Radikal müxalifət mətbuatı bu yaxınlarda Müsavat başqanı İsa Qəmbərovun AXCP (i) sədri Əli Kərimovla etdiyi söhbətini dərc edib. Belə ki, Müsavat başqanı "Yurd" şefi ilə danışıq apararkən, israrla ona bildirib ki, bəs o, qocalıb və onunla bir yerdə Ə.Kərimov da qocalıb. Yəni "siyasi fəaliyyətini" yürtməkdə çətinlik çəkdiyini etiraf edən İ.Qəmbərov AXCP (i) sədri Əli Kərimova eyham edib ki, yaxşı olardı, o da qocaldığını etiraf edərək, "çulunu sudan quru çıxarmağa" nail olsun. Lakin İ.Qəmbərovun bu məsləhətini qulaq ardına vuran Ə.Kərimov "lazım gəlsə ölənə qədər partiyanın sədri olaraq qalacaq" fikrini bəyan edib ki...
Amma İ.Qəmbərov təkidlə bildirib ki, Ə.Kərimov da onunla birlikdə siyasətdən getməlidir. Bir sözlə, İ.Qəmbərov cəhənnəmə gedərkən Ə.Kərimovu özünə yoldaş aparmağı planlaşdırıb. AXCP (i) sədri isə bundan imtina edir. Görünür, cəhənnəmə getməyə tələsmir. Amma necə olursa-olsun, axırda onun da yeri məhz ora olacaq...
Lakin ortada digər maraqlı məqam da mövcuddur ki, bu məqam bilavasitə, Müsavat başqanının niyə bu qərara gəlməsidir? Çünki Müsavatın qurultayına az bir müddət qalsa da, o, qurultaydan öncə partiya rəhbərliyindən getməyi qərara alıb. Onun bu fikrindən belə bir nəticəyə gəlmək mümkündür ki, əgər partiyanın qurultayı baş tutsa və İ.Qəmbərov həmin qurultayda başqanlıq postundan istefa versə, bu zaman partiyadaxi anti-qəmbərovçu qruplaşma ondan bu günə qədər olan bütün haqq-hesabları soracaq. O isə arqumentlərin qarşısında aciz qalaraq susacaq. Çünki rəhbərlik etdiyi partiya ilə yanaşı, müxalifət düşərgəsinin parçalanmasında, bir neçə qütbə ayrılmasında onun əməyi az deyil. Eyni zamanda, Müsavata ayrılan külli miqdarda qrantların, maddi vəsaitləri şəxsi mənafeyinə xərcləyən başqan bunların da haqq-hesabını verməyə məhkumdur. Bu baxımdan Müsavat rəhbəri çıxılmaz duruma düşməməkdən ötrü "üzüsulu" qaydada oranı tərk etməyi düşünür.
Onun Ə.Kərimova "daha biz qocalmışıq" ifadəsini söyləməsi də İ.Qəmbərovun Ə.Kərimova məsləhət verməsindən irəli gələn tövsiyəsi kimi qəbul etmək olmazdı. Daha dəqiq desək, Müsavat yetkilisi bu vasitə ilə özünü sığortalamağa cəhd göstərir. Daha Ə.Kərimovun başına nələrin gəlib-gəlməyəcəyi onu qətiyyən maraqlandırmır.
Başqa tərəfdən, belə bir iddia da irəli sürülə bilər ki, İ.Qəmbərov ümumilikdə, özündən sonra müxalifətdə "köhnə qvardiya"dan kimsənin qalmasını istəmir. Məsələn, o, partiya sədrliyindən getsə, radikal müxalifət meydanı Ə.Kərimov üçün açıq olacaq və o, uzun müddətdən bəri olan nakam arzusunu - "ana müxalifətin lideri" olmaq arzusunu reallaşdırmağa nail ola bilər. Və məhz bu arzunun AXCP (i) sədri tərəfindən reallaşdırılmaması üçün İ.Qəmbərov bunun gerçəkləşməsini qətiyyən istəmir. İstəmədiyinə görə də "qocalmışıq" məsələsini gündəmə çıxarmağa səy göstərir. Lakin onun bu günə qədər göstərdiyi bütün səylərinin iflasa uğramasını da xatırlasaq, bəlli olar ki, İ.Qəmbərov bu dəfə getsə birdəfəlik gedəcək və onun getməsi nəticəsində AXCP (i)-də də Ə.Kərimovun getməsi istiqamətində anti-kərimovçu qruplaşmalar tərəfindən müəyyən işlər aparılacaq. Bir sözlə, onların sonuncu söhbətlərinin radikal mətbuat səhifələrində yayılması bunu deməyə əsas verir.
RƏFİQƏ