hakimiyyətinin başçısı təyin etmək istəyiblər. Amma o, bu təklifi rədd edib. Bu yerdə bir el məsəli yada düşür: "Pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur". Sual olunur: "Nə üçün Yeni Azərbaycan Partiyası kimi ümumxalq partiyanın üzvü olan və bu partiyanın xətti ilə də Milli Məclisə deputat seçilən N.Məmmədov 5-6 ay işsiz qalmağa dözməyib, radikal müxalifət mətbuatı ilə əməkdaşlıq edir, üzləşdiyi problemlərin "Yeni Müsavat" kimi qəzetlərdə dərcinə çalışır. Hətta aradabir həmin qəzet təmsilçilərini evinə dəvət edib onlara palaz-palaz müsahibələr verir, müxtəlif formalarda şəkil çəkdirir".

Onu demək olar ki, əgər sabah Nazim Məmmədov "İctimai Palata" deyilən qondarma quruma üzv olsa, bundan təəccüblənməyə dəyməz. Çünki artıq onun yolu it hürən tərəfədir.

Lakin sonda bir mühüm məqama toxunmağı vacib sayırıq. Belə ki, Gədəbəy rayonunun icra başçısı Kamran Rzazadə uzun illərdir Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri kimi çox uğurlu, müvəffəqiyyətli fəaliyyət göstərib. Fəaliyyəti nəticəsində mühüm işlər həyata keçirməklə yanaşı, rayonun inkişafında müstəsna xidmətləri olub. Xüsusilə, vurğulamaq lazımdır ki, K. Rzazadə YAP Gədəbəy rayon təşkilatı sədrliyinə Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında təyin olunub. Onun bütün fəaliyyəti Ulu Öndərin yürütdüyü siyasətin müdafiəsi və dəstəklənməsindən ibarət olub. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləyən K.Rzazadə Gədəbəydə icra başçısı kimi böyük işlərin reallaşması üçün bütün səylərini səfərbər edərək, rayonun daha da müasirləşməsi, gözəlləşməsi istiqamətində öz səyini əsirgəmir. Rayonun bu günkü inkişafı bütün bu deyilənləri bariz şəkildə təsdiqləyir.

Ancaq sonda bir atalar məsəlini radikal ünsürlərin və onların dəyirmanlarına su tökən Nazim Məmmədov kimilərin yadlarına salmaq istərdik: "yalan ayaq tutar yeriməz" və ya " ibnəliklə oğurluq qırx gün çəkər"...


RƏFİQƏ KAMALQIZI


P.S. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Digər xəbərlər